İmam Rza(ə.s.)

İmam Rza(ə.s.)
"Uyuni-əxbarir-Riza" kitabında bu barədə belə yazılmışdır: "İmam Riza (ə) Məmunun yanına (Mərv şəhərinə) gəldikdə Məmun xüsusi vəziri Fəzl ibn Səhlə əmr edir ki, o Həzrətlə elmi bəhs və müzakirə etmək üçün böyük məsihi katolikosu, yəhudilərin böyük alimi Rəsül-calut, sabiilərin başçıları,zərdüştilərin böyük alimi Hürbüzi-əkbər və böyük məsihi alimi romalı Nəstos kimi digər din nümayəndələrini və eləcə də, əqaid elminin bütün alimlərini saraya çağırsın. Fəzl ibn Səhl Məmunun göstərişini yerinə yetirir. Onlar gəlib toplaşdıqda Fəzl Məmunun yanına gəlib deyir ki, onların hamısı gəlmişdir. Məmun deyir: "Onları çağır, gəlsinlər." Onlar gəldikdən sonra Məmun hamısına xoş gəldin dedikdən sonra bildirdi: "Mən sizi xeyir bir iş üçün bura dəvət etmişəm. İstəyirəm ki, Mədinə əhli olan və yenicə bura gəlmiş əmioğlumla münazirə edəsiniz. Sabah hamınız bir nəfər kimi mənim yanıma gəlin." Hamısı bir ağızdan dedi: "Gözümüz üstə, itaət edirik. Sabah tezdən hamımız sənin yanına gələcəyik." Həsən ibn Səhl Nofəli deyir: "Biz İmam Riza (ə) ilə oturub söhbət edirdik. Birdən o Həzrətin xadimi Yasir içəri daxil olub dedi: "Məmun sizə salam çatdırıb dedi ki, qardaşın sənə fəda olsun, bütün din və məzhəblərdən nümayəndələr, əqaid elminin alimləri yığışıb münazirəyə gəlmişlər. Əgər razısansa, zəhməti qəbul edib sabah bizim yanımıza gəl və onların sözlərini dinlə, əgər razı deyilsənsə, mən israr etmirəm.
İstəyirsən biz sizin hüzurunuza gələk, bu bizim üçün çox asandır." İmam Riza (ə) kiçik, lakin mənalı bir cümlə ilə buyurur: "Mənim salamımı ona çatdırıb de ki, nə istədiyini bilirəm, Allah qoysa, səhər tezdən sizin hüzurunuza gələcəyəm." İmam Riza əleyhissəlamın dostlarından olan Nofəli deyir: "İmamın xadimi Yasir getcək o Həzrət mənə baxıb buyurdu: "Sən İraq əhlisən, iraqlılar diqqətli və huşlu olurlar, bu barədə nə fikirləşirsən? Məmunun nə planı var ki, kafirləri və müxtəlif məzhəblərin alimlərini bir yerə toplayıb?" Mən dedim: "Yəqin sizi imtahana çəkib elmi səviyyənizin nə dərəcədə olduğunu bilmək istəyir. Ancaq tutduğu iş çox əsassızdır. And olsun Allaha ki, o, həddən artıq pis bir işdən yapışmışdır." İmam (ə) buyurdu: "O, nə plan çəkib!" (Hələ İmam Riza əleyhissəlamın elmi məqamının böyük bir mərtəbədə olduğunu anlamayan və Məmunun bu hərəkətindən vəhşətə düşən) Nofəli deyir: "Əqaid elminin alimləri bidətçi və İslam alimlərinin düşmənləridirlər. Əsl alim həqiqəti danmaz, bunlar isə həqiqəti də danıb inkar edirlər. Allahın birliyinə dair sübut gətirdikdə deyirlər ki, biz bu sübutu qəbul etmirik. Deyəndə ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Allahın Peyğəmbəridir, deyirlər ki, sübut et! Bir sözlə, (onlar təhlükəli adamlardır...) adamı çaşqınlığa salır və o qədər şübhəli sübutlar gətirirlər ki, axır adam məcbur olub öz dediyindən əl çəkir. Qurbanın olum, bunlardan özünü gözlə." İmam Riza (ə) təbəssüm edərək buyurur: "Nofəli, qorxursan ki, birdən mənim sübutlarımı inkar edib məni çıxılmaz vəziyyətə salalar?" (Öz dediyindən peşiman olan) Nofəli dedi: "Yox, Allaha and olsun ki, mən heç vaxt sənin üçün qorxmamışam. Ümid edirəm ki, Allah səni onların hamısına qalib edəcək." İmam Riza (ə) buyurdu: "Nofəli, Məmunun öz işindən nə vaxt peşman olacağını bilmək istəyirsən?" Nofəli "Bəli" deyə cavab verir. İmam Riza (ə) buyurur: "Məmun mənim Tövrat əhli üçün Tövratdan, İncil əhli üçün İncildən, Zəbur əhli üçün Zəburdan, sabiilər üçün İbrani dilində, zərdüştilər üçün fars dilində, Roma imperiyasından gələnlər üçün öz dillərində və müxtəlif məzhəblərin nümayəndələri üçün də öz dillərində sübut gətirdikdən sonra bu işindən peşiman olacaq. Bəli, hər dəstənin gətirdiyi sübutu ayrı-ayrılıqda batil (inkar) etdikdən sonra, mənim dediklərimi qəbul etdikdə Məmun əyləşdiyi xəlifəlik kürsüsünə layiq olmadığını anlayacaq. Onda artıq Məmun peşiman olacaq. Əzəmətli Allahın köməyindən başqa heç bir qüvvə yoxdur." Nofəli deyir: "Səhər olcaq Fəzl ibn Səhl İmam Riza əleyhissəlamın hüzuruna gəlib dedi ki, əmin oğlu (Məmun) səni gözləyir, camaat hamısı oradadır, bu barədə fikrin nədir? İmam Riza (ə) buyurdu: "Sən məndən qabaq get,mən də Allah qoysa gələcəyəm." Sonra durub dəstəmaz aldı, səviq şərbəti içib bizə də verdi. Biz də ondan içdik. Sonra da birlikdə yola düşdük. Nəhayət, Məmunun sarayına gəlib çatdıq. Məclis tanınmış və görkəmli şəxslərlə dolu idi. Məhəmməd ibn Cəfər (İmam Sadiqin (ə) oğlu və İmam Riza (əleyhissəlamın əmisi) də Bəni-Haşimdən olan bir dəstə camaat və bəzi ordu başçıları ilə birlikdə orada əyləşmişdi. İmam Riza (ə) içəriyə daxil olanda Məmun ayağa qalxır. Onun ardınca Məhəmməd ibn Cəfər və bütün Bəni-Haşimdən olanlar da ayağa qalxdılar. O Həzrət Məmunla bir yerdə oturdu, ancaq qalanlar Məmun oturmaq icazəsi verənə qədər ayaq üstə qaldılar. Məmun bir qədər o Həzrətlə şirin-şirin söhbət etdikdən sonra üzünü məsihi katolikosuna tutub deyir: "Ey katolikos! Bu, mənim əmim oğlu Əli ibn Musadır (İmam Riza əleyhissəlamdır). O, bizim Peyğəmbərimizin qızı Fatimə (səlamullahi əleyha) və Əli ibn Əbutalib əleyhissəlamın övladlarındandır. Mən çox istəyirəm ki, onunla bir bəhs edəsən. Bəhsdə ədaləti də unutmayasan." Katolikos deyir: "Ey Əmirəl-möminin! Mən onunla necə bəhs edim? (Axı biz müştərək bir fikrə gəlməmişik.) O, elə bir kitabdan sübut gətirəcək ki, mən onu qəbul etmirəm və elə bir peyğəmbəri qəbul edir ki, mən ona iman gətirməmişəm."
Katolikosla bəhs Bu vaxt İmam Riza (ə) sözə başlayıb buyurur: "Ey məsihi! Əgər sizin öz İncilinizdən sübut gətirsəm, qəbul edərsənmi?" Katolikos deyir: "İncilin buyurduğunu inkar edə bilərəmmi? Bəli, hətta mənim zərərimə də nəticələnsə, qəbul edəcəyəm." İmam Riza (ə) buyurur: "Elə isə nə istəyirsənsə, soruş, cavabını verim."
Katolikos: "İsa (ə) və onun kitabı barədə nə deyirsən? Bu iki şeydən hansınısa inkar edirsən?"
İmam Riza (ə): "Mən İsa əleyhissəlamın Peyğəmbər olmasına, onun kitabına (İncilə), ümmətinə müjdə verdiyi və həvarilərin etiraf etdiyi bütün şeylərə inanır və onları qəbul edirəm. Lakin Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbərin peyğəmbərliyinə inanmayan,onun kitabı olan Quranı qəbul etməyən, onun haqqında ümmətinə müjdə verməyən İsanı qəbul etmirəm..."
Katolikos: "Qəzavət zamanı (məhkəmə zamanı) iki ədalətli şahiddən istifadə etmirsinizmi?"
İmam Riza (ə): "Edirik."
Katolikos: "Elə isə onda öz məzhəbinizdən olmayan və şəhadətləri məsihilər tərəfindən qəbul edilən iki nəfəri Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər olmasına şahid gətir. Eyni zamanda biz də öz məzhəbimizdən olmayan iki nəfəri şahid gətirək."
İmam Riza (ə): "Sən tamamilə ədalətə riayət etdin. Ədalətli və İsa ibn Məryəm əleyhissəlamın nəzdində hörmətli sayılan bir şəxsi qəbul edirsənmi?"
Katolikos: "Bu ədalətli şəxs kimdir belə, adını de görək."
İmam Riza (ə): "Yuhənna Deyləmi barədə nə deyirsən?"
Katolikos: "Bəh-bəh! O, Həzrət Məsihin yanında ən sevimli şəxs olmuşdur."
İmam Riza (ə): "Səni and verirəm, de görüm İncil Yuhənnanın "İsa (ə) mənə ərəb olan Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) dini haqqında xəbər verib özündən sonra belə bir peyğəmbərin gəlişi ilə müjdə verdi. Mən də öz növbəmdə onu həvarilərə müjdə verdim, onlar da ona iman gətirdilər" cümləsini bəyan edibmi?"
Katolikos: "Bəli! Yuhənna Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) haqqında belə bir rəvayət söyləyib və İsa əleyhissəlamdan sonra bir nəfərin Peyğəmbər olacağı, onun Əhli-beyti və canişini haqqında müjdə verib, ancaq bunun nə vaxt olacağını deməmiş və onların adını çəkib bizlərə tanıtdırmamışdır."
İmam Riza (ə): "Əgər İncili oxuya bilən, orada Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm), onun Əhli-beyti və ümməti barədə olan ayələri qiraət edən bir şəxsi gətirsək, ona inanarsınız?"
Katolikos: "Əlbəttə!"
İmam Riza (ə) Roma imperiyasından olan Nəstasa buyurur: "İncilin üçüncü sifrini (hissəsini) əzbərdən bilirsənmi?" Nəstas "Bəli, bilirəm" –deyə cavab verir. Sonra İmam (ə) üzünü yəhudilərin ən böyük alimi Rəsül-caluta tutub soruşur: "Sən də İncil oxuyursan?" Rəsül-calut cavab verir ki, bəli, oxuyuram. İmam Riza (ə) buyurur: "İncilin üçüncü sifrini aç bax, əgər orada Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beyti barədə bir şey yazılıbsa, onda mənim lehimə şəhadət ver, yox əgər yazılmayıbsa, onda şəhadət vermə." Sonra o Həzrət İncilin üçüncü sifrini oxumağa başlayır. Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) adına çatdıqda dayanaraq üzünü katolikosa tutub buyurur: "Ey məsihi! Səni and verirəm Həzrət Məsih (ə) və anası Məryəmə (səlamullahi əleyha), de görüm mənim İncildən xəbərdar olduğumu qəbul edirsənmi?" Katolikos "Bəli" –deyə cavab verir. İmam Riza (ə) Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm), onun Əhli-beyt və ümmətinin adını onun üçün qiraət etdikdən sonra buyurur: "Ey məsihi! Nə deyirsən? Bu İsa ibn Məryəmin sözü deyilmi? Əgər təkzib etsən, İncilin bu barədə dediklərini, həmçinin, Musa (ə) və İsa əleyhissəlamın hər ikisini danıb kafir olarsan."
Katolikos: "İncildə mənim üçün məlum olan şeylərin heç birini inkar etmir, hamısını qəbul edirəm."
İmam Riza (ə) (üzünü məclisdəkilərə tutub buyurdu): "Hamınız şahidsiniz ki, o, dediklərimə etiraf etdi." Sonra əlavə edib buyurdu: "Nə sualın var, soruş."
Katolikos: "Mənə İsa əleyhissəlamın həvarilərindən danış. De görüm onlar neçə nəfər olmuşlar? Eləcə də, məsihi alimlərinin sayını mənim üçün bəyan et."
İmam Riza (ə): "Agah olan şəxs barəsində sual etdin. Həvarilər on iki nəfər olmuş, onların ən fəzilətli və biliklisi Luka olmuşdur. O ki qaldı məsihi alimlərinin sayına, onlar üç nəfər olmuşlar. Biri Bax vilayətindəki böyük Yuhənna, ikincisi Qirqisa vilayətindəki Yuhənna, üçüncüsü isə Hicazdakı Yuhənna. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) (Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm)), Əhli-beytinin və ümmətinin adını da sonuncu bilmiş, İsanın ümmətinə və Bəni-İsrailə də Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) gəlişini məhz o bəşarət vermişdir." İmam əlavə edib buyurdu: "Ey məsihi! And olsun Allaha, biz o İsaya inanırıq ki, o, Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) iman gətirmişdi. Sizin peyğəmbəriniz İsa əleyhissəlama olan təkcə iradımız budur ki, o, az oruc tutur və az namaz qılırdı."
Katolikos təəccüblə dedi: "Allaha and olsun ki, bütün bildiklərini puç, işinin bünövrəsini zəiflətdin. Mən səni müsəlmanların ən bilikli şəxsi hesab edirdim!"
İmam Riza (ə): "Məgər nə olub?"
Katolikos: "Deyirsən ki, İsa (ə) az oruc tutub az namaz qılırdı, halbuki, o Həzrət bir gününü belə oruc tutmadan keçirməmiş, gecəni bir dəfə də olsun belə (tam şəkildə) yatmamış, bütün günlərini oruc tutub gecələrini ibadətlə keçirmişdir."
İmam Riza (ə): "İsa (ə) kimin üçün oruc tutub namaz qılırdı?" Katolikos bir cavab verə bilməyib sükut edir. (Çünki İsa əleyhissəlamın bəndə olmasını bildirsəydi, bu fikir onun (Həzrət İsanın) Allah olması iddiası ilə uyuğun gəlməzdi.)
İmam Riza (ə): "Sənə başqa bir sualım var."
Katolikos təvazökarlıqla dedi: "Əgər bilsəm, cavab verərəm."
İmam Riza (ə): "Sən İsa əleyhissəlamın ölüləri Allahın izni ilə diriltməsini inkar edirsənmi?"
Katolikos çıxılmaz vəziyyətə düşərək çarəsi kəsilib deyir: "Bəli, inkar edirəm. Çünki ölüləri dirildən, anadangəlmə kora, alaca xəstəliyinə tutulmuşa şəfa verən şəxs Allah olub bu məqama layiqdir."
İmam Riza (ə): "Həzrət əl-Yəsə də bu işləri görürdü. O, suyun üzərində yol gedir, ölüləri dirildir, kor və alaca xəstəliyinə tutulmuşlara şəfa verirdi. Ancaq onun ümməti heç də onu Allah bilib ona ibadət etmədi. Hizqil Peyğəmbər də, İsa (ə) kimi ölüləri dirildirdi." Sonra o Həzrət üzünü yəhudilərin alimi Rəsül-caluta tutub buyurdu: "Büxtün-nəsr Beytül-müqəddəslə mübarizə apararkən Bəni-İsrail əsirlərini Babilə gətirdikdən sonra Allah-taalanın Hizqil peyğəmbəri onların ölülərini diriltmək üçün oraya göndərməsini Tövratda oxumusanmı? Bunu haqqı dananlardan başqa kimsə inkar edə bilməz." Rəsül-calut "Biz də bunu eşitmişik və bilirik" –deyə cavab verdi. İmam Riza (ə) "Doğru deyirsən" deyib əlavə etdi: "Ey yəhudi! Götür Tövratın bu sifrinə bax." O Həzrətin özü isə Tövratdan bir neçə ayə oxumağa başladı. Yəhudi İmamın (ə) bu hərəkətindən mat-məəttəl quruyub qalmışdı. Sonra İmam Riza (ə) üzünü məsihiyə tutub İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bəzi ölülərin o Həzrətin əmri ilə dirilməsi, bəzi çarəsiz xəstələrin o Həzrətin vasitəsilə şəfa tapmasına aid olan möcüzələrindən bir neçəsini sayaraq buyurdu: "Bununla belə, biz heç vaxt Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) Allah bilməmişik. Əgər siz bu kimi möcüzələrə görə İsa əleyhissəlamı Allah bilirsinizsə, onda gərək Əl-Yəsə və Hizqil peyğəmbəri də öz məbudunuz hesab edəsiniz. Çünki onlar da, (İsa Peyğəmbər kimi) ölüləri dirildirdi. Həmçinin, İbrahim Peyğəmbər də bir neçə quşun başını kəsib onları ətrafdakı dağların başına qoyur, sonra onları özünə tərəf çağırdıqda, hamısı dirilib ona tərəf uçmağa başlayır. Eləcə də, Musa Peyğəmbər onunla Tur dağına getmiş və ildırım çaxması nəticəsində ölmüş yetmiş nəfəri diriltmişdi. Sən bunları inkar edə bilməzsən. Çünki Tövrat, İncil, Zəbur və Quran bunlar haqqında söhbət açmışdır. Onda adları çəkilən bu şəxslərin hamısını öz Allahımız bilməliyik!"
Cavab verməyə söz tapmayan məsihi katolikosu təslim olub deyir: "Həqiqət sən deyəndir və Allahdan başqa heç bir tanrı yoxdur!"
Sonra İmam Riza (ə) məsihi və yəhudi alimlərindən Əşiya Peyğəmbərin kitabı haqqında sual etdi. Məsihi alim cavab verdi ki, mən onun haqqında yaxşı bilirəm. İmam Riza (ə) buyurdu: "Əşiya peyğəmbərin "Mən ulağa minmiş və əyninə nurdan paltar geymiş bir nəfəri (Həzrət Məsih əleyhissəlama işarədir),dəvəyə minmiş və nuru ay işığı kimi olan başqa bir nəfəri (Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) işarədir) gördüm" – deyə buyurduğu cümləni xatırlayırsanmı?" Onlar "Bəli, Əşiya (ə) belə bir cümlə buyurmuşdur" –deyə cavab verdilər. İmam Riza (ə) əlavə edib buyurdu: "Ey məsihi! İncildə İsa əleyhissəlamın "Mən sizin və öz Tanrımın hüzuruna gedirəm, Barqlita (yaxud Farqlita) gəlib mənim haqqımda doğru şəhadət verəcək (necə ki, mən onun barəsində doğru şəhadət vermişəm) və hər şeyi sizin üçün açıqlayacaqdeyə buyurduğunu qəbul edirsənmi?" Katolikos "İncildən dediklərinin hamısını qəbul edirik" – deyə cavab verir. Sonra İmam Riza (ə) İncil barədə, ilk əsl İncilin itib batması və sonradan Mark, Luka, Yuhənna və Mattanın tərəfindən dörd İncil yazılması (bu İncillər hal-hazırda mövcud olub məsihilərin müqəddəs kitabları hesab olunur) barədə söhbət edib katolikosun sözlərində bəzi ziddiyyətlərin olduğuna işarə etdi. Katolikos tamamilə özünü itirmiş və heç bir çıxış yolu qalmamışdı. Buna görə də, İmam Riza (ə) bir daha ona "Nə sualın var, soruş!" deyə buyurduqda, o, daha heç bir sual verməyib dedi: "Qoy indi başqası sual versin. And olsun Allaha ki,müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!"
İmam Rza(ə.s.)



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 yanvar 2014 23:08
    Teshekkurler...

  2. 23 iyun 2014 13:19
    tewekkurler,ama cox isderdimki PEYGAMBER EFENDIMIZ MUHAMMED MUSTAFA (S.A.S) dende xeyli meqaleler olsun..tesufkii men meqale hairlia bilmirem.yoxsa men gozel meqale hazir edib size teqdim ederdim.lakin meqale hazirlia bilen isdifedecilerden bunu xaiw edirem.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.