Ayn Calud döyüşü

Ayn Calud döyüşü

 

3 sentyabr 1260-cı ildə Misirdə hökmranlıq edən Məmlüklər ordusu ilə Hülakülər ordusu arasında, Fələstində Ayn Calud adlı yerdə döyüş baş vermişdir. Rəvayətə görə, İsrailoğulları Davud peyğəmbərin rəhbərliyi altında zülmkar Amaliqa qəbiləsinin lideri Caluda qarşı vuruşarkən, Davud Caludun gözünü məhz burada çıxarmışdı. Ona görə də əhvalatın baş verdiyinə inanılan həmin yerə "Ayn Calud" (ərəbcədən tərcümədə "Caludun gözü") adı verilmişdi.
Hülakü xanın göndərdiyi orduya rəhbərlik edən Kit Buğa adlı sərkərdə Məmlük ordusunun başçısı Sultan Qotaza təslim olmaq haqda məktub yazmışdı. Sultan Qotazın cavabı çox sərt olmuşdu: məktubu gətirən moğol elçilərinin başı kəsilərək, Qahirə şəhərinin darvazalarından asıldı. O vaxta qədər moğollara belə cavab verən olmamışdı. Buna görə də döyüşün amansız olacağı şübhə doğurmurdu. Ayn Caludda qarşılanan moğollar bu dəfə döyüş meydanında özlərini yaxşı tanıyan ordu ilə üzləşmişdi. Belə ki, Məmlük ordusunda səhra döyüşlərini yaxşı bilən, at sürməyi, ox atmağı yaxşı bacaran türkmən və çərkəzlər yer almışdı. Hər iki orduda 20 mindən çox əsgər vardı. Moğollar hər zaman olduğu kimi, bu dəfə də saxta geriçəkilmə taktikasını yerinə yetirdilər. Məmlük ordusu tələyə girdi. Məmlüklüləri üzük qaşı kimi mühasirəyə alan moğollar rəqiblərini təzəcə qırmağa başlamışdılar ki, Sultan Qotazın döyüş meydanına yaxın bir yerdə gizlətdiyi dəstələr köməyə atıldı. Bunu nəzərə almayan moğollar bu dəfə özləri iki cəbhə arasına sıxılmışdı. Gücündən şübhə edilməyən moğol ordusu darmadağın edildi. Moğol sərkərdələrinin hamısı edam edildi. Ayn Calud döyüşü ilə ilk dəfə qəti şəkildə məğlub olan moğollar artıq məğlubedilməz deyildilər. Moğollar bu savaşdan sonra Misirə əsla girə bilməmiş, onların qərbə doğru irəliləyişi dayanmışdı. Bəzi tarixçilərə görə, bu döyüş moğollar üçün sonun başlanğıcı olmuşdu.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 noyabr 2013 19:29
    ox maraqlixebede.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.