Tarix Nədir?

Tarix Nədir?

Tarix Nədir?
Tarix nədir? sualına illərlə, əsrlərlə mütəffəkirlər müxtəlif təriflər vermiş, müxtəlif fikirlər söyləmişlər. Məhşur fransız filosofu, maarifçisi Jan Jak Russo bu suala belə cavab vermişdir: “Tarix, oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir bələdçidir”. Amma necə bələdçidir? Onun dediyi bələdçi vicdanlı bir bələdçidir. Daha saxtalaşdırılmış bir tarixə bələdçilik etmir. Bizim tarix də bizə elə bir bələdçilik etməlidir ki, o daima bizimlə olsun, bizimlə yaşasın. Bu məmləkətdə ayaq basdığımız hər yerdə tarix bizimlə olmalıdır. Biz məmləkətimizdə getdiyimiz, ayaq basdığımız yerlərin tarixin belə doğru-düzgün bilmirik. Əgər bilsəydik bu gün Güney Azərbaycanı İran, Dərbəndi Rusiya, Qərbi Azərbaycanı Ermənistan, Borçalını, Qazaxı Gürcüstan orada yaşayan soydaşlarımızı iranlı, rusiyalı, ermənistanlı, gürcüstanlı adlandırmazdıq. Bir millət olaraq bunu bilməliyik ki, tarixən bizim ərazilərimiz olmuş o torpaqlarda yaşayanlar milliyyətcə Azərbaycan türkü bir vətəndaş olaraq azərbaycanlılardır. Onlara elə hiss etdirməyə çalışmalıyıq ki, hansı hakimiyyətlər altında yaşamalarından aslı olmayaraq onlar azərbaycanlılardır və onların bütün problemləri bizim problemlərimizdir. Biz yabancı hakimiyyətlər altında yaşayan soydaşlarımızın bütün problemlərinə biganə qala bilmərik. Biganə qalsaq tarix bizi bağışlamaz. Çünki tarix kainatın vicdanıdır. Heç bir vicdanlı tarix bu biganəliyi bağışlamaz. Heç bir vicdanlı tarix belə tarixi şəxsiyyətlərinə qarşı biganəliyi bağışlamaz. Bağışlasa o tarix olmaz. Ona görə də tariximizi doğru-düzgün öyrənməliyik və ona qiymət qoymağı, ondan nəticə çıxarmağı bacarmalıyıq. Çox təəsüflər olsun ki, halə ki tam nəticə çıxara bilməmişik. Əgər nəticə çıxara bilsəydik bilərdik ki, bu millətin gəncliyi 500 il bundan qabaq nəhəng bir dövləti Səfəvilər dövlətini yaratmışdı, bu millətin gəncliyi Şərqdə ilk Demokratik Cümhuriyyəti quran bir gənclik idi. Gənclik idi ki, ilk dəfə qadına seçki hüququ verirdi, o gənclik idi ki, Xosrov Bəy Sultanovun başçılığı altında Qarabağda erməni-daşnaqları məğlub edib Qarabağ zəfərini bu millətə bəxş etmişdi. Bu millətin gələcəyi də,xilası da gəncliyinə bağlıdır. O gənclik ki, 2700 illik dövlətçilik ənənəsi olan bir gənclikdir. O gənclik ki, hər bir çətinliyə sinə gərib müstəqil bir dövlət yaratdı. Bu gün bu müstəqil dövlətin memarları da gənclikdir. Gənclik nəyə qadirdir sualını verən Almas İldırımın bu misraları unutmamalıdır.

Bir nöqtə istinadgah verilsə,

Bir çiv ilə çevirərdim dünyanı.

Mən deyirəm od gəmirən gənclik mənə verilsə,

Bir vuruşla devirərdim dünyanı

Gənclik budur. Tariximizə nəzər yetirsəniz görərsiniz ki, Şah İsmail Xətai, Nadir Şah Əfşar, Məhəmməd Əmin Rəsulzadə, Nəsib Bəy Yusifbəyli, Nağı Bəy Şeyxzamanlı və digər görkəmli tarixi şəxsiyyətlərimiz oda gəmirən gəncliyi ovuclarına almışdılar. Bu gənclik ilə müstəqil bir dövlətin təməllərini atmağa və onu inkişaf etdirməyə nail olmuşdular. Bir sərkərdə yetişdirdiyi ordusuna necə güvənirsə bizim tarixi şəxsiyyətlərimiz də öz yetişdirdikləri ordularına eləcə güvənirdi. XX əsrdə Cümhuriyyətin qurucularından milli mücahid, ziyallılarımızdan biri Nəsib Bəy Yusifbəyli də o güvəncdən aldığı cəsarət sayəsində məhdud gənclik qüvvəsi ilə Azərbaycanda 100 mindən çox rus əsgəri ilə savaşmış və düşməni məğlub etmişdi. O, bu yoldan Azərbaycan istiqlalını hazırlaya bilmişdi. Baxın gənclik belə olar milli şüuru, tarix şüuru olan mübariz bir gənclik. Onlar ona görə bunlara nail olmuşdular ki, onlar tarixlərin doğru-düzgün başa düşürdülər. Tarix daima özləri ilə bir hesab edirdilər. Tarix daima onlarla idi. Tarix şüuru olan millətlər hər şeyə qadirdir. Tarix şüuru Hüseyin Nihal Atsızın dili ilə desək millətlərin yaddaşı, hafizəsidir. Tarix şüuru bir milli müdafiə silahıdır. Hansı millətdən düşmənlik görmüşük? Hansı rejim faydalı və ya təhlükəlidir? Necə şəxslər yaxşılıq və pislik edə bilərlər? Budur bütün bunların cavabını tarix şüuru verir. Əvvəlki nəsillərimiz məhz bunları bilib, dostu düşməndən seçməyi bacaran, milli şüuru olan bir nəsil idi. Düzdür o nəsillərin də səhvləri olurdu lakin onlar heç vaxt düşmənə boyun əyməyən, namussuzluğa əl atmayan bir nəsil idi. Deyə bilərlər ki, əvvəlki nəsillər din üstündə bir-biri ilə müharibə aparan, qardaş qanı axıdan bir nəsil olmuşlar. Unutmayaq ki, əvvəlki nəsillərin ideologiyası islamçılıq olmuşdur. Lakin Şah İsmail Xətainin dövlət dilinin türk dili elan etməsinin, Şah Abbasın türkcə danışan hər bir qonağına xüsusi hörmət göstərməsi, bu dili üstün tutması onların necə dövlət başçısı olduğunun sübutudur. Hətta Nadir Şah tarixdə ilk dəfə olaraq şiə-sünni mübahisəsini bir kənara qoyub böyük Türk birliyi qurmaq üçün Osmanlı sultanına müraciət etdiyi də tarixdə bir fakt olaraq qalır. Lakin bu gün tarixçilər Nadir Şahı qəddar, Şah İsmail Xətaini şiə-sünni qardaş qırğını törətdiyini yazır. Hətta ən böyük türkçü, milliyyətçi olan Hüseyin Nihal Atsız 1965-ci ildə Ötükən dərgisində ” Böyük bir səhv” adlı məqaləsində yazır: “Fəqət Türk zəfərləri arasında “Otluqbeli” və “Çaldıran”ın da yadd edilməsi milli şüur baxımından bağışlanması imkansız bir cinayətdir”.

Tariximiz yazılarkən o milli ideyaya xidmət etməlidir. Ona görə xidmət etməlidir ki, yeni nəsillər tariximizi doğru-düzgün başa düşsün. İndiki dövrdə buna çox ehtiyacımız var. Tarix bizim üçün bir nağıl kitabı, quru faktlar kitabı olmamalıdır. Sadəcə onu düzgün oxuyub bu günlə müqayisə edib nəticə çıxarmaq lazımdır. Tarix özünü sağlam düşüncəyə sahib olan hər bir insana öyrədir. Tarix bizə millətçiliyi irqçilik kimi deyil, insan varlığının müdafiəsi kimi, dini fanatiklik, cahillik kimi deyil, əxlaqa doğru aparan bir yol kimi öyrədir. Tarix bizə demir ki, həddən artıq humanist olun, sənə qarşı hər şeyi ilə mübarizə aparana qarşı, insanına zülm edənə qarşı mərhəmətli, humanist ol. Bunu deyən tarix tarix olmaz. O, sadəcə bir romantik ədəbiyyatdan başqa bir şey deyil. Necə ki, Viktor Hüqo məhşur “93-cü il” romanında Fransa burjua inqilabı dövründəki ölkədəki vəziyyəti belə təsvir edirdi. Romanda Simurden obrazı qılınc respublikasını, Hoven isə mərhəmət və ağıl respublikasını tələb edir. Simurden üçün ədalət, Hoven üçün isə mərhəmət hər şeydən üstündür. Romanın axırında Simurdenin özünü öldürməsi isə mərhəmətin terrora qalib gəlməsi deməkdir. Lakin bu real tarixi tam əks etdirən bir tarix yox, romantizimi, yazıçının öz xəyalına uyğun yaratdığı bir tarixi əks etdirən əsər idi. Əgər həqiqətən də Fransa burjua inqilabı dövründə mərhəmət qalib gəlsəydi, Fransada nə 9 termidor, 18 brümer çevrilişləri olardı burjuaziyanın hərbi diktaturası qurulardı nə də Napoleon Bonapartın diktaturası qurulardı. Hətta dünyada ilk fəhlə höküməti 1871-ci ildə Fransada (Paris Kommunası) qurulmasına, ideyalalarının yaxşı olmasına rəğmən Viktor Hüqo deyirdi: “Mən Kommunanın prinsipini qəbul edirəm. Lakin, mən onun şəxsiyyətlərini qəbul etmirəm”. Bu da Hüqonun yaratdığı romantik bir tarixdir. İnsanlar romantik bir tarixə deyil, real olan tarixə inanmalıdır. Əgər romantik bir tarixə, o tarixdə ideoloqların yaratdığı cənnətə inanırsa buyursun tarixin gedişin dəyişsin!!!



Cavid Bayramov


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.