Tarixi coğrafiya

Tarixi coğrafiya

Tarixi coğrafiya elmi müəyyən tarixi dövrdə bu və ya digər ərazinin, ölkənin tarixi və coğrafi vəziyyətini öyrənir. Tarixi coğrafiya bizim tarixi anlayışlarımızı xronoloji baxımdan konkretləşdirir və onları müəyyən ərazilərlə əlaqələndirir. Buna görə də, tarixi coğrafiya bu və ya başqa ölkənin tarixinin müxtəlif inkişaf dövrlərindəki fiziki, iqtisadi, siyasi coğrafiyasının xarakteristikasını açıqlayır. Tarixi coğrafiya əsasən özündə aşağıdakı cəhətləri birləşdirir:
1) Fiziki-coğrafi şərhlər - relyef, iqlim, su ehtiyatları, torpaq örtüyü, bitki aləmi, heyvanlar aləmi, faydalı qazıntılar və s. barədə şərhlər;
2) Əhalinin coğrafiyası - əhalinin təşəkkülü, formalaşması, etnik tərkibi,məskunlaşdırılması və yer dəyişməsi məsələləri;

İqtisadi coğrafiya - sənayenin və təsərrüfat əlaqələrinin, sahələr və rayonlar üzrə xarakteristikası ilə birgə, coğrafiyası;
Siyasi coğrafiya - siyasi sərhədlərin təyini, tarixi baxımdan seçilən ərazilərin və rayonların müəyyənləşdirilməsi, tarixi hadisələrlə bağlı məskənlərin xəritədə göstərilməsi, şəhərlərin, yaşayış məskənlərinin, qalaların, müdafiə istehkamlarının və s. lokalizasiyası (yerləşdirilməsi), xalq hərəkatının coğrafiyası və s. məsələlərin şərhi.
Tarixi coğrafiya geniş diapozona malik elm sahəsidir. Yaranması Renessans və Böyük coğrafi kəşflər dövrü ilə (XV-XVI əsrlərlə) əlaqələndirilən tarixi coğrafiya elmi eyni zamanda təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsini, müxtəlif tarixi mərhələlərdə təsərrüfat fəaliyyətinin coğrafi mühitə, coğrafi mühitin istehsalata və etnogenezə təsirini öyrənir. Tarixi coğrafiya fənninin vəzifələrinə, həmçinin, etnik qrupların müəyyənləşdirilməsi, etnik birliklərin lokalizasiyası, qəbilələrin birləşməsi və dövlət qurumlarının təşəkkülü, dövlətlərin siyasi hüdudlarının, sərhədlərinin, ərazisinin araşdırılması və s. daxildir.
Beləliklə, tarixi coğrafiya tarixi-fiziki coğrafiya, əhalinin tarixi coğrafiyası, tarixi-iqtisadi coğrafiya, tarixi-siyasi coğrafiya, təbiətlə insanın qarşılıqlı əlaqələri, coğrafi mühitin insan cəmiyyətinə təsiri, insanın öz fəaliyyətində təbiətdən istifadəsi və ona təsiri və s. məsələləri araşdırır.
Coğrafi mühit (coğrafi örtük) dedikdə cəmiyyəti əhatə edən və insan həyatı üçün daim zəruri olan təbiət anlaşılır. Yerin relyefi, torpaq örtüyü, iqlim, su ehtiyatları, bitki və heyvanlar aləmi, yeraltı sərvətlər və s. coğrafi mühitin əsas komponentlərindəndir. Cəmiyyətin tarixi təbiət tarixindən ayrılmazdır və onlar daima qarşılıqlı təsir gücünə malikdirlər. Coğrafi mühitin cəmiyyətə təsiri maddi istehsalın səviyyəsindən və ictimai quruluşun xarakterindən daha çox asılıdır.
Tarixi coğrafiyanın geniş əhatə dairəsinə malik olması, təbiət və cəmiyyət (ictimai) elmlərinin qovşağında formalaşması bu elm sahəsinin mahiyyətinin, məğzinin və aidiyyətinin müəyyənləşdirilməsində bəzi çətinliklərin, fikir ayrılığının meydana çıxmasına səbəb olmuşdur və bununla əlaqədar çoxlu əsərlər meydana gəlmişdir. Belə ki, tarixçi alimlər tarixi coğrafiyanın bilavasitə tarix elminə aid olduğunu iddia edirlər, bu elmin tarix ilə yaxın olduğunu sübut etməyə çalışırlar və daha çox humanitar məsələlərin tədqiqinə diqqət yetirirlər. Coğrafiyaşünas alimlər isə əksinə, tarixi coğrafiyanın coğrafiya elminə aid olduğunu israr edirlər. Məsələn, fiziki coğrafiya mütəxəssislərinin nəzərində tarixi coğrafiya təbiətin inkişafının son mərhələsinin, insanın yaranmasından sonrakı mərhələnin öyrənilməsi ilə məşğul olan elm sahəsidir. Bəziləri tarixi coğrafiyanı xalqların tarixini təbiətin tarixi ilə əlaqədar öyrənən elm sahəsi hesab edirlər. Əslində isə tarixi coğrafiya həmin 2 elm sahəsinin - tarix və coğrafiyanın qovuşmasından təşəkkül tapmışdır. Bu elm sahəsi hər hansı ölkənin, bölgənin, ərazinin konkret tarixi dövrdəki vəziyyətini - tarixi, coğrafi, iqtisadi, mədəni, mənəvi və s. vəziyyətini araşdırır və həmin diyar barədə dolğun və hərtərəfli məlumat əldə edir. Tarixi coğrafiya ilə coğrafiya tarixi qarışdırılmamalıdır. Bunlar ayrı-ayrı elm sahələridir.
Tarixi-coğrafiyanı bəzən müasir dövrün coğrafiyası ilə eyniləşdirirlər. Məlumdur ki, tarixçi­-coğrafiyaşünas üçün müasir dövrdən keçmişə nəzər salmaq vacib cəhətdir. Buna görə də o, müasir coğrafi obyekti yaxşı mənimsəməlidir ki, onun keçmişini öyrənə bilsin. Burada tədqiqatın tarixçi və ya coğrafiyaşünas tərəfindən aparılması əsas şərt hesab olunmur. Lakin coğrafiyaçılar ilə tarixçilər qarşısında duran vəzifələr bir-birindən fərqlənirlər; onların hər biri məsələyə öz sahəsi baxımından yanaşır. Nəticə olaraq qeyd etmək lazımdır ki, tarixi coğrafiya, eləcə də müasir dövr coğrafiyası tarix ilə coğrafiya arasında ortaq elm sahəsidir. Bu elm sahəsi təbiətin insan cəmiyyətinin inkişafına təsirini, həmçinin, insanın təbiətə təsirini müəyyənləşdirir.
Tarixi coğrafiya fənni digər elm sahələri ilə geniş əlaqələrə malikdir. Tarix və coğrafiya fənləri ilə yanaşı bu elm sahəsi öz fəaliyyətində etnoqrafiya, arxeologiya, toponimika, iqtisadiyyat, ədəbiyyat, dilçilik, dəqiq elm sahələri və b. k. elmlərlə sıx əlaqədə olur. Tarixi coğrafiyanın əhatə dairəsinin genişliyi onun bütün başqa elm sahələrindən bəhrələnməsinə səbəb olmuşdur. Bölgənin müəyyən tarixi dövrdəki vəziyyətini tam şəkildə araşdırmaq üçün tarixi və coğrafi şəraitlə yanaşı həmin dövrün ədəbi mühiti, mədəniyyəti, mənəvi həyatı, elmi və digər sahələrinin araşdırılması və şərhi vacibdir. Bu vəzifələri öhdəsinə götürən tarixi coğrafiya onlara aid mövcud materiallardan, faktlardan faydalanır. Odur ki, tarixi coğrafiya fənni bütün elm sahələri ilə maraqlanır. Məsələn, hər hansı bölgənin müəyyən dövrdəki, konkret tarixi andakı həyat tərzini və ya xalqın dilini araşdırmaq lazım gələrsə, tarixi coğrafiya həmin dövrə dair etnoqrafik materiallardan və ya dilçilik materiallarından bəhrələnir; ərazinin yaşayış yerlərinin müəyyənləşdirilməsində toponimikadan, pul tədavülünün tədqiqində sikkə materiallarından və s. istifadə olunur.
Geniş əhatə dairəsinə malik tarixi coğrafiya fənninin aşağıdakı 6 mühüm elmi istiqaməti, sahəsi vardır:

Tarixi coğrafiya köməkçi tarix fənni kimi - bu elmi istiqamət yaşayış məskənlərinin yerinin müəyyənləşdirilməsi, şəhərlərin topoqrafiyası (səthinin, ayrı-ayrı nöqtələrinin qarşılıqlı vəziyyəti) ilə, müxtəlif tarixi hadisələrə dair abidələrlə, rabitə vasitələrilə və s. məsələlərlə məşğul olur. Göstərilənlər tarix elmi üçün az əhəmiyyət kəsb etməsə də, mahiyyət etibarilə tarixə köməkçi sahələr hesab olunurlar;
Tarixi coğrafiya keçmiş tarixi dövrlərin iqtisadi coğrafiyasını öyrənən elmi istiqamət kimi - bu elmi istiqamət tarixçilərin və coğrafiyaşünasların birgə cəhdləri ilə tədqiq olunur. Həmin elmi istiqamət əhalinin tarixi-coğrafi problemlərinə və tarixi demoqrafiyaya (əhalinin tərkibi, sayı, baş verən dəyişikliklər) aid məsələləri də əhatə edir;
Tarixi-siyasi coğrafiya elmi istiqaməti - dövlətlərin, ölkələrin sərhədlərini, hüdudlarını, inzibati ərazi bölgüsü məsələlərini, xalq hərəkatının coğrafiyasını və s. öyrənir;
Tarixi-etnik coğrafiya elmi istiqaməti - xalqların coğrafi mühitlə əlaqədar tarixini öyrənir. Bu elmi istiqamətin öhdəsinə xalqların təsərrüfat-mədəni növlərinin (tiplərinin) öyrənilməsi, tarixi-etnoqrafik rayonlaşdırmanın, əhalinin tərkibinin, sayının, baş vermiş etnik dəyişikliklərin araşdırılması və s. kimi məsələlər də daxildir;
Tarixi coğrafiya coğrafi mühitin və landşaftların (Yer səthinin formasının) inkişafı, mənimsənilməsi və dəyişiklikləri tarixini öyrənən elm sahəsi kimi - bu sahə ilk növbədə ümumi tarixi-fiziki coğrafiya şəklində təmsil olunur və coğrafi mühitin müəyyən tarixi dövrdəki inkişafının və dəyişikliklərinin ümumi məsələlərini araşdırır (başqa sözlə, «Yerşünaslıq» adlanır). Burada yerin mənimsənilməsi və təbiətin dəyişilməsi problemləri geniş masştabda tədqiq olunur. Bu istiqamət digər tərəfdən regional-tarixi-fiziki coğrafiya (landşaftların tarixi coğrafiyası) şəklində təmsil olunur və yer landşaftlarının inkişafı, dəyişiklikləri və mənimsənilməsi tarixini öyrənir.
Tarixi coğrafiya keçmiş dövrlərin təbiətinin, əhalisinin, təsərrüfatının xüsusiyyətlərini öyrənən birləşmiş elm sahəsi kimi - bu elm sahəsini coğrafiya ilə müqayisədə tarixi-coğrafi ölkəşünaslıq və ya tarixi-coğrafi diyarşünaslıq adlandırmaq olar. Bu sahə digər tarixi-coğrafi istiqamətlərin, sahələrin məlumatına əsaslanır və əsasən tədrisi məqsədlərə, kompleks şərhlərin tərtibinə xidmət edir. Xronoloji baxımdan onu qədim, orta əsrlər, yeni və ən yeni dövrlərin tarixi coğrafiyalarına bölürlər. Həmin səpkili şərhlər tarixi kəsiklər metodundan istifadə edərək əsas diqqətlərini ictimai-iqtisadi məsələlərə yönəldən tarixçilər tərəfindən hazırlanır.
Tarixi coğrafiyanın şərh olunan elmi istiqamətləri, sahələri bir daha göstərir ki, bu elm sahəsi tarix və coğrafiyanın qovşağında ortaq mövqe tutan elm sahəsidir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, tarixi coğrafiyanın sadalanan 6 elmi istiqamətindən (sahəsindən) «Tarixi-siyasi coğrafiya» elmi istiqaməti daha mühüm əhəmiyyət kəsb edir. Həmin elmi istiqamətin əsas vəzifələrindən biri dövlətlərin, ölkələrin, vilayətlərin tarixi ərazilərini, hüdudlarını, sərhədlərini, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməkdən ibarətdir. Qeyd olunduğu kimi, Azərbaycan tarixşünaslığında məhz bu məsələlərin tədqiqi sahəsində XX əsrin 80-ci illərinədək, demək olar ki, heç bir iş görülməmişdi. Bunun göstərilən fənnin son vaxtlaradək və hal-hazırdakı tədrisinə də mənfi təsiri olmuşdur: «Tarixi coğrafiya» fənni adı ilə Azərbaycanın siyasi tarixi və ya coğrafiyasının tədrisi adi hala çevrilmişdi. Əslində isə tarixi coğrafiyanın çox geniş sahələri əhatə etdiyini, bölgənin ümumi vəziyyətini tam şəkildə, ətraflı araşdırdığını nəzərə almalı və bununla yanaşı, əsas diqqət məhz «Tarixi-siyasi coğrafiya» elmi istiqamətinin öyrədilməsinə və tədrisinə verilməlidir. Çünki, tarixi coğrafiyaya daxil olan digər elmi məsələlər, problemlər elmin müxtəlif sahələri, fənləri tərəfindən araşdırılır və müxtəlif adlarla tədris olunur. Odur ki, «Tarixi coğrafiya» fənni ilə əsasən «Tarixi-siyasi coğrafiya» elmi istiqamətinin tədrisi həyata keçirilməlidir.
Tarixi coğrafiyanın özünə məxsus tədqiqat metodları və üsulları vardır. Burada da, digər elm sahələrində olduğu kimi, metod ilə konkret materialın tədqiqi üsullarını (yollarını, tərzini) bir-birindən fərqləndirmək lazımdır. M e t o d elmi həqiqətin dərk olunmasının ümumi istiqamətlərini müəyyənləşdirir. Elmi həqiqətin idrakı üçün tarixi, məntiqi, müqayisəli, marksist-dialektik və s. metodlardan istifadə olunmuşdur. Ü s u l (tərz, yol, vasitə və s.) isə elmi həqiqətin anlaşılması üçün aparılan araşdırmaların, tədqiqatların formasını, yolunu, tərzini əks etdirir. Qeyd etmək lazımdır ki, tarixi coğrafiya sahəsində istifadə olunan bütün metod və üsullar bir məqsədə - ətraf mühitin inkişafının və dəyişikliklərin tarixi prosesini dərk etməyə xidmət edir. Tarixi coğrafiya fənnində çox müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bu həmin fənnin tarix ilə coğrafiya arasında ortaq vəziyyətdə olmasından, təbii və ictimai materiallardan istifadə lüzumundan irəli gəlir. Ümumiyyətlə götürüldükdə, tarixi coğrafiyanın əsas tədqiqat üsulları və metodları aşağıdakılardır:
- Tarixi-fiziki-coğrafi üsullar - Əsasən landşaft tədqiqatlarında istifadə olunur. Həmin üsullar tədqiqatçıdan təkcə landşaft elmi sahəsində deyil, arxeologiya və tarix sahəsində də müəyyən biliklərə malik olmağı tələb edir.
- Məxsusi tarixi üsullar - bu üsullar tarixi coğrafiyanın ən mühüm üsulları sırasına daxildir; belə ki, tarixi materiallar landşaftların mənimsənilməsi və dəyişilməsi prosesini daha dolğun şəkildə xarakterizə edir. Tarixçilərin sənəd xarakterli və digər mənbələrin öyrənilməsi nəticəsində əldə etdikləri nailiyyətlər tarixi coğrafiyanın tədqiqində də qiymətlidir. Bununla bərabər, tarixçi-coğrafiyaşünas alim tarixi materialları, tarixi landşaftlar üzrə tədqiqat baxımından, yenidən təfsir (şərh) etməli və müxtəlif hissələrə bölməlidir. Bu baxımdan materialların arxiv sənədləri, salnamələr, baş mərzçəkmə (sərhədqoyma) materialları, hərbi-toponimik təsvirlər, meşələr barədə materiallar, yerli müəssisələrin materialları, coğrafi lüğətlər və şərhlər və s. kimi bölmələr üzrə təsnifi məqsədəuyğun hesab olunur.
- Toponimik və landşaft-leksik üsullar - Toponimlərin və ümumi coğrafi terminlərin öyrənilməsi keçmiş landşaftların xüsusiyyətlərini və insanın təbiəti dəyişdirməsinin xarakterini müəyyənləşdirməyə imkan verir. Bu üsul geniş şəkildə tətbiq olunur. Onun tarixi coğrafiya sahəsində tətbiqinin səciyyəvi cəhəti bundadır ki, bütün toponimik və landşaft-leksik materiallar coğrafi məkanlar üzrə lokalizə olunur və landşaft xüsusiyyətlərinə və insanın təbiətə təsiri baxımından araşdırılır.

Kompleks tədqiqat üsulu - tarixi coğrafiyanın tədqiqat üsullarını müxtəlif qruplara - tarixi-fiziki coğrafiya, məxsusi tarixi, toponimik və s. qruplara bölməklə əslində müəyyən mücərrədliyə yol verilmiş olur; belə ki, tarixçi-landşaftçı alim, tədqiqatçı öz əməli fəaliyyətində həmin qrupların hamısından bəhrələnir və bu cür yanaşma landşaftlarda tarixi dəyişikliklərin mahiyyətinin dərindən açılmasına yardım edir. Tədqiqatçı məsələyə hansı nöqteyi-nəzərdən yanaşsa da, o, bütün mövcud faktlardan, materiallardan istifadə etməli və ümumiləşdirmə aparmalıdır. Bu iş kompleks tədqiqat üsulu ilə həyata keçirilir.
Tarixi-coğrafi kəsiklər metodu - ənənəvi olaraq tarix elmi sahəsində istifadə olunur. Tarixi hadisələrin dövrlər üzrə analizi bu metodun səciyyəvi cəhətidir. Tarixçilərin bu sahədə əldə etdikləri böyük təcrübədən digər istiqamətlərdə çalışan tarixçi-coğrafiyaşünaslar tərəfindən istifadə olunmalıdır. Tarixi kəsikləri müxtəlif cəhətlərə görə bölmək olar: ilk növbədə onlar 2 yerə - komponent (tərkibi) və inteqral (tam, bütöv) hissələrə ayrılırlar. Komponent dövrü kəsiklər ayrı-ayrı tarixi süjetlərin - siyasi-coğrafi, demoqrafik, iqtisadi-coğrafi, təbii-coğrafi və s. mövzuların tədqiqində istifadə olunur. Onlara ərazinin siyasi-inzibati bölgüsünün, demoqrafik quruluşunun, təsərrüfat vəziyyətinin araşdırılması və s. zamanı müraciət oluna bilər. Inteqral (tam, bütöv) tarixi kəsiklərdən isə təbiətin, əhalinin, təsərrüfatın müəyyən dövrlərdəki hərtərəfli qarşılıqlı tədqiqi aparılarkən istifadə olunur. Tarixçi-coğrafiyaşünaslar da coğrafi istiqamətlərdə tədqiqatlar apararkən inteqral tarixi kəsiklərdən bəhrələnirlər. Coğrafi obyektlərin bütün inkişaf prosesini araşdıran tarixçi-coğrafiyaşünas üçün xüsusi tarixi-coğrafi kəsiklər (dövrlər) müəyyənləşdirmək vacibdir. Tarixi-coğrafi kəsik həmin dövrdə səciyyəvi olan bütün təbiət-əhali-təsərrüfatarası qarşılıqlı əlaqələrin ümumi mənzərəsini araşdırmağa imkan verir. Tarixi-coğrafi kəsiklər metodu ilə işləyən mütəxəssis tarixi kəsik tətbiq olunan vilayətin, məskənin ərazi baxımından vahidliyini dəqiqləşdirməli, onun sərhədlərini müəyyənləşdirməli, topladığı tarixi-coğrafi materialların, faktların sinxron analizini aparmalı, təbiət-əhali-təsərrüfatarası mühüm qarşılıqlı əlaqələri üzə çıxarmalı və onları dərindən tədqiq etməlidir.
Tarixi-coğrafi tədqiqatlarda diaxronik yanaşma üsulu - müasir coğrafi obyektlərin tarixini öyrənmək məqsədilə həyata keçirilən bütün tədqiqatlar üçün xarakterik cəhətdir. Tarixi kəsiklər üsulu əksər hallarda tarixçilər tərəfindən istifadə olunursa, diaxronik yanaşma daha çox coğrafiyaşünaslar tərəfindən tədqiqata cəlb olunur. Lakin, onları qarşı-qarşıya qoymaq da doğru deyildir. Diaxronik yanaşmanın məqsədi tarixi kəsikləri əlaqələndirmək və daha böyük tarixi dövrdə coğrafi obyektin ümumi inkişaf meyllərini müəyyənləşdirməkdən ibarətdir. Diaxronik yanaşma ilk növbədə coğrafi obyektin əmələ gəlməsinin düzgün müəyyənləşdirilməsmə, sonra onun inkişafı və dəyişikliklərinin öyrənilməsinə, nəhayət, tədqiqatlar nəticəsində həmin ərazinin, obyektin gələcək inkişafı barədə əsaslandırılmış mülahizələr irəli sürməyə imkan verir. Müasir coğrafi gerçəkliyin analizində diaxronik yanaşmanın bir sıra metodik prinsipləri (6 prinsip) mövcuddur. Bunlardan biri tədqiq olunan bölgənin ərazi bütövlüyünün gözlənilməsidir.
Kartoqrafik metod - əslində tarixi coğrafiyanın 2 müxtəlif istiqamətlərini - tarixi və coğrafi istiqamətlərini bariz şəkildə əks etdirən göstəricidir. Tarixi coğrafiya sahəsində bir çox xəritələr tərtib olunur. Onları tarixi-coğrafiya və tarixi-landşaft xəritələrinə bölmək mümkündür. Lakin bunlar da daha konkret sahələr üzrə bölünürlər. Ayrı-ayrı tarixi dövrləri əks etdirən xəritələr müxtəlif istiqamətlərdə çalışan tarixçi-coğrafiyaşünaslar üçün qiymətli mənbə hesab olunur. Bu xəritələrdə əsasən dövlətlərin sərhədləri, yaşayış məskənlərinin lokalizasiyası, rabitə, ticarət yolları, sənaye obyektləri və s. göstərilir, lakin onlarda insanın təbiətin dəyişilməsinə təsiri nadir hallarda öz əksini tapır. Bununla yanaşı, bu qəbildən olan xəritələr yeni xəritələrin tərtibində mühüm mənbə hesab olunur. Coğrafi xəritələrdə də heç də hər vaxt coğrafi mühitin inkişafı və dəyişiklikləri öz dolğun əksini tapmır.
Tarixi-coğrafi rayonlaşdırma metodu mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müəyyən tarixi dövrdə təsərrüfatın, əhalinin, coğrafi mühitin ərazi baxımından təşkili barədə biliklərin ümumiləşdirilməsinə xidmət edir. Tarixi-coğrafi rayonlaşdırmanın əsasını əməyin ərazi baxımından bölgüsü tutur. Burada tarixi-sahəvi (təsərrüfat) yanaşma, tarixi-etnoqrafik yanaşma (xalqların təsərrüfat-mədəni tipləri üzrə) və s. istiqamətlər mövcuddur. Rayonlaşdırmada yüksək inzibati vahid tarixi-coğrafi vilayət - tarixi inkişafı və müəyyən təsərrüfat-mədəni cəhətləri ilə seçilən ərazi hesab olunur. Bu inzibati vahid özlüyündə daha kiçik hissələrə bölünür. Tarixi-landşaft araşdırmalarında rayonlaşdırma metodu ikinci dərəcəli əhəmiyyət kəsb edir.
- Tarixi-coğrafi təsvirlərin, əsərlərin quruluşu da tarixi-coğrafi tədqiqatlarda müəyyən mövqeyə malikdir və müxtəlif formalarda həyata keçirilir. Bəziləri tarixi-coğrafi məsələləri dövrlər üzrə fəsillərdə, bəziləri təbiətin malik olduğu xüsusiyyətlərə uyğun hissələrdə şərh edirlər. Tarixi-landşaft təsvirlərin quruluşunda ümumi və regional cəhətlərin nəzərə alınması vacibdir. Landşaftların mənimsənilməsi və dəyişilməsi tarixini öyrənərkən aşağıdakı mərhələlərdə iş aparmaq məqsədəuyğundur:
a) ərazinin fiziki-coğrafi rayonlaşdırılması və tədqiqat obyektinin müəyyənləşdirilməsi;
b) landşaftın müasir dövrdəki kənd təsərrüfatının əsas istiqamətlərinin aydınlaşdırılması;
v) həmin tarixi vilayətə aid xarakterik toponimlərin və landşaft-leksik materialın öyrənilməsi;
q) landşaftın mənimsənilməsi və dəyişikliklərin tarixi sənədlər və materiallar əsasında tədqiqi;
d) mətnin hazırlanması və xəritənin tərtibi. Bu tələblərə əsasən hazırlanmış tədqiqatlar tarixi coğrafiya, xüsusilə də, tarixi-landşaft sahəsindəki biliklərin daha elmi və dürüst inikasına imkan yaradır.
Tarixi coğrafiyanın yuxarıda sadalanan tədqiqat metodları və üsulları içərisində «Tarixi-­coğrafi kəsiklər» metodu «Tarixi-siyasi coğrafiya», «Tarixi-etnik coğrafiya» elmi istiqamətləri baxımından daha mühüm hesab olunur. Siyasi coğrafiya, demoqrafik proseslər, iqtisadi coğrafiya, təbii coğrafiya və b. məsələlərin tədqiqində də göstərilən metod geniş istifadə olunur. Tarixi-coğrafi kəsik metodu müəyyən tarixi dövrdə müəyyən coğrafi ərazidə təbiətin, əhalinin və təsərrüfatın qarşılıqlı əlaqələrinin kompleks tədqiqini nəzərdə tutur


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 iyun 2016 18:36
    BU mənim ilk məqaləmdir zəhmət olmasa fikirlerinizi bildirin

  2. 2 iyun 2016 23:46
    Məqaləniz üçün təşəkkür edirik...İnşallah yeni yazılarını da oxuyarıq...Uğurlar!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.