Nadir hökm

Nadir hökm

 

Onun tanımadığı bir neçə şəxs tərəfindən sorğu sualı başlamışdır. Ətrafı diqqətlə gözdən keçirdikdən sonra bir də diqqətlə onlara nəzər saldı. Ox kimi dartılmış qara qaşlarını çataraq sərt baxışları ilə onların kimliyini düşünürdü. Həyatı boyunca kimsəyə hesab verməyən  bu insan indi tərəddüdlər içərisində ondan hesab soracaq kəslərdə olan cürətə heyrətini gizlətməyə çalışsa da daxilən narahat olmaya bilmirdi. Həyat yoluna qısa səyahət edirdi…Uşaqlıq və gənclik illəri, sərkərdə kimi yetişdiyi vətən torpağı, dost deyə bilmədiyi bütün ətrafındakı insanlar, saray mühiti, xanədanlıqdan olan tanışları, onunla mücadiləyə qalxan və bu mücadiləni qazanmış hər kəs, Əfqanıstan dağlarına yerləşən Səfəvi  xəzinəsinin dövlətçiliyə xidməti üçün istifadəsində yanında olan və bu gün sağ belə qalmayan sərkərdələr, Rus və Türk müharibələrində yanında və qarşısında dayanan hamı, demək olar ki, iti zehni və yaddaşının xatırladığı  hər kəsi düşündü…Lakin bir nəticəyə vara bilmədi. Axı kim ola bilərdi ondan hesab soracaq bu cürət sahibləri?! Şərq Napaleonunu, II Makedoniyalı İsgəndəri kim sorğu sual edə bilərdi. 300 illik Səfəvi xanədanının varlığına son qoyaraq İran dövləti məfhumundan ad qoparıb, qüdrətli və nəhəng Azərbaycan dövləti yaradan, Hindistanı işğal edərək Dehlini diz çökdürən, tarixdə ilk və son Azərbaycan sərkərdəsindən hesab sora biləcək kim var idi?! Səfəvi imperiyasının son dönəmlərdə zəifləməsi səbəbindən 100 ildən artıq itirilmiş torpaqları cəmi, yarım qərinəlik bir müddətdə azad edərək şimaldan, şərqdən, qərbdən uzanan əlləri kəsib yerinə duz basmağı bacaran bu qüdrətli Türk Əfşar sülaləsinin son möhtəşəm sərkərdəsindən…
-Sən kimsən ?
Verilən sual onu düşüncələrindən ayırdı.
-Nadir şah Əfşar- deyərək dərindən köks ötürdü. Gözlərini divardan asılmış qəndilə zilləyərək asta asta danışmağa başlayır.
-Türk tayfalarından əfşarların Qırxlı boyundanam. Əcdadlarım  I Şah İsmayılın  zamanında  Azərbaycandan Xorasana köçürülən, ipə – sapa yatmayan igidlər olub. Məndə 22 oktyabr 1688-ci ildə Xorasanda  kasıb bir ailədə doğulmuşam. Uşaqlığım əzab-əziyyətli keçib. Bütün ağır və qara işəri mən görmüşəm. Zülmümün sayı olmayıb. Canım bunlara tab gətirdiyi kimi  ruhum da səbrlə dözüb. İnsanın əzablara dözməyi ruhun rəşadətindən asılıdır. Cism daşıyıcıdır. Ruh dözəcəksə cism onu həzm edəndir. Dəqiq xatırlamıram. 17-18 yaşım olardı anamla  birlikdə  Xarəzm özbəklərinin  yürüşlərindən birində əsir düşmüşəm. Allahdan böyük sərkərdə Atabəy Şəmsəddinə rəhmət olsun. Onun kimi məndə qul həyatı yaşayaraq cəfa çəkmişəm. Sonrakı səfalarımız isə cəfaların mükafatları olub. Lakin türk əsilli zindanbaşının etibarına sığınıb  əsirlikdən qaçmışam. Xorasana qayıtmışam. Qorxmazlıma və cəsurluğuma görə  Əbivərd hökmdarı Baba Əli bəy məni yanında qulluğa götürmüşdü. Mən isə, dinc dayanmayıb  başıma  kiçik bir dəstə topladım. Hərdən düşünürdüm ki, Sultan Süleymanın iki igid şahzadələri Mustafa və Bəyazidin getdiyi yoldur mənim yolum. Sadə fərqimiz atalarımız da idi. Mənim onlar kimi edam fitvamı verəcək böyük  imperator atam yox idi… Mən Babək kimi yetim bir oğul olmuşam. Cavanşır kimi siyasətcil təfəkkürüm olub. Ancaq Napaleon kimi sonunu düşünən olmamışam. İsgəndərdən fərqim isə Hindistanı daha tez zəbt eləməyim olub. Bu Teymur və Çingizin də tam yerinə yetirilməyən arzularından olub. İsmayıl isə nəhəng Azərbaycan yaratdı lakin, Hindistanda gözü qaldı. Mən çoxlarının istədiyini edə  bildim. Nə fayda…

Nadir hökm

 

Nadir yenə köks ötürdü. Aramla və sakitcə danışığını dinləyən kəslərə baxdı. Onlar düz -onun gözlərinə baxırdılar. Sanki, bütün onun danışdıqlarını bilirdilər. Lakin, səbrlə Nadiri dinləyirdilər.
-Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özüm-özümü  Nadirqulu bəy adlandırmağa başladım. Xorasan yürüşlərimdə qarşıma qüdrətli feodal Məlik Mahmud çıxdı. Düşündüm ki bu vəziyyətdə mənə ancaq şah I Təhmasib kömək etməyə razılıq verər. Çünki, şərqdə vəziyyətə nəzarət artıq itirilmişdi. Ona müraciət etdim. Bütün səylərimin qarşılığı olaraq  1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacarın Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlməsinə nail oldum.Öz qoşunumla onlara birləşdim. Əraziyə bələdçiliyim və yerli insanların psixoloji düşüncələrini bilməyim mənim etimadımı artırdı və nailiyyətli nəticənin alınması məni şaha yaxınlaşdırdı. I Təhmasib məni  Xorasanda öz canişini təyin etdi. Məhz bu yaxınlaşmaya görə də özümü  Təhmasibqulu xan deyə adlandırdım. Bu kasıb və bir qul olan oğlanın böyük sərkərdə olması üçün vacib məsələ idi.Hissedirdim ki,Fətəli xan QacarTəhmasibə böyük təsir qüvvəsinə malikdir və məndən ehtiyatlanır. Onun məni məhv etməsini gözləmədən ilk həmləni mən etdim.Buişdə isə köməyimə çatan şahın da bunu daxilən istəməsi oldu.
-Nadir şah Əfşar. Siz bütün həyatınızı danışmaq niyyətindəsiniz, deyəsən. Biz sizdən kimliyinizi soruşduq. Siz isə…
Nadir sərt çevrilmə ilə bu sözləri deyənə baxdı.
-Mənim kimliyimi bilmək istəyən mənim həyatımı bilməlidir ki, kimliyimi dərk  etsin – deyərək onun sözünü ağzında qoydu. Otaq qaranlıq olsada onun uzun qızılı zərli əbasının ətəyi yellənə – yellənə ortalıqda sağa sola var gəl etməyə başladı. əllərini arxasında çarpaz tutub başını dik qaldıraraq tavana yönəldi. Dua edirmiş kimi edərək salavat çəkdi. Qara hamar saqqalını tumarlayıb otağa işıq saçan qəndilə tərəf addımladı. Alovlanan şölələr onun zəhmli gözlərindəki qığılcımı ona yönələn nəzərlərin üzərinə saldı. Nadir hələ də nələrin baş verdiyinin tam fövqündə deyildi. Ancaq özüdə blmədən söhbətinə davam etdi.
Şahın köməkliyi ilə Məlik Mahmudun əsas mərkəzi olan  Məşhədi  alandan  sonra,  Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna şahı inandıra bildim. Şah Təhmasib Fətəli xanın  ölüm fətvasını verdi.Bəzən hakimiyyət və qüdrətlənmək yolunda sənə işıq saçan lampaları özün söndürmək məcburiyyətində olursan. Bunu bacara bilənlər bu yolun sonuna gedib çata bilirlər. Necə ki,mən bundan  sonra şahın silahlı qüvvələrinin baş komandanı təyin olundum. Çox az bir müddət keçmədi ki, Məlik Mahmudun qoşunlarını məğlub edib,  özünü qətlə yetirdim. İndi mənim saraydakı mövqeyim güclənməsin neyləsin?! Hələ Şah Süleymanın oğlu Sultan Hüseynin zamanından xəzinənin boşaldılması, taxt – tacın dəyərli nümunələrinin əridilib pula çevrildiyini bilərəkdən xəzinəyə gəlirin təmin edilməsi istiqamətində düşünməyə başlamışdım. Gizli casuslarımdan birinin mənə verdiyi xəbər məni daha uzaqmənzilli düşünməyə vadar etdi.
Nadir indi deyəcəklərinin sirliliyini düşünmək üçün vaxt qazanırmış kimi yenə tavana dikdi baxışlarını. Yalnız özü və Allahı bilirdi bu sirri. Sirdaşlarının hər birini tək-tək qətlə yetirmişdi özü. Ki, sirr olaraq qalsın. İndi bu desinmi, deməsinmi?! Yenə alova baxdı və danışığını davam etdirdi.
-Hər kim ki düşünən zaman dünənini düşünür o ancaq yaşadığı günə hakimdir. Hər kim ki, yaşadığı günü düşünür o artıq bir ölü varlıqdır. Yox həm dünənini həm də yaşadığın günü düşünürsənsə sən ölmüş bir dahisən. Əgər ki, sabahını düşünürsənsə ağıllılığın dəlalətidir. Gələcəyini düşünür və addımlarını buna hesablayaraq atırsansa deməli sən yaşayan bir insansan. Bütün olanların hamısını, bu gününü və gələcəyini düşünə bilməyə cəhd edirsənsə sən bir dahi varlıqsan… Mən Əfqan dağlarında olan böyük xəzinənin yerini öyrənmişdim. Onunla birgə gələcəyi düşünürdüm. Güclü və qüdrətli elə bir gələcək qurmuşdum ki, minillər boyu yaşayacaqdı. Yenə də nə fayda…
O, yenə də köks ötürdü. Sanki, yüzillər sonralara baxır və qayğılı dönəmləri görürdü.
Xəzinəni ələ keçirməyin planı da artıq hazır idi. Daxilimdə bir hiss vardı. Bu xəyanət hissi idi. Çox götür-qoy etdim. Mənə dəstək olan şaha xəyanət məni rüsvay edərdi. Nə etməli?! Bütün olanların üzərindən xətt çəkə bilməzdim. Bunları yaşadığım zaman Şah mənə etibarının ən son həddini göstərdi və xəzinəni qorumağı  mənə tapşırdı. İçimdə olan hisslər mənə əsirlikdə olduğumdan daha çox əzab verməyə başlamışdı. Ərtafımda hər kəsə qarşı dəhşətli bir kin-küdurət yaranmışdı. Mənim içimə şübhə salan casusumu çağırtdırdım. Ondan xəzinənin yerini necə öyrəndiyini soruşdum. O, gözləri ilə gördüyünü bildirdikdə onun gözlərini çıxarmağı əmr etdim. Bu məni daxilən incidən hisslərdən daha ağır bir hiss idi. Lakin mən buna məcbur idim. O casus vətən qüdrətinə şübhə yaratmışdı. Elə bir şübhə ki bağışlanması mümkünsüz idi. Bu cəza təklifim sonralar mənim ən məhşur cəza formama çevrildi. Yüz pudlarla insan gözündən dağlar yaradan yeganə göz hökmdarı oldum mən. Bu çıxan gözlər xəyanəti, alçaqlığı, casusluğu, dövlətçiliyə qarşı yönələn bütün murdarlıqları göz önünə alan və bunları görən gözlər idi… "Yerində qalmasını istəyən göz günəşə baxar, gözəllik tapar. Qaranlıqda çirkinlik axtaran gözlərisə kordur. Belə gözlərə əzab verməmək üçün onları çıxarmaq lazımdır”.

Nadir hökm

 

Əllərini gözlərinə sürtdü. Başını astaca yelləyərək
bu gözlər də nə gözlər görmədi -deyərək yalnız hallarda keçmişini düşünərkən etdiyi təbəssümlə ətrafa baxdı. Ona yönələn gözlərdə itirdiyini axtarırdı gözləri. O axtardığını tapmışdı ona baxan bu mənalı baxışlarda gizlənən gözlərdə.
1727-ci ildən başlayaraq Təhmasiblə əlaqələrimiqırdım. Bunun səbəbləri çox olsada əsas səbəbi yalnız mən bilirəm. Onun mənə etibar etdiyi müddətdə xəyanət edə bilməzdim ona. Yalnız onunla düşmənə çevrildiyimdə üzərinə yeriyə bilərdim və planlarımı gerçəkləşdirərdim. Belə də etdim. Bütün Xorasanda öz hökmranlığım uğrunda mübarizəyə başladım.İlk olaraq  nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazandım. Bu, Şahı istəmədən də mənə yaxınlaşdırdı. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarırdı. Münasibətlərimiz korlanan zaman mən öz planlarımdan birini, lakin, ən vacib addımı atdım. Dağların sinəsində illər boyu yığılıb qalan Səfəvi xəzinəsi indi Nadir xanın xəzinəsi idi. Qoşunlarımın sayı artırdı. Tutduğum ərazilər genişlənir və xərclərimin sayı hesabı bilinmirdi. Məni xilas edən və gələcəyə daşıyan at əslində xəzinədən azadlığa çıxan qızıl yalmanlı, almaz gözlü muradım idi. Bir sıra qətiyyətli yürüşlər edib bütün şimal-şərqi İranı birləşdirdim. Əfqan şahı Əşrəf  öz qoşunlarını toplayıb  Xorasana, mənim üzərimə yeritdi. Həyatımda heç zaman unutmayacağım bir gün. O gün ki, mənim Azərbaycan İmperiyası arzum doğdu. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə Əşrəfin qoşunlarını  darmadağın etdim. Çoxu mənim tərəfimə keçməklə doğru yolu tapdılar. Bu mənim böyük və ilk palaq qələbəm idi həmdə. Bu qələbəmdən sonra düşüncələrim yenə gələcəyə yönəldi. Ölkəni işğal edən  yadellilərdən təmizləmək  uğrunda mübarizəsinin başlanğıc qığılcımlarını gördüm o gün. Çox düşündüm bu haqda. Mən bunu bacara biləcəmmi deyə hey götür qoy etdim.Hərdən mənə elə gəlirdi ki, mən bu iş üçün doğulmuşam. Ancaq bunu necə edəcəkdim tək başına. Mənim nə dövlətim nə də tuğram vardı. Heç şah əsilli soydan da deyildim. 300 illik bir dövlət, işğal olunmuş ərazilər və bir nəfər insan Nadir… Bunu etmək asan iş deyildi. Yadellilər 100 ildən artıq idi buralara ağalıq edirdilər. Gənc İsmayılın yaratdığı qüdrətli Azərbaycandan əsər əlamət yox idi. Hələ Böyük sərkərdə Pyotrun son 20 ildə qazandığı uğurlar və zəbt etdiyi torpaqlar. Fikirlərim çox qarışdı. Mən ancaq öz həyatıma təsir edən və mənim həyatımın təsir etdiyi məqamları söyləyəcəm.
Nadiri sorğu sual edənlərdən biri onun çox dərin danışdığını görüb dilləndi:
-Bildiyimiz qədəriylə Əşrəfi sıxışdırdığında qoşunuyla birgə Tehrana tərəf çəkildi. Sonradan səninlə yenidən döyüşə hazırlaşdı. Necə oldu ki, məğlubiyyətdən belə qısa müddətdə toparlana bildi ?
Nadir şah təmkinlə suala cavab verməyə başladı:
-Məlumumuzdur ki, 1299 da yaranandan bəri qərbdəki nəhəng Osmanlı imperatorluğu Sultan Süleyman Qanunidənvə oğlu Sultan Səlimdən sonra Avropada çox güclü kök atan,  yəhudi əsilli tacir, memar, səyyah, elm xadimləri və.s  qismində fəaliyyət göstərən bəzi insanların at oylağına çevrilib. Hələ Şah İsmayılın zamanında belə onlar Səfəvilərlə Osmanlılar arasında siyasi, iqtisadi və dini münaqişə yarada bilməyi bacarmışlar. Hətta müharibələrlə hər ikisinin başını qataraq öz planlarını gerçəkləşdirmişlər. Bu işdə ən başlıca dəstəkləri isə saray hərəmxanalarına yerləşdirə bildikləri qadınlar olmuşlar. Deməli bütün bunları bacaran qüvvələr mənim də, güclənməyimi görmüş və mənə mane olmaq üçün casuslar vasitəsilə əl altdan işlər aparmışlar. Çox güman ki, osmanlılarla səfəvilər arasında münaqişənin son məqamlarını cızmış və bununla da ikisindən birinin sonunu düşünmüşlər. Hesabladıqda isə biz də buna şahid oluruq ki, mənim sonrakı addımlarım səfəvilər imperiyasının varlığına son qoyub. Lakin yerində yaranan qüdrətli dövlətin olması onların planlarını alt-üst etdi. Buna görə də onlar ilkin olaraq məni aradan qaldırmağı planlaşdıracaqlar. Mən bunu bilirəm. Mühifizəm ancaq öz yaxın qohumlarımdan təşkil olunub. Yalnız onlardan birini xəyanətə dəvət edərək məni məhv edə bilərlər.
Nadir danışığını yarımçıq saxlayıb dərin xəyala getdi. Nədən bu otaqda olduğunu düşündü. Bütün bunları nədən danışdığını düşündü. Yenə də bu böyük sərkərdəyə məsələ nəgahan qalırdı. Kimdir axı bütün bu sirli dünyasına daxil olan bu kəslər. Yenidən sözünə davam etdi:
-Əşrəfin qoşunları Tehranadoğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Mənim  əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyimi anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərdi ki, məni məğlub etsin. Beləcə osmanlılar Azərbaycana sahib olmaqda davam edəcəkdilər. Şah Təhmasibin isə onu geri qaytarmaqda imkanları şox məhdud idi. Həlledici döyüş 1729-cu ilin  noyabrın nəhs günündə  İsfahan yaxınlığında baş verdi. Döyüşə ciddi hazırlaşdım. Döyüş öncəsi süvarilərimə at namusdur deyərək ər meydanında namuslarını tək buraxmamağı tapşırdım. Bütün əsgərlərimə şəhidliyin uca məqam olduğunu xatırlatdım. Lakin1 əsgərə 10 düşmən əsgəri öldürmədən şəhid olmağın lənətlənərək ölməklə bərabər olduğunu söylədim. Analarımız bizi vətən uğrunda ölməyə doğduğunu dedim. Ancaq vətən uğrunda vətəni qorumadan ölməyin şərəfli kişi üçün baş ucalığı gətirmədiyini aşıladım. Mənim əsgərlərim anladı ki, onlar mənimlə çıxdıqları yol şərəf yoludur. Bölünmüş Azərbaycanın xilas yoludur. 1000 ildə bir yazılan ömür yaşadılar mənim əsgərlərim. Onlar bunun vacibliyini dərk edərək bu yolun sonuna kimi ölmədən döyüşə bildilər və qələbənin dadını yaşatdılar tarix boyu yaşayan nəsillərə. Örnək olaraq doğulmaz insan, ancaq, örnək olacaq addımlar atarlar əbədiyyən yaşayan igidlər. Kür Şadı anlatdım əsgərlərimə. Anlatdım ki, vətən sizindir. Siz sizə aid olan uğrunda döyüşürsünüz.  Düşmən isə içində bir xofla döyüşür. Çinkü o özgə malına əl  uzadır. Və özgəyə uzanan əl hər zaman da dolu qayıtmaz. Ya boş qayıdar, ya da kəsilər heç qayıtmaz.  Bu bizim qələbəmizi təmin etdi. Birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazandıq. Onların gözünə  elə qorxu saldım  ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkildilər. Mən İsfahana girəndə  bütün şəhər sanki yeni xilasgarı və yeni şahı qarşılayırmış kimi səcdəmdə dururdu. Təntənəli şəkildə şəhərə girməyim mənim ruhumda padşahlıq eşqi yaratdı. Amma yenə də soyuma baxdım. Mən şah soyundan deyildim deyə şah olmaq ancaq xəyal olaraq qaldı mənim üçün o anda. Lakin düşüncələrim bu qanunun kimin tərəfindən yazıldığını araşdır dedi. Rəhbər o insandır ki onu xalqı sevir və ona rəhbər kimi yanaşır. Mən bunu yaşayırdım…Nədən də şah olmayım? Ancaq  öz əllərimlə Səfəvi tacını şah

Nadir hökm

 

Təhmasibin başına qoydum. Düşündüm ki vətənin dar anında tac uğrunda mübarizə aparmağım mənim deyil vətənimin təhlükəyə atılmasına səbəb ola bilər.  Üstündən bir qədər keçdi. Öz qoşunlarımı əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərdim. Qaçaqaçda Əşrəf öldürüldü. Onun mənə hədiyyə gətirilən gözləri  döyüşün taleyini həll etmişdi. Osmanlılar gözlərini qorumağı düşünürdülər artıq. Sonralar əldə edəcəyimiz uğurlar ilk çıxan gözdən dərs aldı.
Sorğulayıcılardan biri:
-Nadir şah Əfşar. Danışdıqlarınızda həqiqətlər çoxdur. Ancaq bütün bunlar nəyə dəlalət edir? Günahlarınızın üzərindən xətt çəkməyimizimi istəyirsən ?
-Dinləyin məni. Danışdıqlarımda yalan yoxdur ki siz həqiqətlərin çoxluğunu sayasınız. Günahlar insanların gerçək həyatlarıdır. Günah etməyi bacarmayan insan doğru və gerçəkliklərdən bixəbər olan insandır. Doğruları anlamaq üçün günahları bilmək vacibdir. Vətən azadlığı üçün deyilən yalanlar ən müqəddəs həqiqətlər, atılan günah addımlar isə Kəbə evinə gedən yola ilkin qədəmlərdir. Allahım buyurur ki, vətəni qoru. Hər nə yol ilə olur-olsun vətən qorunmalıdır. Atı düşmənə bağışlmaq olar. Bu namus sayılır əslində. Lakin, sonradan o atı öldürmək mümkündür. Vətənin bir qum zərrəciyini isə geri qaytarmaq atları qurban verməyə səbəb olar. O üzdən bir at qurban olsun vətənimə. Vətən insanlar üçün qazanılması mümkün olmayan yeganə məfhumdur. Vətənsizlərə yazığım gəlir mənim. Baxın nə günahları var ki onların tanrı vətən payını əsirgəyim belələrindən. Vətən payı tanrıdan verilməyənə vətəndən pay verənlər tanrının düşmənidir. Bu üzdən də tanrıya gedən yol vətəndən keçir. Bu yol Kəbə istiqamətində başlasada azadlıqdan keçəcək. Azad olmayan bunu duya bilməz. Daxilən özgür olmayanlarla yola çıxmasaq yaxşıdır. Onsuzda onlar  yolda səni yarı can buraxıb daxilinə gömüləcək. Bir cansız ruhla yol getmək nə qədər uğurludur bunu siz düşünün artıq.
Nadir qəzəbli, lakin müdrik baxışlarıyla verilən suala cavab ala bildiklərini sezmək üçün onların gözlərinə baxıb qaldığı yerdən davam etdi. O özü də istəmədən tələsirdi. Sübh çağına az qalmışdı. Bu gün onun fərqli bir səfəri vardı. Elə bir səfər ki qələbə olacağı və ya məğlub olacağının onun üçün heç bir əhəmiyyəti yox idi. Bu səfərin təsiri Azərbaycan üçün olacaqdı…
-Mənim Təhmasiblə münasibətlərimin azacıq düzəlməsi ölkənin şərq hissələrinin  tamamilə təmizlənməsinə səbəb oldu. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlı türklərindən azad etmək, Pyotrun zamanından rusların nəzərətinə keçən ərazilərigeri qaytarmaq qalırdı. 1731-ci ilədək ordunun formalaşmasına xüsusi diqqət ayırdıq. Mənəvi – psixoloji  vəziyyəti ən yüksək həddə qaldırdıq. Ən son hazırlıqlar yoxlanıldıqdan sonra ciddi mübarizə dönəmi başlayırdı. Mən qoşunu götürüb Osmanlılar üzərinə yürüşə başladım. Yol boyu məni düşündürən bir suala isə cavab tapmağa çalışırdım. Şaha yaxın olmaq oda həvəsiyən pərvanənin şəmə yaxınlaşmasına bənzəyir. Mən bu pərvanənin halına düşmüşdüm. Əgər uğurlu döyüşlərdən sonra sağ geri qayıdacağım təqdirdə odun istisində əriməli idim. Necə ki özüm bir zamanlar Fətəli xanın əriməsi üçün odun istisini artırmışdım. Qələbəyə inandığımdan məni düşündürən ancaq geri qayıtdıqdan sonrakı durum narahat edirdi. Beləcə hərbi əməliyyatlar osmanlıların məğlubiyyəti ilə sona çatdı.Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edə bilmişdim. Bu bir ölünün yenidən canlanması kimi uzaq görünən bir arzudan da qeyri-real görünən bir iş idi. Ancaq, mən bunu bacarmışdım. Azadlıq dadını bilən Babəki indi daha yaxşı dərk edirdim. O böyük sərkərdə əbəs yerə demirdi "Bir gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha yaxşıdır”. Bəli yüzillər boyu osmanlı boyunduruğundan xilas olmuşdu vətənimiz.  Osmanlılar yalnız Arazdan şimalda qalırdılar ki, bu da artıq çox asan məsələ idi. Qərb qonşumuzun gözlərini və ruhlarını qorxuya sala bilmişdik. Mənəvi ruh düşkünlüyü isə qarşı tərəfin qoşunlarını məğlubiyyət yoluna gül çiçəklə aparırdı. Ancaq mənim dərdim bu deyildi.
Nadir xəyallarında 1731 ci ilin sonuna doğru getməkdəykən verilən sual onu geri döndərdi:
-Dediyiniz kimi sizin nüfuzunuz anbaan artırdı bu sizin daxilinizdə şahlıq iddiası yaratmırdı?
-Yaradırdı. Lakin yenə də deyirəm vətən torpaqları hələ  tam azad olmamışdı. Bu səbəbdən mən bu hisslərimi boğmaqda davam edirdim.
-Bəs necə oldu ki, Arazdan şimalda osmanlılarda qalan torpaqları xilas etməyə Təhmasib sizi göndərmədi. Yürüşə birbaşa özü getdi? Etibarınızda itmələrmi olmuşdu?
-Yox. Əslində Məni də narahat edən məsələ bu idi və vaxtından tez bu məsələnin ortaya çıxması Təhmasibin ölümünü sürətləndirdi. Mən Vətəni azad etdikdən sonra düşüncələrimin planlarını reallaşdırmağı düşünürdümsə, Təhmasib bunu daha tez həll etməyimi istədi məndən, özü də sonunu düşünmədən. Və, bu addımıyla vətənə təhlükə yarada biləcək insanın artıq şah olmasına razı ola bilməzdim. Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə Kirmanşahda ölkə üçün biabırçı bir sülh müqaviləsi bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi. Minlərlə əsgər qanı bahasına geri qayıdan torpaqların bir qismini ölkənin şahı şəxsi nüfuzunu qaldırmaq uğrunda necə qurban verə bilərdi? Məhz elə buna görədə artıq onun ölüm fərmanına qəlbimdə fitva verdim və bunu bacardım. Bu addımı yalnız vətən naminə atdım. Lakin, bilirdim ki 300 illik xanədanın da varlığına son qoymuş olacam. Düşündüm ki vətən yerində var olsun.Onu idarə edən sülalə səfəvilər olmasa da olar. Əfşarlar olsun. Sabah isə başqa bir sülalə. Yetər ki vətənim azad və qüvvətli olsun.
-Bəs siz Təhmasibin imzaladığı sülhə necə münasibət göstərdiniz?
-Mən müqaviləni tanımaqdan imtina etdim və 1732-ci ildə Xorasanda qədim türk ənənələrinə görə xan və əyanların qurultayını çağırdım. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbasadlandırılan səkkiz aylıq oğlunu şah elan etmək qərarına gəldi. Düzdür ki, qurultaydan öncə heyət üzvlərinin hər biri ilə təkbətək görüşdüm və bu addımı mənim etdiyimə baxmayaraq ölkənin qudrəti üçün nəzərdə tutulduğunu anlatdım. Onlar da bu yolda mənə və vətənə sədaqətli olacaqlarına and içdilər. Faktiki olaraq, bütün hakimiyyət mənim  əlində cəmləşdi. Mən  III Şah Abbasın atabəyi olaraq rəsmən ölkəni idarə etməyə başladım. Bundan sonra iki il ərzində bir-birinin ardınca parlaq qələbələr qazandım. Bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan azad etdim.
-Sizin sərkərdəlik qabiliyyətiniz və nüfuzunuz çox möhtəşəm bir şəkildə parlamağa başlamışdı. Özünüzə bir hərbçi kimi nə zaman güvəndiniyinizi xatırlayarsınız yəqin ki.
-Mən bir hərbçi doğulmuşam və hərbçi kimidə öləcəm. Sərkərdəlik isə həyat mücadiləsində qazandığım bacarıqlarımın məcmusudur. 1735 –ci  il ərəfəsi  idi. Yaxşı xatırlayıram. Gəlmişlər-getmişlər içərisində öz zəkası, təfəkkürü və dünyanı dərketməsinə görə xüsusi dəyər verdiyim Nizami yurdu Qədim Gəncəni azad etmək uğrunda ruhum əvəzsiz çalışırdı. Gəncə mühasirədə idi. Bu döyüşə ruhən hazırlaşmışdım. Ustadın ruhu azad olsada qəbrini azad edirdim. Bu mənim həyatımda ən əvəzsiz günlərim siyahısına yazılan bir günümdür. Bəlkə də bu üzdən sərkərdəliyim özünü daha parlaq bir tərzdə göstərdi Gəncədə. O zaman Gəncədə osmanlıların qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və  mühasirədəkilərə vədlər  verirdi. Qoşunların bir hissəsini Gəncə qapısında qoydum.  15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağladım  və Qars üzərinə hücuma keçdim Göyçəm azadlıq həsrətindən dodaqları qaysaq bağlamışdı. Onun Susuzluqdan əzab çəkən ruhunu azad etdim.  Abdulla paşa  mənim adımdan ehtiyatlanaraq döyüşə girməkdən boyun qaçırdı və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşdı. Vaxtın məhdudluğu mənə təminat baxımdan mənfi təsir edirdi deyə hərbi taktiki hiyləyə əl atmalı oldum.  Hadisələri sürətləndirmək məqsədi ilə gecənin birində mühasirəni götürüb geri çəkildim. Aldanmış Abdulla paşanın 100 minlik qoşunu ilə qaladan çıxmasına nail oldum. Məni İrəvana qədər təqib etməsinə şərait yaratdım. Qədim Alban torpağı olan Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərdim. Qoşun yol yorğunluğunda  idi. Lakin mənəvi hazırlıqdan sonra osmanlılarla ölüm-dirim savaşına girdik. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaratdı və bu dəfə də tam qələbə qazandıq. Bundan sonra İrəvan qalası və Tiflis qalasındakı osmanlı qarnizonları döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqazı osmanlı ordularından tamamilə təmizlədim ki, bunu da Azərbaycanın  böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə göstərdiyi yardım da unudulmamalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali yadellilələrin təhrikləri ilə mənim özümə qarşı ayaqlandılar. Bunun üzərindən  xalqın savadsızlığı kimi qəbul edərək keçdim. Bir neçələrinin gözlərini çıxartdırdım ki digərlərinə görk olsun. Ancaq həyatda atdığım səhv addımlardan biri elə, məhz, bu oldu. Gərək bu istiqamətdə carçılarıma car çəkdirəydim ki vətən hələ yeni azad olub. Yadellilərin sözlərinə uymasınlar. Xalqın mənə qarşı  mübarizəsinin sonunda düşünsək ki, mən məğlub olacam görək nə baş verəcək ? Bu qədər əraziləri cəmi 15 il müddətində azad etməyi bacaran bir şərkərdəyə qarşı ayağa qalxmaqla qazanacaqları nə olacaqdı? Kiçik feodal qurumlar və ya xanlıqlar, bəyliklər. Sonra əvvəlki düşmənlər yenidən qapının ağzına dayanıb onları işğal etməyə başlayacaqlar. Bu zaman birləşməyə cəhd etsələrdə macal tapmayacaqlar. Çünki, hər biri bir yadellinin nəzarətində olacaqdır. Və birinin sözü digərinin boğazından keçməyəcəkdir. Və beləcə yüz illər boyu onlardan törəyən övladlar da yadellilərin sözlərinə uyaraq vətənin bütövlüyünü dərk etmədən yaşayacaq və o təfəkkürlü insanlarla doğub-törəyib artacaqlar. Ta o, zamana kimi bir nadir vətən oğlu doğulacaq. Elə Nadir şah Əfşar kimi…Buna isə yüzillər lazımdır.
Nadir şah Əfşar bu sözləri deyib oturmaq üçün yer gəzdi gözləri ilə. Yorulmuşdu deyəsən. Həyatı boyu at belində qılınc oynadan beyni daim vətən düşünən bu tarixi şəxsiyyət cismən yorulmadı mücadilə apardığı illərdə. İndi isə yaralı yerini qaşımışdı özü öz qılıncı ilə. Düşünürdü ki niyə bizlərdən bir güclü sərkərdə meydana çıxana qədər kimsə yerindən tərpənmir. Kimsə buna cəhd etmir. Lakin o məğrur sərkərdə cəng meydanında var gəl edib qalibiyyət dadını daddırdıqdan sonra yağış göbələkləri kimi ordan-burdan baş qaldırıb da azadlıq mücahidlərinə kölgə salmaqda mahirləşirlər. Bu addım isə ümumi vətən naminə çox ciddi zərbə altına salır ölkəni. Nədən hər şeyin asan olduğu anda asanları daha da asanlaşdırmaq adıyla çətinbazlar formalaşır bu insanlarda? Bu qədərmi çətindir güclünün ətrafında birləşib daha da güclü olmaq? Ümumi məqsəd güclü olmaqdırsa faktiki güclünün ətrafında niyə birləşib güclənmirik ki? Niyə Vahid bir güc sahibinin yüz mislinə bərabərciklərin ardınca gedən düşüncəsizlər və təfəkkürsüzlərimiz hər zaman mövcud olur bizdə? Bu qədərmi çətindir bu məsələnin sonluğunu düşünüb də nəticə çıxarmaq?
-Nadir şah Əfşar. Nə düşünürsünüz? Biz sizi dinləyirik. Dan yeri sökülür artıq. Vaxt çox məhduddur.

Nadir hökm

 

Nadir yenə başını dik qaldırıb tavana baxdı. Boğazının altında bir ağrının sancı verdiyini hiss etdi. Tez əlini boğazına apardı. Var gücünü toparlayıb ağrısını dəf etməyə çalışdı. Bunu digərləri də hiss etdilər. Lakin Nadir  danışmağa davam etdi:
-Mənə qarşı çıxanlardan birini bağışlamaqda səhv etdiyimi düşünürdüm. Gərək onu yanımda saxlayardım və planlarımdan xəbərdar edərdim. Bu Şəkili Hacı Çələbi xan idi. Onun dar ağacındaykən mənə qarşı cürətli davranışı özümü xatırlatdı mənə. Hələ yaxınlaşıb qulağıma da bir iki söz pıçıldadı. İndi də düşünürəm ki, o ölüm anında necə tez düşünmüşdü mənə deyəcəklərini. Heyranlığımdan onu əfv eləmişdim. Ancaq, dinc oturmayıb mənə qarşı ayaqlandı. Ona baxıb cürətlənənlər isə rusların, osmanlıların yenidən Azərbaycaycanı işğalına gedən yolun başlanğıcında dayandı. Əslində Hacı Çələbinin yaratdığı idarəçilik  müstəqil Azərbaycan xanlıqlarının əsasını qoydu. Lakin buna müstəqillik demək olarsa. Böyük, güclü və müstəqil  dövləti yerindən sarsıdaq ki, kiçik, zəif, müstəqil xanlıqlar yaradaq və işğal olunmağı daha da asanlaşdıraq. Nə deyim mən daha. Qayıdıram Gəncə hadisələrinə. 1735-ci ildə bağlanmış Gəncəmüqaviləsinə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə gedir  ki, mən Osmanlı ilə mübarizəni dayandırmayacaq və onunla separat sülhə girməyəcəm. İlkin olaraq düşündüm ki Rusiya nəhəng və gücüdür. Onu Qafqazdan ancaq vədlər və hiylə ilə çıxara bilərəm. Belə də etdim. Şərtləri pozdum və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzaladım. Sazişə görə, Türkiyə 1722-ci ilə qədərSəfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları mənə geri  qaytardı. Yalnız dini baxışlarda azacıq fərqliliyi olan  sünni Dağıstan xalqları osmanlı meylliliklərində qalır.Lakin idarəçiliyin mənim əlimdə olduğunu nümayiş etdirmək üçün Dağıstana yürüş etdim və geri qayıtdım. Qardaşım İbrahimi isə yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığından məsuliyyətləndirib hakim təyin etdim. Böyük torpaqları olan ölkələrin böyük qayğıları olur. Onlardan biri də idarə olunmasıdır. Bütünlükdə Azərbaycanın idarəsini özümə ən yaxın olan qardaşıma etibar etdim. Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilirdi. Artıq Səfəvilər dövlətinin sərhədlərini demək olar ki, tamamilə bərpa edə bilmişdim. Bir Nadir xan Əfşar olaraq missiyamı yerinə yetirmişdim və nəhəng dövlət qurmağı bacaran sərkərdə olaraq  qarşımda duran ən başlıca vəzifə onun dağılmış təsərrüfatının dirçəldilməsi idi. Lakin, bunun üçün Nadir şah Əfşar olmalı idim. Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Yenidən qədim türk qaydasına görə, Muğan düzündə  böyük qurultay çağırdım. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığdım. Muğana 100 minə yaxın adam toplanmışdı. Əhali üçün məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili saldırdım. Novruz bayramı günü, 1736-cı ilin 21 martı. Həyatımda olub keçən ən qiymətli günüm. Qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verdim. Daxilən bu gün uğrunda həyatım boyu çalışmışdım. Avropa demokratiyasına bənzər təklif irəli sürdüm. Eynilə avropalılar kimi etdim. Bəzən deyəcəklər ki, mən  III Şah Abbasın uşaqlığından istifadə etdim. Hər kəs məndən qorxur və çəkinirdi deyə məni şah elan etdilər. Əslində mənim uzaqmənzilli siyasi planlarımın son otağı idi şahlıq məqamı. Uzun illər bunun üçün vuruşurdum yadellilərlə. Hazır olandan sonra yenidən zəifləmiş səfəvilərə geri buraxsaydım əlbət ki yenidən aləm qarışacaqdı bir birinə. Bu isə mənim zəhmətimin hədərə getməsi demək idi. Çox əfanələr qoşacaqlar bu Muğan qurultayı ilə bağlı yadelli casus xidmətdaşları. Ancaq məntiqi təfəkkürü olanlar dərk edəcəklər mənim bu addımımı. Axı illər öncə hələ əfqanları məğlub edəndə mən şah olmağı qərara almışdım. Lakin, vətən naminə bu fikrimi içimdə daşıdım düz 15 ildən artıq bir vaxtda. Bu səbrsizlikdirmi? Vətənin dar günündə sakit dayanmış bəziləri isə indi danışmağa başlamışdılar. Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Çünki, mən onların hamısından real iş tələb edəcək idim. Ölkənin inkişafı naminə soyaddan yararlanmaqla hazır quyruq yemək olmayacaqdı mənim şahlığım zamanı. İşləmək, çalışmaq olan yerdə lodur insanlar hər zaman etirazçı qismində olarlar. Necə ki,  öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirdi. O da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş oldu. Bunu ona dərs olsun deyə etdim. Dinc oturmadı deyə onun hakimiyyətində bircə Gəncə saxlandı və rütbəsi də Gəncə bəylərbəyi adlandırıldı, qacarların çox hissəsini isə Xorasana sürgün etdirdim. Tacqoymada mənim yanımda olan hər bir qurultay iştirakçısına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlatdım. Bunu ona görə etdim ki, buna vərdiş etsinlər. Qul və kənizlik üçün yarayan qadınların hamsını əsir götürmüşdüm. Bunun isə mənfi cəhətlərindən birini heç düşünmədim. Erməni kənizlər igidlərimin qılığından girib onlar qızlar doğdular. O qızlarda yenilərini doğacaqlar. Bax bu gələcəkdə hansı fəsadlar törədəcəkdirsə onu mən öləndən sonra düşünməyəcəklər…
-Nadir şah Əfşar. Sizin bir hərbçi kimi düha olmağınız cahana məlumdur. Şahlıq tacına sahib olduqdan sonra hərb işindən çəkildinizmi? Axı 1736 –cı ilin Muğan qurultayında yorğun olduğunuzu və idarəçilikdən əl çəkmək niyyətində olduğunuzu bildirmişdiniz ?
-"Su qabı suda sınar” – deyə misal var. Mən bir hərbçiyəm. Və yaşından asıla olmayaraq hərbçi hərb meydanında yaşayır. Onun varlığı hərbi mücadilə var olduqca vardır. Yoxsa yox.
-Yer üzündə sizin qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Özünüzün hansı qələbələriniz sizin üçün daha dəyərlidir?
-Şahlıq dönəminə qədər olan bütün hərbi uğurlarıma dəyər verirəm. Çünki bu ərəfədə sönmüş bir ocağın tüstüsünü nəfəsimlə alovlandırıb yox olmaqdan qorumuşam. 1737 –ci ildən sonra isə Azərbaycanda olan üsyanlardan ruhlanan əfqanların üzərinə yürüşüm ikinci hərb həyatımın başlanmasına səbəb oldu. Vətənimdə divan tutmadım üsyançılara. Əfqanlar düşündülər ki artıq şah olmuşam və daha əvvəlki əzmim yoxdur. Lakin, yürüş etdim onların üzərinə.  Həm Heratı, həm də Qəndəharı tutdum. Sonra  qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum etdim. İçimdə bir hiss vardı. Elə bilirdim ki, Hindistan səfərim bir çoxları kimi mənim də taleyimin sonu olacaqdır. Lakin, inadkarlığım bu hissimə qalib gəldi və Hindistanı işğal edə bildim.  Qoşunlarım  müqavimət görmədən Karnala  qədər getdi. 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, sevimli Novruz bayramı ərəfəsində, yəni, martın 20-də Dehlini tutdum.  Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoydum. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparıldı və hələdə  burada saxlanılır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, mən  bu dəfə həmin qaydanı pozdum  və daş-qaşı özümə götürdüm. Bu da döyüşçülər arasında narazılıq doğurdu. Əslində narazı olanlar bir şeyi anlamırdılar ki mən bu sərvəti öz ölümümdən sonra vətənimi qoruyacaq sərkərdə üçün xəzinə saxlamaq məqsədi ilə belə etmişəm. Necə ki mənə belə bir xəzinə saxlanılmışdı. Məhz o xəzinə hesabına yenidən güclü dövlətə çevrildik biz də. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "kuhi-nur” ("nur dağı”) adlanan daş da vardı Siz onu kaş görəydiniz. Buna saatlarla baxmaq  belə insanı gəncləşdirirdi. Bu daş əvəzsiz bir nemət idi. Hindistanı tutduqdan sonra Sind ərazisini özümə tabe edib və Orta Asiyaya yürüş etdim. Güclü müqavimətlə rastlaşdım.1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətimin tərkibinə qata bildim.Tutduğum ölkələrdə silahlı qarnizonlar saxlayaraq 1741-ci ildə Dağıstan üzərinə yeriməyə məcbur oldum. Məsələ burasında idi ki, mən Hindistanda olarkən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə qardaşım  İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdülər. Dağlılara cəza vermədikcə onlar osmanlılarla yaxınlığı artırır və dövlət əleyhinə güclənirdilər.Hətta mən  özüm də Dağıstanda inadlı müqavimətlə qarşılaşdım. Lakin,1743-cü ilin əvvəllərində bir neçə döyüşdə dağlıları məğlub etdim.Döyüşlərin birindən sonra gələcək planları düşünürdüm.  Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq… Bu mənim böyük arzularımın ən böyüyü idi. Buna zaman lazım idi. Böyük qoşunun böyük xəcləri. Ölkənin tərəqqisi. Daxili sabitliyin təmini. Xarici əlaqələrin nizama salınması. Bütün bunlara həqiqətən böyük də zaman lazım idi. Bir insan ömrü buna bəs edərmi?Bu məqsədlə geri qayıtmağı planlaşdırıb gələcəyə baxışı formalaşdırmaq üçün çalışmalı idim. Dağlılarla məsələni tam həll etmədən geri dönmək də olmazdı. Bu məqsədüçün üzərində öz adım  həkk olunmuş pul  buraxdırıb geri döndüm. İkinci məqsədimi də kimsələr anlamadı. Dağlıları tam tərk-silah etməyim və tamamilə asılı hala salmağımın ən böyük ziyanı mənə dəyəcəkdi. Onlar əslində şimaldan gələn təhlükənin qarşısını alacaq yeganə xərc çəkilməyən qornizonum rolunu oynayacaq və mənim ora yetişməyimə zaman qazandıracaqdı mənə.
O sözünü bitirib xəyallarında yenə uzaqlara gedir. Şahlıq dönəmində atdığı addımların illər sonra səhvlər kimi xatırlanmasından narahatçılıq keçirirdi daxilən. Otaqda var gəl etməyə başlamışdı. Daxili çəkişmələri düşünürdü. Üsyanların əsas ruhverici qüvvələri olan səfəvi qızılbaşlarının qədim tarixini düşünürdü. Trabzon yunan çarı  Komnenoslardan IV İohannın qızı  senyora Fyodora  Dəspinə xatun. O, Uzun Həsənin qızı Aləmşahbəyimin anasıdır. Sonradan Aləmşahbəyim Uzun Həsənin bacısı Xədicə bəyimin oğlu Heydərlə evlənir və Səfəvi hökmdarı Şah İsmayıl Xətainin anası olur. Bu gəlin qaynanası Sara xatunla avropalıların əlaqələrinin yaradılmasında xüsusi rola malik olmuşdur. Hətta həyat yoldaşı Ağqoyunlu Uzun Həsənin də avropalılarla əlaqələrini inkişaf etdirilmsində rolu əvəzsiz olmuşdur.
Verilən sual Nadiri xəyallardan ayırdı:
-Nadir şah Əfşar, sizin ərəb elinə hücumlarınız hansı xarakter daşımaqda idi ?
-1746-cı ildə Osmanlı İmperiyası ilə bağladığım sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Müqaviləyə əsasən qısa zamanım yaranmışdır ki, yeni torpaqlar zəbt etməklə qənimət əldə edib xəzinəni artırım. Qarşımda Çin səfəri dayanırdı.  Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər etdim. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürdüm və bu şəhərin yaxınlığındakı dağın başında Kelat adlı bir qala inşa etdirdim.Xəzinəni burada saxlamaq idi məqsədim. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradırdı. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər.Qala çox möhtəşəm tikilirdi. Bu ərəfədə gələcək planların reallaşması üçün güclü ordu quruculuğu həyata keçirilməli idi. Odlu silahlar və topların gücü kimdə idisə söz sahibi də o sərkərdə idi. Bu məqsədlə  Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başladım və ordunu yenidən qurmaq işini sürətləndirdim. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətizdirdim. Orduda artilleriya və tüfəngçilər ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar – qısa lüləli toplar və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaratdım. Artilleriyavə top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar gələcək qələbələr və dövlətin aliliyi məqsədinə xidmət edirdi.
O, danışığını kəsir. Düz onu sorğu-sual edənlərin qarşısına gəlir. Hava yavaş – yavaş işıqlanmaqda idi.

Nadir hökm

 

Bu işıq qaranlıq tunelin ucluğunda görünən nura bənzəyirdi. Ətrafda oğlanları  Çingiz xan, Oqtay xan və Ulduz xanın fəryad səsləri eşidilirdi. Dönüb geriyə baxdı. Heçnə görə bilmədi. Başını yenə tavana qaldırıb boğazını tutdu əlləri ilə. Boğulurdu sanki. Özünü toparlayıb bərkdən nərə çəkdi:
-Siz kimsiniz ki məni sorğu sual edirsiniz? Burada hesab soracaq biri varsa o da mənəm, əvəzedilməz sərkərdə Nadir şah Əfşar. Bu adı yaxşı yadda saxlayın. Unutmayın. Bəs siz  kimsiniz ? Mən də bayaqdan bunlara cavab verirəm.
Əlini qılıncına apardı. Qılıncı qınında deyildi. Sol böyründə olan xəncərinə əl atdı o da, yerində deyildi. Qınından çıxan qılınc qana bulanmadan qınına girməz misalını düşündü və hayqıraraq bu iki nəfərin üzərinə yeridi. Onların gözlərinə baxmağa çalışdı. Lakin baxa bilmədi. Onların gözləri yalnız ağdan ibarət idi. O hayqıraraq əlini atdı əli boşa keçdi sərkərdənin…
Heyhat…
Deyərək geri çəkildi. O indi dərk edirdi onu sorğu sual edənlər onun ölüm mələkləri imiş…
 
Fəthabad. 1747 – ci il. 19 İyun.
 
Sübh açılmaq ərəfəsindədir. Əsgərlər durub səhər idmanına başlayıblar.  Dünyanın məhşur şahı Nadir şah bu vaxt artıq oyanmış olardı və əsgərlərlə birgə idman edərdi. O bu gün nədənsə öz çadırından çıxmamışdı. Hər kəs bu sirrin nə olmasını gözləyirdi. Şahın həyatında hələ belə hal olmamışdır. O sübh tezdən oyanardı hər zaman. Ordu qərərgahının rəisi şahın mühafizə dəstəsinin rəhbərinin yanına gəlir və şahın nə səbəbə gec oyanmasından narahatlığını bildirir. Mühafizə rəisi şahın çadırına daxil olur. İçəridən gələn hayqırtıya yüksək çinlilər qaçaraq çadıra daxil olurlar.
Çadırda bir neçə qəndil közərməkdə idi. Şah arxası üstə yerə uzanmışdı. Gözləri tavana zillənmiş halda ağarıqlı halda donmuşdu. Şahın boğazı laxtalanmış al qan içində idi. Onun əlinin biri xəncərində, digəri isə boğazında idi…




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 dekabr 2014 01:22
    Nizami müəllim böyük həvəslə oxudum. Allah razı olsun. Belə yazılarla bizimlə paylaşdığınız üçün təşəkkür edirəm. Olduqca maraqlıdır. Tariximizin böyük insanlarını ancaq belə təbliğ etmək olardı......

  2. 19 dekabr 2014 20:29
    Ay maşallah.Düzünü deyəcəm,sona qədər oxumağa səbrim çatmadı.Ancaq məqaləni köçürdüm.marağlıdı.oxuyacam.təşəkkür edirəm.Böyük əmək sərf olunub.Allah razı olsun.

    --------------------

  3. 23 aprel 2015 00:13
    Sitat: administrator
    Nizami müəllim böyük həvəslə oxudum. Allah razı olsun. Belə yazılarla bizimlə paylaşdığınız üçün təşəkkür edirəm. Olduqca maraqlıdır. Tariximizin böyük insanlarını ancaq belə təbliğ etmək olardı......


    Tesekkurler edirem Hamlet muellim. Deyerli olan sizlersiniz ki bu formada bu tertibatda saytinizi yasadir ve her kese gerekli melumatlarla davamli olaraq zenginlesdirirsiniz. Esq olsun deyirem sizlere. Ve xususen de size.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.