Tarix fənni üzrə inteqrasiya

Tarix fənni üzrə inteqrasiya

Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (kurikulumları)” sənədi və onun əsasında hazırlanmış Azərbaycan tarixi üzrə təhsil proqramı (kurikulumu) fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan məsələləri öyrənməli olurlar. Onlar çox vaxt cəmiyyətdə və öz kollektivlərində baş verən proseslərlərdən baş çıxara bilmirlər. İnteqrativ kurrikulum isə fənn sahələrinin kombinasiyasını özündə əks etdirməklə şagirdi obyektə deyil, subyektə çevirir. Burada təhsilin məqsədinə hadisə və təzahürləri öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik və konsepsiya səviyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.

Digər fənn təhsil proqramları (kurikulumları) kimi Azərbaycan tarixi fənni üzrə təhsil proqramında (kurikulumuda) biliklərin fənlər vasitəsi ilə təşkil olunmuş konsepsiyasına əsaslanır. Bu yanaşmaya görə şagird məktəbdə tədris olunan fənlər vasitəsi ilə müxtəlif sahələr üzrə seçilmiş məzmunu öyrənməli və tətbiq etməyi bacarmalıdır. Azərbaycan tarixinin inteqrativ kurikulumu aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:
-təlimin fəal cəlbedici və əyləncəli olması;
-çoxlu hissələrə bölünməməsi;
-məzmununun sadə, əhatəli və anlaşıqlı olması;
-fənlərinin sayının çox olmaması (iki, üç və dörd fənn);
-eyni konsepsiyanın iki müxtəlif fəndə öyrənilməsi;
-təlimin müxtəlif mərhələlərinin əlaqələndirilməsi (şaquli inteqrasiya);
-yüksək nailiyyət səviyyəsinin və intellektual bacarığın inkişafının situmullaşdırılması.

Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixinin məzmunu yüksək dərəcədə inteqrativdir. Çünki hər növbəti tarixi mərhələnin hadisə və təzahürləri müəyyən dərəcədə əvvəlki hadisələrlə bağlıdır və ondan asılıdır. Buna görə də şaquli inteqrasiya prinsipi gözlənilmədən tarixi gedişi anlamaq mümkün deyildir. Həmin prinsipin gözlənilməsi Azərbaycan tarixi fənninin əsas xüsusiyyətlərindən biridir. Digər tərəfdən, Azərbaycan tarixi ölkəmiz ərazisində yaşamış və yaşayan insanların həyatının bütün sahələrini və təzahürlərini əhatə etdiyi üçün onun başqa fənlərlə, başqa bilik sahələri ilə yüksək bağlılığı vardır. Buna görə də Azərbaycan tarixi fənninin hər mərhələsində üfiqi inteqrasiya gözlənilməlidir. Bu şagirdlər tərəfindən fənnin məzmununun mənimsənilməsinin zəruri şərtlərindəın biridir. Azərbaycan tarixinin tədrisində iki tip inteqrasiya tətbiq etmək məqsədəuyğundur. Birinci tipə fənn daxilində (şaquli və üfiqi) inteqrasiya, ikinci tipə isə fənlərarası (üfiqi) inteqrasiya daxildir. Birinci tip inteqrasiya özündə aşağıdakı modelləri birləşdirir:
-fraqmentləşdirilmiş (hissələrə bölünmüş) inteqrasiya;
-əlaqəli inteqrasiya;
-Sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya.
Təhsil proqramının (kurikulumun) ənənəvi planlaşdırma və təşkili modeli olan fraqmentləşmiş intiqrasiya digər fənnlərdə olduğu kimi, Azərbaycan tarixində də müstəqil tədris sahəsidir. Ümumi orta və tam orta təhsil səviyyələrində Azərbaycan tarixi ayrıca fənn kimi tədris olunur. Bu modeldə fraqmentlənmə olmasına baxmayaraq, Azərbaycan tarixi fənni daxilində tədris prioritetlərini sistemli təşkil etmək, üst-üstə düşmə və yüklənmə hallarını azaltmaq üçün inteqrasiya mövzularının, bacarıqların və konsepsiyaların sıra ilə qeyd olunması və dəyərləndirilməsi ilə başlana bilər. Məsələn, VII sinifdə “Albaniya Erkən orta əsrlərdə” və “Atropatena Erkən orta əsrlərdə” mövzuları bu qəbildəndir. Belə ki, Erkən orta əsrlərdə Albaniya və Atrpopatena Sasanilər imperiyasının tərkibində olduğundan onların hər ikisində baş vermiş hadisə və təzahürlərdə oxşarlıq çoxdur. Bu mövzuların inteqrasiyası şagirdlərə Azərbaycan tarixinin həmin dövrünü tam halda dəyərləndirməklə yanaşı, hadisə və təzahürlər arasında oxşar və fərqli prosesləri müqayisə edərək səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək imkanı verir. Bu inteqrasiya modeli məzmun, konsepsiya və bacarıqların şaquli əlaqələndirilməsinin sadə forması da ola bilər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən “Ərəb xilafəti dövründə sosial-iqtisadi və siyasi vəziyyət” mövzusunda verilmiş məzmun, konsepsiya və bacarıqlar VIII-X siniflərdə iqtisadi məsələlərlə bağlı mövzuların tədrisi zamanı əlaqələndirilir. Əsas torpaq mülkiyyəti formaları kimi divan, iqta, mülk, vəqf və icma mülkiyyəti anlayışları bütün siniflərdə müvafiq mövzularda öyrənilir. Onlar haqqında əvvəllər əldə olunmuş bilik və bacarıqlara istinad etməklə şagirdlər daha ətraflı bilik və bacarıqlar əldə etmək, müqayisələr aparmaqla torpaq mülkiyyəti formalarında baş vermiş dəyişiklikləri izləmək və onların səbəb və nəticələrini müəyyənləşdirmək imkanı əldə edirlər.
Əlaqəli inteqrasiya modeli Azərbaycan tarixi fənni daxilində diqqəti mövzulara, bacarıqlara və konsepsiyalara yönəldir. Bu modeldə fənn daxilindəki mövzular, bacarıqlar və konsepsiyalar arasındakı əlaqələr aydın şəkildə qurulur. Məsələn, insanlar arasında bərabərsizliyin yaranmasının nəticəsi olaraq sosial qrup və təbəqələrin meydana çıxması ilk dövlət qurumlarının və dövlətlərin yaranması ilə, onlar da öz növbəsində xalqın fiziki və mənəvi varlığının qorunması üçün tariximizin bütün mərhələlərində müstəqil dövlətçiliyə malik olmaq, onu qorumaq və möhkəmləndirmək uğrunda mübarizə, son nəticədə isə dövlətçiliyin inkişafı, Şərqdə, bütün türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqələndirilir. Bu modelin üstünlüyü ondadır ki, hər bir sinifdə, hər bir təhsil mərhələsində dövlətçilik və onun qorunması konsepsiyası əlaqələndirilir, sistemləşdirilir və genişləndirilir. Bu da öz növbəsində fənn daxilində mövzuların və bacarıqların əvvəlkilərə istinad olunaraq yenidən nəzərdən keçirilməsinə və mənimsənilməsinə gətirib çıxarır.
Sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) modelə çox vaxt “yuva” modeli də deyirlər. Azərbaycan tarixinin inteqrativ kurikulumunda bu modeli açıq şəkildə əlaqələndirmələrin və ya kombinasiyaların qurulması yolu ilə tətbiq etmək mümkündür. Bu modelin tətbiqi əsas diqqətin fənnin daxilində çoxşaxəli bacarıqlara (sosial bacarıq, düşünmə bacarığı və məqsədyönümlü bacarıq) yönəldilməsinə şərait yaradır. Məsələn, müəllim sasanilərin, ərəblərin və monqolların Azərbaycan torpaqlarına köçürmə siyasətini şagirdlərin diqqətində saxlamaqla yanaşı, Rusiya hakim dairələrinin erməniləri Azərbaycanın şimal torpaqlarına köçürməsi siyasətinin doğurduğu demoqrafik siyasi və iqtisadi problemlərin onlar tərəfindən müəyyənləşdirilməsinə, o dövrə aid sənədlərin təhlili əsasında “Azərbaycan torpaqlarına köçürülmələr: nəticə və reallıqlar” mövzusunda esse yazılmasına nail ola bilər. Bu modelin tətbiqi eyni vaxtda müxtəlif sahələrə diqqətin yönəldilməsinə, əhatəli və məqsədyönümlü bilik əldə olunmasına şərait yaradır.
İnteqrasiyanın ikinci tipi fənnlər arasında tətbiq olunur. Bu zaman Azərbaycan tarixinin ümumi orta və tam orta təhsil pillələrində Ana dili, Oxu, Riyaziyyat, Ümumi tarix, Coğrafiya, Kimya, Biologiya, Həyat bilgisi, Musiqi və nəğmə, Təsviri incəsənət fənləri ilə inteqrasiyası mümkündür. Azərbaycan tarixinin inteqrativ kurikulumunda fənlər arasında inteqrasiyasının aşağıdakı modellərini tətbiq etmək mümkündür:
-ardıcıl (sıralanmış model);
-ümumi (ortaq model);
-zəncirvari (hörülmüş) model.
Azərbaycan tarixinin inteqrativ kurikulumunda Ümumi tarix ilə inteqrasiyası daha çox ardıcıl (sıralanmış) modelin tətbiqi nəticəsində mümkündür. Bu fənlərdə çoxlu oxşar bölmələr və mövzular vardır ki, onlar ayrı-ayrılıqda tədris olunur. Lakin onları elə planlaşdırmaq olar ki, (bunun üstün cəhəti həmin fənlərin eyni müəllim tərəfindən tədris olunmasıdır) əlaqəli konsepsiyalar, biliklər, bacarıqlar eyni çərçivədə yaranır və eyni vaxtda öyrənilir. Bu cür inteqrasiyasının həyata keçirilməsi üçün kurikuluma dair sənədlərdə məzmun hökmən balanslaşdırılma-lıdır. Azərbaycan tarixi və Ümumi tarix fənləri üzrə oxşar mövzular əsasən aşağı-dakılardır: “İbtidai dövr”, “İlk dövlət qurumları”, “Manna dövlətinin xarici siyasəti” ,”Urartu və Aşşur ilə münasibətlər”, “Azərbaycan ərazisində İskit padşahlıği”, “Azərbaycan torpaqları Midiya və Əhəməni imperiyalarının tərkibində”, “Atropatena və Albaniyanın Roma işğallarına qarşı mübarizəsi”,“Albaniya və Atropatena Erkən Orta əsrlərdə”, “Azərbaycan Ərəb xilafətinin tər-kibində”, “Azərbaycan Böyük Səlcuq, Monqol və Hülakü imperatorluqlarının tər-kibində”, “Əmir Teymurun və Toxtamışın Azərbaycana yürüşləri”, “Azərbaycan Əfşar və Qacar imperatorluqlarının tərkibində”, “Azərbaycan Birinci və İkinci Dünya müharibələri illərində”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-2006-cı illər)”, Azərbaycanın neft strategiyası” və s. Bu zaman fənlər ayrı olsa da, biliklər, konsepsiyalar və bacarıqlar əlaqəli şəkildə öyrənilir.
Ümumi model iki müxtəlif fənni vahid istiqamət üzrə bir araya gətirir. Bu modelin də Azərbaycan tarixindən inteqrativ kurikulumda tətbiqi imkanı genişdir. Ümumi model üzrə yanaşmaya əsasən inteqrasiya apara bilmək üçün fənn müəllimləri təlim prosesinə fənlərarası mövqedən yanaşaraq fənbirləşmə yığıncaqlarında əsas konsepsiyaları, bacarıq və dəyərləri müəyyənləşdirirlər. Bu daha çox Azərbaycan tarixi və ədəbiyyat fənlərinin tədrisində mümkündür. Məsələn, ədəbiyyat müəllimi “Kitabi-Dədə Qorqud” dastanının təhlilini bir konsepsiya kimi seçə bilər. Bu yolla ədəbiyyat və tarix müllimləri komanda formasında fəaliyyət göstərərək şagirdlərə ümumi cəhətləri göstərə və ümumi əlamətləri müəyyənləşdirmə prosesinə kömək edə bilərlər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən “Türk tayfalarının Azərbaycan xalqının təşəkkülündə rolu” mövzusunu tarix və ədəbiyyyat müəllimləri komanda şəklində tədris edə bilərlər. Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış ikinci və üçüncü etnik axınlar tarix müəllimi tərəfindən şərh olunduqdan sonra ədəbiyyat müəlliminin istiqamətvericiliyi ilə şagirdlər belə bir nəticəyə gəlirlər ki, ikinci etnik axın zamanı Azərbaycana gələn türk mənşəli hun tayfaları ilə yanaşı oğuz türkləri daha çox üstünlük təşkil etmişlər. Bu mühüm tarixi faktı təsdiq edən ən etibarlı yazılı mənbə isə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanın ayrı-ayrı boylarından məlum olur ki, xalqımızın soykökündə duran güclü və nüfuzlu Ağqoyunlu və Qaraqoyunlu tayfaları VI əsrin sonu-VII əsrin əvvəllərində Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən tutmuş Zəncanadək uzanan tarixi Azərbaycan torpaqlarının müxtəlif bölgələrində məskunlaşmışlar. “İslam dininin Azərbaycanda yayılması” mövzusunun tədrisi zamanı da ümumi modeldən isitfadə etmək mümkündür. İnteqrasiya olunmuş model Azərbaycan tarixinin inteqrativ kurikulumunda fənlərarası mövzuların üst-üstə düşən konsepsiyaları və onların məlum olan xüsusiyyətləri əsasında tətbiq olunur. Bu model ortaq (ümumi) modellə oxşardır. Lakin model elm sahələri üzrə üst-üstə düşən bacarıqlar, konsepsiyalar və dəyərlər üzərində qurulur. Bu model fənn sahələrini sinergetik birləşdirir, yəni bir fənn üzrə biliklər digər fənndən ayrılmır, bölünmə yalnız fərqləndirilən məzmunun və ya anlayışın tədrisində baş verir. Bu model inteqrasiya fənlərinin məzmunundan əlaqəli fikirləri seçib ayırmaq nəticəsində yaranır. Azərbaycan tarixindən inteqrasiya olunmuş modelə uyğun gələn müəyyən dərs nümunələri vardır. Onlara “Azərbaycanın neft strategiyası” (Azərbaycan tarixi, kimya və biologiya müəllimləri tərəfindən aparılır) və “Xəzər dənizi və onun problemləri” (Azərbaycan tarixi, coğrafiya və biologiya müəllimləri tərəfindən aparılır) mövzularını misal göstərmək olar.Söylənilən mülahizələri nəzərə alaraq müəllimlərə kömək məqsədi ilə Azərbaycan tarixi üzrə fəndaxili və fənlərarası inteqrasiya cədvəlini təqdim edirik:
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya
Tarix fənni üzrə inteqrasiya



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.