”Marselyoza”nın doğuşu

”Marselyoza”nın doğuşu

 

Fransa inqilabını tanımaq istəməyən bir çox aristokratlar və din xadimləri ölkəni tərk edirlər.  Ancaq onlar çox da uzaqlara getməyib Fransanın sərhəd rayonlarında hərbi dəstə­lər yaradaraq Avropa monarxlarını tezliklə onların ölkələrinin də yoluxa biləcəyi in­qilab "taun”una qarşı mübarizəyə səsləyirlər.  Geniş antifransız ittifaqının yaranması üçün onların əlinə bəhanəni tezliklə elə fransız inqilabçılarının özləri verirlər.  Fransa Milli Assambleyası beynəlxalq hüququn yeni və inqilabi prinsipini — "millət­lərin öz müqəddəratını təyinetmə hüququ”nu bəyan edir.  Bundan dərhal sonra fransız qoşunları papa ərazisinə — Avinyona girir.  Bu "küfr”dən hiddətlənən Avropa dövlət­ləri Fransız əksinqilabçılarına hərtərəfli yardım göstərməyə və ölkələrindəki demo­kratik qüvvələri amansızcasına təqib etməyə başlayırlar.  20 aprel 1792-ci ildə Fransa Avst­ri­ya və Prussiyaya müharibə elan edir.  Bu müharibənin ali məqsədi demokratiyanı bütün Avropaya yaymaq idi.
Müharibə fransız ordusunun uğursuzluğu ilə başlayır.  Avstriya–Prussiya qoşunlarının Paris üzərinə yeriməsi fransız millətçiliyinin güclənib alovlanmasına təkan verir.  Yüz minlərcə könüllü inqilabi ordunun sıralarına axışır.  1792-ci il aprelin sonlarında sapyor hissəsinin kapitanı Jozef Ruje de Lil bir gecənin içində "Reyn ordusunun döyüş nəğməsi”ni yazır.  Bu coşqun vətənpərvər himn Marselə gedib çıxır və artıq buradan könüllülərin dilində "Marselyoza” adıyla Fransa inqilabının simvollarından biri kimi bütün ölkəyə yayılır.  1795-ci ildə "Marselyoza” Fransa Respublikasının milli himni olur.
20 sentyabr 1792-ci il inqilabi ordu Valma yaxınlığında Prussiya qoşunlarını çökdürür.  Ertəsi gün Milli Assambleya monarxiya rejiminin devrildiyini və respublika qurulduğunu elan edir.  Respublika ordusu cəmi bir neçə ayın içində əksinqilabi ittifaq üzərində bir sıra parlaq qələbə çalaraq Belçika, Reynland, Savoy və Nitsanı ələ keçirir.  Devrilmiş kral Fransa dövlətinin düşmənləri ilə əməkdaşlıqda ittiham olunur və 21 yanvar 1793-cü ildə edam edilir.
Birinci Fransa inqilabı 9 noyabr 1799-cu ildə süquta uğrayır, saysız-hesabsız müharibə­lərdən və daxili sarsıntılardan sonra hakimiyyət artıq diktatorun — gənc və uğurlu general Napoleon Bonapartın əlinə keçir.  Napoleonun hakimiyyəti zəbt etməsi inqi­labın sonundan xəbər versə də, o öz işğalçı yürüşləri ilə hüquq bərabərliyi iddia­sını və respublika döv­lət­çiliyi ideyalarını istər-istəməz bütün Avropaya yayır.  Beləcə, Avropada köhnə rejimin xarabalıqları içərisindən demokratiyanın zəfər yürüşü başlanır.
 
JOZEF RUJE DE LİL
MARSELYOZA (1792)

İrəli, yurd oğulları!
Gəlib çatıb şöhrət anı. 
Qoşun çəkir bizə sarı,
Qanlı bayraqlar tiranı. 
Əsgərlərin vəhşi səsi
Dəlib  keçir  qulaqları,
Qadınları, uşaqları
Qorxudur ölüm hədəsi.
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Bizlərdən nə istəyir ki,
Kölələr-krallar ordusu?.. 
Onlar qandal hazırlayır
Çoxdan fransıza axı!
Qandal — rüsvayçılıq! Aman!
Ürəkdə qəzəb alışır. 
Nə üçün qul tək danışır
Onlar bizimlə hər zaman?!
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Gəlmələrə arxalanıb,
Qanun yazır onlar bizə. 
Satın alınmış gədalar
Sahib çıxır evimizə. 
İlahi! Düşmüşük dara!
Qollarımız zəncirdədi —
Qul olaq deyə əbədi
Despotlara, tiranlara!
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Əsməcəyə düşsün tiran 
Başının küt dəstəsiylə. 
Məkrli məmləkət quran
Cəzalansın haqq səsiylə.
Əsgər olmuşuq hamımız,
Gənc igidlər həlak oldu.
İkiqat artıq doğulduq
Yenmək üçün sizləri  biz. 
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Fransızlar! Böyük ürək
Döyüşdən bezmiş hər kəsi,
Siz mərdlərə göstərərək,
Amana çağırır sizi!
Amma qanlı və qəddardır 
Buye’yə şərik olanlar.
Bir yırtıcı kimi onlar,
Anaya da amansızdır. 
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Ey müqəddəs yurd sevgisi,
Apar bizi intiqama. 
Azadlıq! Şəhid bil bizi,
Yox onlara  xilas amma. 
Qoy bayraq kimi  yüksəlsin
Qələbənin  qadir  səsi. 
Şöhrət olur yurd sevgisi,
Qoy müştəbeh düşmən bilsin. 
 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
 
Yolda ki canlar qoyublar,
Biz o yolla gedəcəyik. 
Mərdlər harda uyuyublar
Orada and içəcəyik. 
Ölmək xoşdur igidlər tək
Dözmək alçaltmasın bizi,
Toplayaraq gücümüzü,
Təki qisas alıb ölək. 
Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!
Mənbə: yazarkesh.wordpress.com



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.