Bayraq

Milli kimliyimiz-üç rəngli bayraq

 

Üç rəngli bayraq

Bayraq – hər bir dövlətin kimliyini, düşüncə tərzini və inanclarını özündə əks etdirir.  Üç rəngli bayrağımız öz ideyasını 1895-ci ildə Əli bəyin məşhur türkləşmək, müasirləşmək və islamlaşmaq fikrindən götürüb. İlk dəfə 3 rəngli bayraq rəsmən   Azərbaycan Xalq Cumhuriyyəti dövründə qəbul olunmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunan bayraq indiki Türkiyə Cumhuriyyətinin bayrağına bənzər qırmızı rəngdə olub.  Fərq isə yalnız ulduzların guşələrinin sayında olub.Belə ki, Türkiyə bayrağında ulduzun guşələrinin sayı 5, Azərbaycan bayarağında isə 8 guşəli təsvir edilmişdir. Nə səbəbdən məhz türk bayrağına bənzərlik? Çünki, Azərbaycanı bolşeviklərdən xilas edən Türk ordusunun şərəfinə, türkçülüyümüz əsas götürülərək, 1918-ci ildə dövlət bayrağımız Osmanlı bayrağı ilə eyni müəyyən edildi. Lakin sonradan hökumətin başcısı Fətəli Xan Xoyski Azərbaycanın qədim tarixi yolunu nəzərə alaraq, bayrağın dəyişdirilməsi məsələsini qaldırdı. Türkçülük, Avropa mədəniyyəti və İslamçılıqla əlaqədar bayraqda üç rəngin həkk olunması təklif edildi. Beləliklə, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da AXC hökumətinin qərarı ilə qəbul edildi.

Aypara və səkkizguşəli ulduz

Bayraqdakı aypara türk xalqlarının simvoludur. Osmanlı türklərinin vaxtında ay işarəsi Konstantinopolun gerbi idi. İkinci tərəfdən, ay həm də təqvim kimi götürülürdü. İslamda buna Qəməri təqvimi deyilir. Osman Qazinin vaxtında türklərdə türk təqvimi deyilən sistem var idi. Yəni hər səkkiz ildən bir üç dəfə ayın təqvimini 2-ci, 5-ci və 7-ci ilin ilk ayında bir gün geri çəkirdilər. Bunu isə ayın bərabərləşməsi məqsədilə edirdilər. Yəni ildə 365 günün alınması üçün belə addım atılırdı. Ay təqvimi müsəlmanlıq, səkkizguşəli ulduz isə 8 illik təqvim mənasını verir. Tədqiqatçılardan bir qismi düşünür ki, ay orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla ulduzun bir yerdə olması isə xoşbəxtlik rəmzidir. Səkkizguşəli ulduzun mənasını bəzən  "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlayanlar da var. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılırdı. Digər versiyaya görə, həmin ulduz "Odlar Yurdu" deməkdir, yəni bunu ərəb əlifbası ilə səkkiz hərfə yazmaq mümkündür. Hətta Cəfər Cabbarlının şeirlərində də bu söhbətə rast gəlinir.Həmçinin Səkkizguşəli ulduz  "cənnətin səkkiz qapısı" anlamında da izah olunur. 

Bayrağın müasir dövrdə keçdiyi yol

Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.  1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti   "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa  Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını da qəbul etmişdir.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" əsasnamə

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

         2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü  kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Dövlət Bayrağı paytaxtın müxtəlif nöqtələrindən görünür. Bayraq dayağının hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetrdir. Dövlət bayrağının çəkisi 350 kiloqram, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Ən son texnologiyaların tətbiqi nəticəsində ucaldılmış bayraq dirəyi 58 m/san (209 km/saat) sürətli küləyə davam gətirə bilər.

Ginnes  rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir.

Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır.  Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar da vardır.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir.

Azərbaycan bayrağına

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

 

Cəfər Cabbarlı

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.