AZADISTAN MƏMLƏKƏTİ

AZADISTAN MƏMLƏKƏTİ

 

AZADISTAN MƏMLƏKƏTİ - CƏNUBİ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1920-ci il aprel - sentyabr) 

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.

Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, Konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

 

Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə - demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Komitəsinə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər.

Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə - 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislər Bakı neftinə can atırdılar. İngiltərə hökuməti, əlavə olaraq, İrana general Denstervilin başçılığı ilə yeni hərbi qüvvələr də göndərdi. General Denstervilə Ənzəli, Rəşt və Bakını ələ keçirmək barədə göstəriş verilmişdi.

İngilislərin, guya "türk təhlükəsini" "qabaqlamaq" məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

 

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 Aprel üsyanı qan tökülmədən qalib gəldi. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi.

Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.

İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, xalqın tamamilə müstəqil yaşamaq əzminin əleyhinə olaraq, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Beləliklə, xalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı.

Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ümumiran xalq hökumətinin təşkilində azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin idi ki, "Təbriz İrana nicat verəcəkdir!".

Beləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yaratmaq kimi siyasi vəzifə qoymayan Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı. Milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı. Polis məktəbi açıldı. Eyni zamanda, yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı "Azadıstan"la əvəz olundu.

Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı. O, Təbrizin şəhər bağında təşkil olunmuş yığıncaqlarda tərəqqipərvər fikirlərini təbliğ edirdi. Şeyx Məhəmməd Xiyabaninin 15 iyun 1920-ci ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları öz əksini tapıb:

- "Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhs buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

 

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir".

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı.

Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin, İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış nizamlı hökumət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Vaxtilə Gülüstanda və Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.

azerbaijan.az




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.