Milli-mənəvi dəyərlər

Milli-mənəvi dəyərlər

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır
Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Bu gün çox diqqət yetirdiyimiz, çoxmillətli Azərbaycan xalqının mənəvi dəyəri dedikdə nə başa düşülür?

Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir?

Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Amma bu dəyərlər sistemi xalqın yaddaşında və dövlət səviyyəsində təsbit olunmazdan əvvəl Ulu Yaradan tərəfindən Qurani-Kərimdə təqdim edilib: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. (Hücurat-13).

Təsadüfi deyil ki, ümummilli lideri Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

“Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. O, dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin, xüsusilə gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü. Heydər Əliyev Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edirdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasını isə tolerantlığın bariz təzahürü hesab edirdi. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə layla¬larımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.

Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi.

Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılması üçün son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin razılığını qazanıb. Komitənin mərasimlərin təşkili üzrə islahatlar, yerlədə, idarə və təhsil ocaqlarında milli-mənəvi dəyərlərlə bağlı tədbirlər konkretliyi ilə yadda qalıb.

Komitənin “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransları, “Sağlam cəmiyyətin inkişafında milli mənəvi dəyərlərin rolu” mövzusuna həsr olunan iclasları, rayonlarda gənclərlə iş sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, dini radikalizmlə mübarizədə gənclərin yeri və rolu”, “Modernləşən dünyada milli mənəvi dəyərlərin yeri” mövzularında fəal gənclərin iştirakı ilə keçən tədbirlər ölkə mətbuatının geniş işıqlandırılıb. Komitənin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi tədbirlər də effektivliyi ilə diqqəti cəlb edib.

Mənəvi dəyərlər bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.
***

Ölkədə adət və ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlardan geniş istifadə olunur.

Xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri kütləvi tədbirlər içərisində xüsusi yer tutur. Bu bayramlarda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur. Amma sirr deyil ki, dövlətin incə daxili siyasətinə nüfuz edə bilməyən bəzi fərdlər "Qarabağ probleminin mövcudluğu şəraitində ölkədə bayramların çoxluğu"nu mövzuya çevirmək istəyənlər də var. Amma bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu J. J. Russo deyib: “Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin”.

Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsiilə düzəltmək mümkündür.

Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil, həm də öyrənmək və bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı var.

Göründüyü kimi, bayram və mərasimlər insan həyatını mənalandıran başlıca amillərdəndir. Burada onlar görünür, ünsiyyət qurur, sevinc və problemlərini bölüşdürürlər. Azərbaycan şəraitində bu gün heç bir bayram milli-mənəvi atributsuz keçmir.

Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Respublika günü, Qurtuluş günü, Konstitusiya günü və digər bayramlarımız və tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər də daxil olur. Onların bəzilərinin kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa başlayıb. Hər bir tarixi mərhələdə olduğu kimi müasir dövrdə də bayramlar, tarixi hadisə və günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.

Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr yaranır.
***
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur.

Respublikada dövlət dəstəyi və hökumətin səyi ilə şəhər və rayon mədəniyyət evləri, sarayları, klubları, muzey və kitabxanalarının, istirahət və mədəniyyət parklarının, olimpiya komplekslərinin, turizm mərkəzlərinin fəaliyyətinin məğzini təşkil edən bədii-kütləvi iş cəmiyyətin mədəni həyatını zənginləşdirir, istirahətinin mənalı və səmərəli keçməsinə yardımçı olur.

“Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Mədəniyyət sərvətləri” haqqında deyilir:

“Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi və mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir”.

İşlədiyim xəbər agentliyində mədəniyyət üzrə redaktor olduğumdan paytaxtın və bölgələrin mədəni həyatını müntəzəm izləyirəm. Bu il may ayının 1-də Bakıda Dövlət Neft Fondunun yeni inzibati binasının- "SOFAZ Tower"-in təqdimatında iştirak edirdim. Binanın dizaynında Təbriz, Şirvan, Gəncə, Qarabağ, Qazax, Quba, İrəvan, Bakı və Naxçıvan xalçaçılıq məktəblərinin motivləri geniş istifadə olunub. Foyedə divar boyu Ərdəbil xalçasının mərmərdən hazırlanmış nümunəsi insanı valeh edir. Bu unikal əsəri ərsəyə gətirmək üçün 10 istedadlı sənətkar 4 ay işləyib. 150 kv m. sahəni əhatə edən bu sənət əsərini yaratmaq üçün ölçüsü 1x1sm-dən böyük olmayan 250 mindən çox mozaik daşdan istifadə olunub və divardan "asılmış" bu xalçanın üzərindən aşağı nazik su təbəqəsi axır.

Etdiyim bu təsvir emosional qeyd kimi deyil, bizə yadigar qoyulmuş irsə dövlətin diqqət nümunəsi, eyni zamanda milli-mənəvi dəyərlərin müasir tələblər baxımından orijinal həlli kimi dəyərləndirilməsinin əksi tək qəbul olunmalıdır. Eyni sözləri Şamaxıda əsaslı bərpa edilmiş "Cümə" və paytaxtın Binəqədi rayonunda inşa edilmiş "Heydər məscidi", Çövkan milli oyununu yaşatmaq məqsədi ilə hər il keçirilən respublika yarışları, Qala qəsəbəsində istifadəyə verilmiş Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyi, Beynəlxalq və respublika səviyyəsində təşkil olunan Muğam festivalları, Bakıda yeni istifadəyə verilmiş Xalça Muzeyi və onlarla digər sanballı obyektlər barədə də demək olar.

Ölkənin milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində də uğurlu işlər görülür. Bu il mayın 6-da YUNESKO-nun mənzil iqamətgahında YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi keçirildi. Sərgi ilə yanaşı fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabı da təqdim edildi.

Belə bir faktı isə xüsusi vurğulamaq lazımdır ki, milli-mənəvi irsimizin qorunması və inkişafında H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehribam xanım Əliyevanın müstəsna rolu vardır.

***
Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də düşünülmüş şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu ,məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir. Bunu qəlizləşdirən məqamlardan biri də Qarabağ probleminin sülh yolu ilə həllinə çalışan Azərbaycan dövlətinin qarşısına atıla süni əngəllər, ikili standartlar, ölkənin hər sahədə sürətli inkişafına qısqanclıqdır.

Onu da nəzərə almaq lazımdır ki, ölkəmiz iki əsrə yaxın çar Rusiyasının və Sovet İttifaqının tərkibində qalmaqla bir çox milli və dini adət-ənənələrimizin təzyiqlər altında saxlanılıb və bu, şüurlara təsirsiz ötüşməyib. Müstəqillik əldə etdikdən sonra da dövlətimiz müxtəlif təzyiq vasitələri ilə, ikili standartlarla üzləşməli olur. Mövcud vəziyyət hər cür milli-mənəvi dəyərə sahib Azərbaycan xalqının səbrli, xarici və daxili hiylələrə uymamağı, vahid qüvvə kimi dövlətçiliyin tələbləri kontekstində birləşməyi tələb edir. Bu istiqamətdə hər bir Azərbaycan vətəndaşının üzərinə vəzifə düşür. Bu baxımdan KİV mənsublarının məsuliyyəti və peşə borcu daha böyükdür.


Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının
“Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Şirməmməd Nəzərli



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.