Peyğəmbərimiz

Peyğəmbərimiz

 

Məhəmmədin anadan olduğu il adətən eramızın 570-ci ili sayılır. Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Məhəmməd altı yaşında olarkən ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Məhəmmədə babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.
On iki yaşında ikən Məhəmməd Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olmayaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Məhəmmədə silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Məhəmmədin bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir.
 
Gənclik dövrü
Məhəmməd (s.a.s) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Məhəmməd Xüvəylid ibn Əsədin qızı, varlı dul qadın Xədicənin yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Məhəmməd Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıq nəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Məhəmmədin xristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Məhəmmədin təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda bu dinlərin bir-birini inkar etməsi, onların "yolu azmaq", "səhv yol ilə getmək" haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Məhəmmədə Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar.

Peyğəmbərimiz

 

Ailə həyatı
595-ci ildə Məhəmməd Xədicə ilə evlənmişdir. Həmin vaxt Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Məhəmmədlə Xədicənin qarşılıqlı məhəbbəti dillərə düşmüşdür. Məhəmmədin bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Məhəmmədə kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Məhəmməd bunun müqabilində Xədicəyə böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.
Xədicənin Məhəmməddən daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Məhəmməd hörmətlə "Əbül-Qasim" (Qasımın atası) adlandırılmışdır. İkinci oğlu Abdullah da körpə yaşında ikən ölmüş, Məhəmmədin Zeynəb, Ruqiyyə, Ümm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.

Peyğəmbərimiz

 


Hirə dağında Peyğəmbərə ilk vəhyin nazil olduğu mağara
Məhəmməd 40 yaşında ikən dini düşüncələr və axtarışlar onun həyatında getdikcə daha çox yer tutmağa başlamışdı, o bəzən bütün asudə vaxtını bunlara sərf edirdi. Hələ yeniyetməlik dövründə onun daxilində baş qaldıran ruhi həyəcan misli görünməmiş dərəcədə şiddətlənmişdi, çox vaxt əsl sarsıntı vəziyyətinə keçirdi. O getdikcə daha tez-tez vəcdə gəlir, gözünə anlaşılmaz surətlər görünür və qulağına hələlik o qədər də başa düşmədiyi səslər gəlirdi. Məhəmməd tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib (xüsusən gecələr) öz dini düşüncələr edirdi. Belə məqamaların birində Məhəmməd insanlara həqiqi sözü – Allahın sözünü oxumağı başlamaq haqqında ona əmr verən mələyi qəflətən aydın görmüşdür[2]. Bu hadisə Məhəmmədi o qədər sarsıtmışdı ki, o, uzun müddət dərin ruhi düşkünlük vəziyyətində qalmış, onu belə vəziyyətdən çıxaran da həmin mələk olmuşdur. Mələk ona Allahın sözünü adamlara çatdırmağı yenidən əmr etmişdir[3].
Məhəmmədi birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan Xədicə, öz əmisi oğlu Əli (Əbu Talibin oğlu) və oğulluğa götürdüyü Zeyd olmuşlar. Tezliklə adlı-sanlı Məkkə taciri Əbu Bəkr, onun ardınca isə Osman, Təlhə və Əbdürrəhman da ona iman gətirmişlər. Məhəmmədin tərəfdarlarının sayı əvvəlcə 50 nəfərdən artıq olmayan, əsasən onun qohum-əqrabasından ibarət olan dəstəsi Məkkə cəmiyyətinin qalan hissəsinin, ilk növbədə də nüfuzlu qüreyşlilərin aşkar ədavətinə, demək olar, düşmən münasibətinə rast gəldi. Onun tərəfdarlarının on bir nəfərininin (ailəlikcə) Həbəşistana təcili köçməsi də bunu kifayət qədər aşkar sübut edir.

Peyğəmbərimiz

 

Davamçıları
Öz mərdliyi, ciddiyyəti və səmimi fədakarlığı ilə şöhrət qazanmış Həmzə və Ömər yeni dini icmaya qoşulanda bu icmanın mövqeyi xeyli möhkəmləndi. Bununla birlikdə qüreyşilərin həmin icmaya və ilk növbədə onun imamı Məhəmmədə düşmənçiliyi artdı. 610-cu ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi bütpərəst cəmiyyəti ilə yeni təkallahlı dinin – Məhəmmədin fəal təbliğ etməyə başladığı islam dininin tərəfdarları arasında ardı-arası kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə Xədicənin və bundan bir qədər, yəni iki ay sonra Əbu Talibin vəfatı mübarizənin kəskinliyini artırmışdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən, öz qəbiləsi tərəfindən demək olar tamamilə tərk edilən Məhəmməd Məkkədən təqribən yüz kilometr şərq tərəfdə yerləşən Taifdə kömək axtarıb tapmağa çalışdı, lakin müvəffəqiyyətsizliyə uğradı.
Peyğəmbərə kömək əslində gözləmədiyi yerdən – əvvəlcə Yəsribdən, daha doğrusu Yəsribin Xəzrəc və Ovs qəbilələrindən gəldi. Həmin qəbilələrin on iki nümayəndəsi hər il Məkkəyə ənənəvi ziyarətə gələn bütpərəstlərin illik zəvvarlıq mövsümlərinin birində Məhəmmədlə görüşmüş, onun təlimini qəbul edib, ona sadiq qalacaqlarına və yardım göstərəcəklərinə and içmiş və buna görə də sonralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə bu and içmə təkrar edilmiş, lakin bu dəfə and içmə mərasimində Məhəmmədin yetmiş yəsribli tərəfdarı iştirak etmişdi. Həmin andiçmədə onlar Məhəmmədə söz verdilər ki, onunu dininə riayət etməklə yanaşı, həm də bu dini həyatları bahasına qoruyacaqlar. Məhəmmədə tamamilə aydın oldu ki, islam ideyaları Yəsribdə olduqca əlverişli zəmin tapmışdır. Buna görə də o, Yəsribdə məskən salmağı qərara aldı. Belə bir qərarın qəbul edilməsi təkcə Məhəmmədin təbliğ etdiyi ideyalara yəsriblilərin bəslədikləri sədaqətlə deyil, həm də onunla bağlı idi ki, Məhəmmədin tərəfdarları ilə birgə aşkar cismani cəza gözləyirdi.
Əvvəlcə Məhəmməd təliminin sədaqətli tərəfdarları (onun əshabələri) ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və qüreyşilərdən xəlvəti olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən ilk müsəlmanlardan (mühacirlərdən) sonra isə Məhəmməd özü də ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrətini etdi. 622-ci il iyulun 26-da baş verən həmin hadisə müsəlman erasının başlanğıc nöqtəsi, rəsmi müsəlman təqviminin başlanğıcı oldu.
53 yaşlı Məhəmmədin köçdüyü şəhər sonradan Mədinə (Peyğəmbərin şəhəri) adlandırılacaq. Yəsribə köçməsi onun ictimai statusunu kökündən dəyişdirdi. O, yeni dinin mübəlliğindən, dini nəsihətçidən və çəkindiricidən sözün tam mənasında adamlara ilahi qanunları çatdıran Allah elçisinə (Allahın Rəsuluna) çevrildi. Adamlar yer üzündəki həyatlarında onun söylədiyi qanunlara riayət etməli idilər. Müsəlmanların həyat tərzi və yeni dinin başlıca ayinləri haqqında bütün əsas göstərişləri də Məhəmməd öz peyğəmbərliyinin məhz Mədinə dövründə yaratmışdır.
Məhəmmədin ətrafında birləşmiş mühacirlər və ənsarlar Mədinədə öz icmalarını – ümməti yaratdılar. Ümmət Ərəbistan yarımadasında o vaxtadək ənənəvi olan qəbilə-tayfa birliklərindən fərqli olaraq qan qohumluğu əsasında deyil, eyni dini təlimə mənsub olmaq əsasında qurulmuşdu. Bu icma teokratik təşkilat idi, Məhəmməd eyni zamanda icmanın həm dini, həm də dünyəvi başçısı rolunu oynayırdı. Bu icma Məhəmmədin dinini qəbul edənlərin hamısı üçün əslində açıq idi. Hicrətdən bir neçə il sonra Mədinənin bütün ədəb əhalisi (daha doğrusu, bütpərəst əhalisi) Məhəmmədin icmasına daxil olmuşdu.

Peyğəmbərimiz

 


Hicrətin ikinci ili Məhəmməd qibləni dəyişdirdi, namaz qılarkən üzü Qüdsə tərəf deyil, Məkkədəki Kəbə məbədinə tərəf tutmağı əmr etdi. Bu tədbir təkcə yəhudi mədinəlilərə qarşı getdikcə daha da şiddətlənən mübarizənin nəticəsi deyildi: o, həm də Məhəmmədin ən mühüm strateji məqsədini – bütün Qərbi Ərəbistanın baş dini mərkəzi olan Məkkəni tabe etdirmək məqsədini ifadə edirdi. Məhəmmədin məkkəlilərə qarşı təşkil etdiyi iqtisadi müharibə də həmin məqsədə xidmət edirdi. 624-cü ildə bu zəmin üzərində Bədr kəhrizləri yaxınlığında əsl hərbi çarpışma baş verdi və çarpışmada məkkəlilər məğlubiyyətə uğradılar. Lakin onlar 625-ci ildə Uhud dağı yanında Mədinə qoşununu məğlub etdilər, 626-cı ildə isə öz karvan yollarını mədinəlilərin təhlükəsindən tamamilə qurtarmaq məqsədilə onlara qəti zərbə endirməyə cəhd göstərdilər. Məkkəlilər bədəvi tayfaları və Mədinədən sürgün edilib Xeybərdə sığınacaq tapmış yəhudilərlə ittifaq bağlayıb Mədinə icmasına qarşı böyük yürüşə başladılar. Məhəmməd ağıllı hərəkət edib açıq çarpışmadan çəkinməyi, lakin Mədinəni uzunmüddətli müdafiəyə hazırlamağı qərara aldı. Bu məqsədlə şəhərin ətrafında xəndək qazıldı və oxatanlar bu xəndəkdə oturub düşməni gözləməyə başladılar. Ərəbistan yarımadasında əvvəllər məlum olmayan, məkkəlilərin başlıca qüvvəsini təşkil edən bədəvi süvarilərinin döyüş imkanlarını ciddi surətdə məhdudlaşdıran bu yeni taktika məkkəliləri çaşbaş saldı. Şəhərin bilavasitə hücumla alınması baş tutmadı. Çoxlu yağış yağan və soyuq şimal küləkləri əsən sərt qış şəraitində şəhərin mühasirəyə alınması uzun çəkdi və onu mühasirədə saxlayanlar üçün əziyyətli oldu. Məkkəlilərin düşərgəsində didişmələr başlanmışdı. Məkkəlilərdən asılı vəziyyətdə olduqlarına görə bədəvilər adətən onlara nifrət bəsləyirdilər. Bundan məharətlə istifadə edən Məhəmmədin diplomatiyası düşmən cəbhəsində didişmələri daha da şiddətləndirdi. Məhəmmədin elçiləri güclü tayfa olan Qətəfan qəbiləsinin dəstələrinin başçıları ilə gizli danışıqlar apardığına görə bədəvilər nəticə etibarı ilə mühasirəçilərin cəbhəsini tərk etdilər. Onların getməsi Mədinənin mühasirəsini perspektivsiz işə çevirdi və mühasirə ləğv edildi. Beləliklə, Məhəmməd çox mühüm qələbə qazandı. Bu qələbə onun Mədinədəki icmasının daha sıx birləşməsinə, eləcə də yeni bədəvi tayfalarının bu icmaya qoşulmasına səbəb oldu.
Hicrətin altıncı ilində Məhəmmədin qüvvələri ilə onun düşmənlərinin qüvvələrinin nisbəti elə idi ki, məkkəli qüreyşilərin hakim mövqe tutan başçıları mövcud problemləri qarşılıqlı güzəşt əsasında həll etmək üçün Məhəmmədlə bərabər hüquqlu danışıqlar aparmağa məcbur oldular. Məsələn, Hüdeybiyyədə yazılı surətdə çox vacib bir saziş təsbit edildi. Sazişə görə, məkkəlilər sonrakı il Mədinə müsəlmanlarının Kəbəni maneəsiz ziyarət etməsinə imkan verəcəklərini vəd etməklə yanaşı, həm də öhdəlik götürdülər ki, zəvvarlar Məkkədə olacaqları müddətdə (3 gün) şəhəri tərk edəcəklər. Mədinəlilər isə söz verdilər ki, bundan sonra məkkəlilərin karvanlarına basqın etməyəcəklər. 628-ci ildə mühacirlər və ənsarlar Kəbəni ziyarət edəndə məkkəlilər bir daha şəxsən yəqin etdilər ki, Məhəmməd bütün Qərbi Ərəbistanın dini mərkəzi kimi onların şəhərinin nüfuzuna qətiyyən xələl vurmur. Eyni zamanda Qərbi Ərəbistanda məkkəlilərin siyasi nüfuzu dönmədən zəifləməkdə idi. Belə bir şəraitdə Məkkə rəhbərliyinin ən uzaqgörən nümayəndələri başa düşdülər ki, Məhəmmədin icması ilə əlaqələri daha da genişləndirib möhkəmləndirmək yaxşı olar. Hələ son vaxtlara qədər müsəlmanların Mədinədəki icmasına qarşı mübarizəyə başçılıq edən məkkəlilərdən birini – çox nüfuzlu Əbu Sufyanın faktik surətdə Məhəmmədin tərəfinə keçməsi xüsusilə əlamətdar və vacib hadisə idi.
630-cu ildə Məkkə vuruşmasız Məhəmmədə təslim oldu. Məhəmməd şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi başlıca vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayılmaqda olan islam dininin mərkəzinə çevrildi. Kəbə isə oradakı bütün çoxallahlılıq bütləri və rəmzləri (Qara daş istisna olmaqla) nümayişkaranə dağıdıldıqdan sonra yeni dinin baş ziyarətgahına çevrildi, onun ziyarət edilməsi (Həcc) yeni dinin beş dayağından biri elan edildi. Məkkəlilərin özləri Məhəmmədin icmasına sadəcə olaraq müsəlmanlar kimi, yəni özlərini itaətkarcasına Allaha və onun elçisinə təslim edən adamlar kimi deyil, möminlər kimi, yəni Allaha və onun elçisinə ürəkdən və etibarlı surətdə iman gətirənlər kimi qəbul edildilər. Beləliklə, öz dini statuslarına görə məkkəlilər faktik surətdə mühacirlər və ənsarlara bərabər tutuldular ki, bu da onlara müsəlman icmasının bütün işlərində tam ixtiyar sahibi kimi fəal iştirak etmək üçün geniş imkan açırdı.
Məkkəlilərin bu icmaya daxil olması onun bədəvi tayfalarına təsirinin möhkəmlənməsində və həmin tayfalar arasında islam dininin daha da yayılmasında, şübhəsiz, mühüm rol oynadı.
 
Ömrünün sonları
Məkkənin təslim olmasından sonrakı il, hicrətin doqquzuncu ili ərəb-müsəlman tarixinə "elçiliklər ili" kimi daxil olmuşdur. Rəvayətə görə, bütün Ərəbistanın bədəvi tayfaları həmin il Məhəmmədə tabe olduqlarını və onun dinini qəbul etməyə hazır olduqlarını bildirmək üçün bir-birinin ardınca Mədinəyə səlahiyyətli nümayəndələr göndərməyə başlamışdılar. Lakin həmin rəvayətdən belə aydın olur ki, bu proses əslində heç də sadə və rəvan getmirdi. Məsələn, Taifdəki Səqif qəbiləsi Həvazin tayfası ilə ittifaqa girib hətta Məhəmmədin tərəfdarlarının birləşmiş Mədinə-Məkkə icmasına qarşı açıq silahlı mübarizəyə qalxmağa cəhd göstərmiş, lakin Hünəyn vadisində müsəlmanlar və onlarla müttəfiq olan bədəvi tayfaları tərəfindən tamamilə darmadağın edilmişdi. Bu qələbədən sonra müsəlmanlar çətinlik çəkmədən Taif şəhərini ələ keçirdilər və orada ilk növbədə yerli ilahə əl-Latın ziyarətgahını dağıtdılar.
Hünəyn vuruşması və onun ardınca Taif üzərinə yürüş Məhəmmədin ömrünün axırıncı iki ilində baş vermiş ən iri hərbi əməliyyatlar olmuşdur. Əsasən Ərəbistanın şimalında bəzi digər ərazilərin itaət altına alınması daha kiçik yürüşlərin köməyi ilə təmin edilmişdi.
Hicrətin onuncu ilində, müqəddəs zilhiccə ayının 8-də (632-ci ilin mart ayında) Məhəmməd bütün ailəsinin müşayiəti ilə Məkkənin müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollandı. Bu "Böyük Həcc" (əl-Həcc əl-əkbər) tarixə Hiccət əl-Vida (Vidalaşma Həcci) adı ilə daxil olmuşdur. Bu tədbir islam dininin mərkəzi kimi Məkkənin rolunu qəti surətdə təsdiq etdi. Həmin vaxtdan sonra Məkkə bütün qeyri-müsəlmanlar üçün haram sayılan müqəddəs şəhərə, müsəlmanların həcc mərasimi yerinə çevrildi. Bütün sonrakı əsrlər ərzində həcc mərasiminə sözsüz və ciddi əməl edilmişdir və indi də bu mərasim zilhiccə ayının 8-dən 12-nə kimi vaxtilə Məhəmmədin öz vidalaşma həccinə yollandığı şəkildə təkrar edilir.
Vidalaşma həccindən üç ay sonra, 632-ci ilin iyun ayında Məhəmməd vəfat etdi. Mədinə şəhərində, evində vəfat etdiyi həyat yoldaşlarından Aişə binti Əbu Bəkirin evində dəfn olundu.

 

Peyğəmbərimiz

 

Ailəsi

Atası
Abdullah ibn Əbdulmutəllib
Anası
Aminə
Qardaşları
yoxdur
Bacıları
yoxdur
Həyat yoldaşları:
Xədicə binti Xuveylid
Sevda binti Zəma
Aişə binti Əbu Bəkir
Hafisə binti Ömər
Zeynəb binti Xuzeymə
Hind binti Əbu Umeyyə
Zeynəb binti Caş
Cüvəyriyə binti əl-Həris
Reyhanə binti Zeyd
Səfiyə binti Hüyey
Ramlə binti Əbu Süfyan
Mariya əl Qıbtiyyə
Məymunə binti əl-Həris
Oğlanları
Qasım
Abdullah
İbrahim
Qızları
Zeynəb
Ruqiyyə
Ümmü Gülsüm
Fatimə

Peyğəmbərimiz

 



Qurandakı peyğəmbərlər
Adəm • Şeys • İdris • Nuh • Hud • Saleh • İbrahim • İsmail • İshaq • Lut peyğəmbər • Yaqub peyğəmbər • Yusif peyğəmbər • Əyyub peyğəmbər • Şüeyb peyğəmbər • Musa peyğəmbər • Harun peyğəmbər • Davud peyğəmbər • Süleyman peyğəmbər • Yunis peyğəmbər • Zəkəriyya peyğəmbər • Yəhya peyğəmbər • İsa peyğəmbər • Məhəmməd peyğəmbər
 

Peyğəmbərimiz

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 yanvar 2015 15:49
    ALLAH RAZI OLSUN

  2. 25 yanvar 2015 16:49
    Tamamile raziyam,Melisa. lol Meqaleye gore sag ol,Nurri. love
    Sitat: Melisa Can
    Bu xeberi oxudum profilime giriw elemzden evvel.Nurri,coxsagoL.Gozel tewebbusdu,Allah tazi oLsun.Ancag mueyyen sefler vardi.En esasi ise Mehemmed yox Hz.Muhammed(s.e.s) ve Fatimeyi ZeHra anamiz deye yazmag daha duzgundu mence.Tewekkurler.

  3. 26 yanvar 2015 13:21
    Meqale cox goxeldir

    --------------------

  4. 6 fevral 2015 21:19
    Cox sagol qardasim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.