İrəvan

İrəvan

Azərbaycan xanlarının, sərdarlarının vətəni və iqamətgahı olmuş İrəvanda indi nə xan qalıb, nə də bu xanların, sərdarların tikdirdiyi qalalar, saraylar

Tarix boyu ermənilər məqsədyönlü şəkildə türk-müsəlman aləminə məxsus olan tarix və mədəniyyət abidələrini yer üzündən silməyə çalışıblar. Erməni vandalları bu məqsədlərini Qərbi Azərbaycan torpaqlarında tam olaraq həyata keçirə biliblər. 1988-ci ilə qədər Qərbi Azərbaycanda 1870-dən çox türk-müsəlman mənşəli tarixi-mədəniyyət abidələri və kənd, qəsəbə, el-oba adları dəyişdirilərək, ya erməniləşdirilmiş, ya da tamamilə məhv edilmişdir. 
Bunların arasında İrəvan sərdarlarının və xanlarının iqamətgahı olmuş İrəvan qalasındakı Sərdar sarayı və ya İrəvan Xan sarayı da var.
İrəvan hakimləri və xanları üçün tikilən ilk iqamətgahlar haqqında demək olar ki, məlumatlar yoxdur. Elə İrəvanın qədim tarixinə dair əldə olan tarixi faktlar da çox azdır. Bunun əsas səbəbi iranlılarla, sonradan səfəvilərlə osmanlılar arasında fasilələrlə 350 ildən çox davam edən müharibələr, şəhərin 14 dəfə əldən-ələ keçməsi, 1679-cu il zəlzələsində dağılmasıdır.
İrəvan

İrəvan qalasını ucaldan, möhtəşəm abidələr yaradan xalqın kimliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün İrəvanın qədim tarixinə aid məlum faktları yığcam şəkildə nəzərdən keçirək.

Qaraqoyunluların (1410-1467) və Ağqoyunluların (1467-1503) hökmranlığı dövründə İrəvan coğrafi mövqeyinə və yerli şəraitinə görə Çuxur Səd bəylərbəyliyinin inzibati mərkəzi olub. 1503-cü ildə I Şah İsmayıl Almaqulağı döyüşündə Ağqoyunluları məğlub edəndən sonra Ağqoyunlu dövlətinə son qoyuldu. Beləliklə, Səfəvilər dövlətinin torpaqları Şərqdə Şeybani xanın Özbək dövləti ilə, Qərbdə isə Osmanlı Türkiyəsi ilə həmsərhəd olmaqla Amu-Dəryadan Fərat çayına qədər böyük bir ərazini əhatə edirdi. Səfəvilər dövləti Osmanlı Türkiyəsinin təhlükəsindən qorunmaq məqsədilə İrəvanı möhkəmləndirmək üçün tədbirlər görməyə başladı.
Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə 1509-1510-cu illlərdə Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana Zəngi çayının sağ sahili boyunca qala tikdirilməsi üçün fərman verib. İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparmaq, şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən Yervand Şahəziz də söhbət açır. Rəvanqulu xan 7 ilə İrəvan qalasını tikdirib başa çatdırıb.
İrəvan

Sözsüz ki, İrəvan Qaraqoyunlu və Ağqoyunlular dövründə Çuxur Səd vilayətinin inzibati mərkəzi olarkən burada vilayət hakimləri üçün saray mövcud olub. Lakin bu tikililər barədə əlimizdə məlumat yoxdur. Belə iqamətgahlar haqqında ilk məlumat II Şah İsmayılın qardaşı kor Məhəmməd Xudabəndənin dövrünə (1578-1587) təsadüf edir. Onun dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir gölün yaradılması (indi S. Şaumyanın adını daşıyan "Toxmaq" gölü), yeni arxların çəkilməsi ilə yanaşı, 1578-ci ildə İrəvanda gözəl bir bağın salınması, xan imarətinin tikilməsi də məlumdur.

 

Xudabəndənin oğlu I Şah Abbas dövründə İrəvan hakimi Əmirqunə xan Qacar (1605-1625) tərəfindən xan imarəti yenidən ucaldılır, şəhər qalası daha da genişləndirilir, yenidən qurulub möhkəmləndirilir. İrəvan qalası şəhərin o zamankı memarlığına xüsusi yaraşıq vermişdir. Öz dövrünün yüksək memarlıq, bədii sənətkarlıq nümunəsi olan qalanın 50-60 bürcü, qala içindəki sarayı, güzgülü salonu , bəzəkli gəlinə bənzəyən qoşa-qoşa məscidləri, iki-üçmərtəbəli binaları, yüksək zövqlə tikilmiş kişi və qadın hamamları, böyük mərmər hovuzu, bəzəkli "Təbriz qapısı", ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri, orijinal memarlıq quruluşu və tərtibat zənginliyi Avropa və rus səyyahlarını valeh etmişdir. Lakin 1679-cu ildə zəlzələ İrəvan şəhərində böyük dağıntılar törədir. İrəvanın yeni hakimi təyin olunmuş Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gəlmiş Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə almışdır: "...Məscidlər, karvansaralar, kilsələr dağıldı, qala yerlə-yeksan oldu, körpülər yatdı, sular batdı, ölən qalandan çox oldu. Ətrafda it-pişik də gözə dəymirdi. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları, kilsələri yenidən tikdilər. Şəhər dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı".

İrəvan

İrəvanın dövrümüzədək gəlib çatmayan memarlıq və təsviri sənət örnəkləri haqqında məlumatların çoxu da zəlzələdən sonrakı illərə aiddir. Lakin zəlzələdən sonra qalanın və xanların iqamətgahının tikintisi tam başa çatdırılmır. İrəvan xanlarının iqamətgahının bizim tarixi şəkillərdə və mənbələrdə təsəvvür edilən hala salınması Hüseynəli xanın (1762-1783) adı ilə bağlıdır. 1760-1770-ci illərdə İrəvan hakimi Hüseynəli xanın tapşırığı ilə memar Mirzə Cəfər saray kompleksini təkmilləşdirmiş və genişmiqyaslı yenidənqurma işləri aparmışdır. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülü salonunu və yay imarətini inşa etdirmişdir. 1798-ci ildə isə Mahmud xan da öz növbəsində sarayda abadlıq işləri gördürməklə yanaşı, həm də bir neçə müxtəlif təyinatlı binalar tikdirmişdir. Sarayın son bəzək işləri məşhur azərbaycanlı rəssam Mirzə Qədim İrəvani tərəfindən 1850-ci ildə işlənmişdir.

İrəvan şəhərinin mülki memarlıq nümunələrindən ən diqqətçəkəni Sərdar sarayı, yaxud Xan sarayı olmuşdur. İrəvan qalasının şimal-qərb hissəsində yerləşən saray kompleksi vaxtilə bura gələn səyyahları heyran etmişdir. Saray kompleksi bütünlüklə Zəngi çayının qorxunc uçurumu kənarında qərar tuturdu. Çayın digər sahili boyunca müxtəlif gül-çiçək və meyvə ağacları ilə zəngin olan Xan bağı salınmışdır ki, ilin əksər ayları buralar yaşıllığa bürünmüş olardı.
Sarayın 1837-ci ildə tərtib edilmiş mükəmməl planına əsasən onun 1 hektar ərazini əhatə etdiyi aydın olur. İrəvan xanlarının iqamətgahı qala kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı açılmışdır. Bir-birinə bitişik olan, uzun fasada malik saray və hərəmxana vahid memarlıq kompozisiyası təşkil etmişdir. Hərəmxana sarayla kiçik dəhlizlə birləşmişdir.
İrəvan

Saray kompleksinin özü bir neçə saraydan ibarət olmuşdur. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ən böyük ikimərtəbəli saray trapesiya (ölçüləri 36x35x31x25 m) formasında tikilmişdir. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri - taxçalar düzəldilmişdir. Bundan əlavə, həmin saraya bitişik daha iki saray - biri yaşayış hissəsi, digəri yardımçı bina olmuşdur.

Düzbucaqlı formalı ikimərtəbəli hərəmxana binası cənub-qərb tərəfdən saraya bitişik tikilmişdir. Hərəmxananın həyətində hamamın yanında isə uzunluğu 32 metr, eni 9 metr, dərinliyi 2.1 metr olan böyük üzgüçülük hovuzu olmuşdur.
İrəvan

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi olan divarüstü boyakarlıq memarlıq abidələrində öz əksini tapmışdır. Avropa səyyahlarını və rəssamlarını valeh edən, tərif dolu təəssüratlarını yazmağa vadar edən də Sərdar sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı, divarları bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərləri olmuşdur.

İrəvan Xan sarayının daxili tərtibatı haqqındakı yazılar, 1828-ci ildə rus rəssamı akademik V.Maşkovun, 1840-cı illərdə arxeoloq alim və rəsam Q.Qaqarinin, XIX əsrin 60-cı illərində fotoqraf D.Yermakovun, əsrin sonunda ingilis səyyahı H.Linçin bilavasitə naturadan çəkdiyi rəsm əsərləri və fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir. Sarayın Güzgülü zalı və yay köşkünün divarlarını bəzəyən ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli divar rəsmləri həmin dövrdə mövcud olmuş kanonlara və ənənəyə əsaslanır. Bir qayda olaraq divarların paneldən yuxarı səthində taxçalarda və taxçalararası pannolarda həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ kompozisiyalar, gül-çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri verilmişdir.
Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil edir. Avropa səyyahları Kerr-Parter, Ceyms Moriez, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
İrəvan

H.Linc İrəvan Xan sarayının Güzgülü salonunu belə təsvir etmişdir: "Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olub. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir".

Güzgülü zalın dərin çatma tağlı ön divarında ornamental pannolarla tavan arasında qalan zolaqda oxşar və eynibiçimli çərçivə daxilində Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın, qəhrəman Fəraməzin, Rüstəm Zalın, onun oğlu Zöhrabın, habelə bir İran cəngavərinin portretləri təsvir olunmuşdur.
1827-1828-ci illərdə rus ordusunun İrana hücumunu müşayiət edən V.Maşkavun çəkdiyi rəsmdə Fətəli şahla Abbas Mirzənin portretləri arasında izdihamlı ov səhnəsi təsvir edilmişdir.
XIX əsrin 50-ci illərində baxımsızlıq üzündən yarasız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında qismən də olsa bərpa işləri aparılmışdır. Bərpa işlərini Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) həyata keçirmişdir. Xüsusi rəssamlıq təhsili almayan M.Q.İrəvani bu sənəti bədii oyma ustası olan atasından öyrənmişdir. Yaradıcılığının ilk dövrlərində dekorativ sənətlə məşğul olmuş, bir sıra portretlər - "Süvari", "Rəqqasə", "Dərviş" və s. yaratmışdır, İrəvan sərdarının sarayındakı pannoları və süjetli kompozisiyaları bərpa etmiş, sarayın Güzgülü zalında yağlı boya ilə bir neçə monumental portret (Fətəli şah, Abbas Mirzə və s.) çəkmişdir. Onun 1860-70-ci illərdə yaratdığı "Vəcihulla Mirzə", "Ayaq üstə dayanmış qadın", "Oturmuş qadın", "Gənc oğlan" rəsmləri Azərbaycan İncəsənət Muzeyində, "Şah Tələt" əsərləri Gürcüstan Dövlət İncəsənət Muzeyində, "Çiçəklər və quşlar" isə Sankt-Peterburqda Ermitajda saxlanılır.
Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi - portretlər və dekorativ pannolar bərpa edilmişdir. Ov, döyüş və məhəbbət səhnələrini bərpa etmək isə mümkün olmadığından onların yerində yeni ornamental-dekorativ pannolar çəkilmişdir.
Portretləri bərpa edərkən M.Q.İrəvani işə mexaniki yanaşmamış, yeni texniki vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaratmışdır. Böyük ölçülü kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər əslində realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz ona görə bu əsərlər yüksək qiymətləndirilir və Asiya boyakarlığının ən yüksək nümunəsi hesab edilir.

 

Saray 1913-1918-ci illərdə erməni millətçilərinin təcavüzünə məruz qalmış, dağıdılmış, həmin portretlər 1913-cü ildə çıxarılıb Tiflisə aparılmışdır. Rəsmlərdən bir neçəsi hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayın binasını yerlə-yeksan etmişlər. Son nəticə olaraq, Səfəvi və Qacar dövrünə məxsus olan saray memarlığının gözəl bir nümunəsi də yer üzündən beləcə əbədi silinmişdir.

Mübariz Əsgərov
"Milli Məclis" jurnalının redaktoru

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 sentyabr 2012 01:55
    ehsen maraqli faktlara gore

  2. 26 dekabr 2012 18:24
    maraqli idi beyendim en cox men Irevani dersini xoslayirdim

  3. 15 sentyabr 2013 12:30
    cox sag olun melumata gore

  4. 15 sentyabr 2013 14:16
    melumatlara gore cox saqolun oxudum sad oldum tesekkurler

    --------------------

  5. 19 sentyabr 2013 16:36
    SALAM melumata gore twk sagolun dersliklerdekinde daha etrafli melumatdi.

    --------------------

  6. 5 mart 2014 18:49
    birincisi men resimi cox xoslayiram resim cekmeyi cococoxxx sevirem bos vaxtlarimada ise nese sekil cekirem.xebere gore tessekkur tongue smile winked wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.