İLK DÜNYA SƏYAHƏTİ

İLK DÜNYA SƏYAHƏTİ

 

İLK DÜNYA SƏYAHƏTİ

1519-cu il idi. Kolumbun coğrafi kəşflərindən 27 il ötürdü. Ondan sonra Atlantik okeanı ilə qərbə doğru Ameriqo Vespuççi də səyahət etmişdi. Artıq hamı bilirdi ki, okeanın o tayında "Amerika” deyilən bir materik var və möcüzələr diyarı olan Hindistan heç də bu materikdə yerləşmir. 
Hindistana Afrika sahillərindən keçən dəniz yolunu tapmış portuqallar heç kəsi bu yoldan keçməyə qoymurdular. Belə bir vaxtda portuqaliyalı dəniz səyyahı 39 yaşlı Fernando Magellan İspaniya kralını inandırdı ki, Hindistana yeni yol tapacaq. Bunun üçün, sadəcə olaraq, Amerikanı keçib okeanla qərbə doğru yolu davam etmək lazımdır. Gənc kral ekspedisiya üçün pul verməyə razı oldu. Şərtə görə yeni kəşf olunacaq torpaqlar İspaniyanın mülkiyyətinə çevriləcəkdi, əldə olunan sərvətin isə iyirmi faizi ekspedisiya üzvlərinə çatacaqdı.

1519-cu ilin sentyabrında Magellanın başçılıq etdiyi ekspedisiya 5 gəmi, 265 nəfərlik heyətlə yola çıxdı. 
1520-ci ilin martı idi. Ekspedisiya artıq Amerika sahillərinə çatmışdı. İndi də qərbə – böyük okeana keçmək üçün boğaz axtarırdı. Boğaz isə görünmürdu ki, görünmürdü. Kəşfiyyata göndərilmiş "Santyaqo” gəmisinin qayaya toxunaraq dağılması ekspedisiya üzvlərinə böyük zərbə oldu. 
Oktyabrın ikinci yarısında Magellan yenə kəşfiyyata iki gəmi göndərdi. Dörd uzun, üzücü gün keçmişdi, amma gəmilərdən bir xəbər yox idi. Hamının qanı qara idi. Birdən keçiddə məşəllərin işığına qərq olmuş gəmilər göründü. Onlar öz flaqmanlarını salamlayırdılar. Boğaz tapılmışdı! Sonralar Magellan boğazı adlandırılan 600 km uzunluğunda olan bu boğaz iyirmi bir günə qət olundu. Bu müddət ərzin də ekspedisiya gəmilərindən biri də itdi. 
Böyük okean dənizçiləri gözəl hava ilə qarşıladı. Üç ay iyirmi gün qərbə doğru üzdülər. Bu müddət ərzində, bir dəfə də olsun, fırtına ilə üzləşməyən Magellan onu "Sakit okean” adlandırdı. Səfərin başa çatmasına hələ çox var idi.

"San Antonio” gəmisinin xain heyəti əsas ərzaq ehtiyatı ilə birlikdə qaçıb İspaniyaya qayıtdı və yoldaşlarını ac qoydu. Bədbəxt dənizçilərin çoxu okeanda acından öldü. Nəhayət, dənizçilər çiçəkli bir sahil gördülər. Bu, Filippin adaları idi. Burada ekspedisiya üzvləri dincəldilər. Magellanın sevinci hədsizdi! Bir az da getsə idilər, arzularına çatacaqdılar, lakin Magellan yerli qəbilələrlə döyüşdə həlak oldu. Yerdə qalan iki gəmi səyahəti davam etdirdi. Yenidən aclıq, qasırğa, xəstəlik... Gəmilərdən biri portuqalların əlinə keçsə də, qalan dənizçilər yola davam etməyə müvəffəq oldu. 

 

İLK DÜNYA SƏYAHƏTİ

 

1522-ci ilin sentyabrında salamat qalmış yeganə "Viktoriya” gəmisi güc-bəla ilə gəlib İspaniyaya çatdı. 265 ekspedisiya üzvündən cəmi 18 nəfər qalmışdı. 
Həmişə qərbə tərəf üzən Magellanın ekspedisiyası vətənə şərqdən gəlib çıxdı. 18 cəsur dənizçi tarixdə ilk dəfə dənizlə dünya səyahətini başa vurdu. Beləliklə, Yerin kürə şəklində olduğu təcrübədə yalnız XVI əsrdə sübut edildi.
Gülarə Xudiyeva





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 yanvar 2015 19:08
    ellerinize saglik cox gozel yazmisiniz,,men bunlari bilirdim amma yeniden yada salmak gozel oldu

    --------------------

  2. 13 yanvar 2015 19:44
    TESEKKURLER EZİYYETE HORMET smile

  3. 13 yanvar 2015 20:15
    Çox gözəl, təşəkkür!

  4. 15 yanvar 2015 14:35
    Tesekkurler,Alisoy. wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.