Fətəli xan Xoyski

[/b]

[b]Fətəli xan Xoyski

Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi, milli dövlətçilik tariximizdə  şərəfli yer tutmuş Fətəli xan Xoyski 1875-ci il noyabr ayının 11-də Şəki şəhərində  general-leytenant İsgəndər xan Xoyskinin  ailəsində dünyaya göz açmışdır.  Əslən Xoy şəhərindən olan Şəki xanı Cəfərqulu xanın  nəslindəndir. Mükəmməl  orta və ali təhsil alan  Fətəli xan dövrünün mütərəqqi və vətənpərvər əhval-ruhiyyəli  ziyalısı kimi yetişmişdir. Moskva universitetinin hüquq fakultəsini  1897-ci ildə bitirdikdən sonra Rusiya məhkəmələrində hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur.

 

         1905-1907-ci illərin birinci rus  burjua-demokratik inqilabının yaratdığı demokratik şərait gənc Fətəli xanın həyatında mühüm dönüş nöqtəsi olur. 1907-ci ildə Gəncə quberniyasından II Dövlət Dumasına  deputat seçilən Xoyski burada təşkil olunmuş Müsəlman fraksiyasında  görkəmli rol oynayır. Dumanın tribunasından Rusiya hökumətinin müstəmləkəçilik siyasətinin mahiyyətini ifşa etmək, milli zülmə və ayrı-seçkiliyə son qoyan tələblər irəli sürməklə  məşhurlaşmışdı. Rusiya imperiyasında  milli və dini fərqlərə görə vətəndaşların mülki və siyasi hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim olunmuş qanun layihələrini imzalayan 173 deputatdan biri də Fətəli xan olmuşdur.

         Fətəli xan Xoyski istiqlal mübarizəsini Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha əzmlə davam etdirir.  O, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda  aparılan hərəkatın liderlərindən  birinə çevrilir. Belə ki. Fətəli xan Bakıda təşkil olunmuş Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.  1917-ci ilin oktyabrında Bakı şəhər dumasına keçirilən  seçkilərdə müsəlman bloku əksəriyyət  səsləri qazandığından  bu blokun  təmsilçisi Xoyski dumanın sədri seçilir.

         Cənubi Qafqazda ictimai-siyasi hadisələrin son dərəcə mürəkkəb və kəskin cərəyan etdiyi bir şəraitdə Xoyskinin başçılıq etdiyi Bakı şəhər duması bolşevik-daşnak diktaturasına-Bakı Sovetinə qarşı fəaliyyət göstərən yeganə real qüvvə olur.

         Oktyabr çevrilişindən sonra Cənubi Qafqaz ölkələrinin müstəqilliyi uğrunda mübarizənin ön sıralarında    gedən Fətəli xan 1917-ci il noyabrın 17-də Tiflisdə yaradılmış müstəqil Cənubi Qafqaz hökuməti-Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığının xalq maarif komissarı vəzifəsini tutur.

         1918-ci il fevralın 23-də fəaliyyətə başlayan Cənubi Qafqaz Seymində təmsil olunan Müsəlman fraksiyasının 44 deputatından bir də Xoyski olur. O, Seymin və Müsəlman fraksiyasının iclaslarında Cənubi Qafqaz xalqları arasında əmin-amanlıq yaradılması, Osmanlı dövləti ilə  sülh  müqaviləsi bağlanması və münasibətlərin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürür.

         Xoyski 1918-ci il aprelin 22-də elan edilmiş Cənubi Qafqaz Federativ Respublikası hökumətində  ədliyyə naziri  vəzifəsini tutur. Lakin Cənubi Qafqaz Federasiyası  ermənilərin  pozuculuq tədbirləri, Osmanlı dövləti ilə  münasibətdə  fikir ayrılığı  səbəblərindən uzunömürlü olmur. 1918-ci il mayın 25-də Xoyskinin sədrliyi ilə  Cənubi Qafqaz Seyminin  Müsəlman fraksiyasının iclası keçirilir. Bu iclasa dəvət olunmuş  Cənubi Qafqaz Seyminin sədri K.Çxeidze gürcü fraksiyası adından bildirir ki, Cənubi Qafqaz xalqlarını müstəqillik ətrafında birləşdirmək mümkün deyil. Ona görə də vəziyyətdən   çıxış yolu kimi biz Gürcüstanın müstəqilliyini elan etməyə məcburuq. Cavabında Fətəli xan bildirir ki, «...gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır».

         Fətəli xan və məsləkdaşları artıq 1918-ci ilin dəhşətli soyqırımından  sonra müstəqilliyin qaçılmaz zərurət olduğunu dərk edirdilər. İndi isə tarixi an yetişmişdi. Yaranmış fürsətdən faydalanmaq, Azərbaycanın dövəltçiliyini  və  ərazi bütövlüyünü  bərpa etmək lazım gəlirdi. Cənubi Qafqaz Seyminin sonuncu islasında  Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elan edilməsi ilə  əlaqədar mayın 27-də  Müsəlman fraksiyasının fövqəladə iclası keçirilir. M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şura  yaradılır. Xoyski isə Milli Şuranın İcraiyyə Komitəsinin sədri seçilir.

         Milli Şura yaranmış şəraitdə Azərbaycanın idarəsini  öz üzərinə götürərək mayın 28-də özünün  tarixi iclasını  keçirir. Cənubi Qafqazın Cənub-Şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və «İstiqlal Bəyannaməsi»nin qəbul olunması haqqında qərar  qəbul edilir.  Mili Şuranın üzvü Fətəli xan Xoyski  yekdilliklə Müvəqqəti hökumətinin sədri seçilir. Ona  Azərbaycan Xalq Cümhuriyyətinin  ilk hökumət kabinetini formalaşdırmaq tapşırılır. Az sonra Fətəli xanın  tərkibini elan etdiyi bu hökumətdə o, həm də daxili işlər naziri vəzifəsini  tutur.

         Müstəqil Azərbaycan dövlətinin ilk baş naziri  Xoyskinin gərgin və şərəfli  dövlətçilik fəaliyyəti də  məhz bu andan etibarən başlayır. O, ilk olaraq 1918-ci il mayın 30-da dünya ölkələrinin xarici işlər nazirliklərinə teleqram göndərərək Cənubi və Şərqi Qafqazda demokratik dövlətin-Azərbaycan Respublikasının yarandığını bildirir. Azərbaycan hökumətinin Tiflis dövrü (1918-ci il 28 may-16 iyun) yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir.

         Azərbacan Milli Şurası və Azərbaycan hökuməti öz fəaliyyətini Azərbaycan ərazisində davam etdirmək, hakimiyyətini bütün Azərbaycana yaymaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək məqsədilə  1918-ci il iyunun 16-da Gəncəyə köçür. Lakin Xoyski və onun başçılıq etdiyi  hökumət burada bir sıra çətinliklərlə üzləşir. Belə ki, Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı  Nuru paşa Milli Şuraya və Azərbaycan hökumətinə etimadsızlıq göstərir.  Yaranmış gərgin siyasi şəraitdə  çıxış yolunu istefa  verməkdə görən Fətəli xanın  1918-ci il iyunun 17-də  Milli Şuranın iclasındakı  bəyanatında bildirilirdi: «Gürcüstan Cənubi Qafqazdan ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz qalmışdı. Buna görə də biz Müvəqqəti hökumət təşkil etməyə məcbur olduq. İndi biz öz ərazimizdəyik. Mən və mənim yoldaşlarım bizim istefaya çıxmağımızı xahiş edirik. Ümid edirik ki, bizim xahişimizi qəbul edəcək və bizim çatışmazlıqlarımızı bağışlayacqsınız».

         Milli Şura Xoyskinin istefasını qəbul etsə də, baş vermiş siyasi böhranın aradan qaldırılmasında onun rolunu yüksək dəyərləndirərək ikinci hökumət kabinetinin  təşkilini yenidən ona tapşırır. Yeni hökumətdə Xoyski baş nazir və Ədliyyə naziri  vəzifələrini tutur. Milli Şuranın iclasında hökumətin  yeni proqramını elan edən  Fətəli xan  bildirir ki, onun başçılıq etdiyi  ikinci hökumətin fəaliyyətinin başlıca vəzifəsi Azərbaycanın azadlığını və istiqlaliyyətini möhkəmləndirmək uğrunda ardıcıl mübarizə aparmaq olacaqdır.

Azərbaycan Milli Şurasının 1918-ci il 17 iyun tarixli iclasının qəbul etdiyi iki  mühüm qətnamə Xoyski  hökumətinin fəaliyyət istiqamətlərini  dəqiq müəyyənləşdirməklə yanaşı, ona geniş səlahiyyətlər də verir.  Müstəqil Azərbaycan  dövlətinin fəaliyyətinin  ilk mərhələsində qanunverici və  icra hakimiyyətinin əsas ağırlığını  öz üzərinə götürmüş  ikinci hökumət   kabinetinin  Gəncə dövrü (1918-ci il 16 iyun-16 sentyabr) dövlət quruculuğu baxımından çox məhsuldar olmuşdur.

         Xoyskinin başçılıq etdiyi yeni hökumətin ilk tədbiri Bakı XKS-nın  təcavüzünün qarşısını almaq, Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etmək və Azərbaycan hökumətinin fəaliyyətini bütün Azərbaycan ərazisində bərpa etmək məqsədilə  iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etməsi oldu. Hərbi mükəlləfiyyət haqqında, Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi haqqında, Azərbaycan dövlət bayrağı haqqında qəbul edilmiş qanunlar və qərarlar gənc Azərbaycan hökumətinin dövlətçilik fəaliyyəti ilə yanaşı, demokratik və dünyəvi dövlət quruculuğu prinsipinə dönmədən əməl edəcəyindən  xəbər verirdi.  İkinci hökumət kabinetinin dövlətçilik fəaliyyətinin ən mühüm məqamlarından birini 1918-ci il iyunun 15-də təşkil etdiyi Fövqəladə Təhqiqat Komissiyası oldu. Bu Komissiyanın yaradılmasında məqsəd  Birinci Dünya müharibəsi illərində, 1918-ci ilin mart-may aylarında Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı erməni vəhşiliklərini öyrənmək, bu işin müqəssirlərini müəyyənləşdirmək və onları məsuliyyətə cəlb etmək idi.

         Fətəli xanın vasitəsilə rəhbərliyin  ilə təşkil olunmuş gənc Azərbaycan ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə  Bakı XKS-nın Gəncə üzərinə yürüşünü müvəffəqiyyətlə dəf etdikdən sonra, müzəffər yürüşlə sentyabrın 15-də Bakını düşmənlərdən azad etdi. Sentyabrın 17-d Bakıya köçən Azərbaycan hökuməti öz fəaliyyət dairəsini daha da genişləndirdi. Bakının düşmənlərdən azad olunmasını yüksək  dəyərləndirən Xoyski deyirdi: "Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan, kononerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların 50 minlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır...”.

Fətəli xan Xoyski
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 iyun 2014 10:25
    cox sag olun etrafli melumata gore

    --------------------

  2. 5 iyul 2014 10:06
     Boyuk kederle demeliyem ki xalqimizin bele qeyretli oglunu menfur bir ermeni vehwicesine qetle yetirib.

  3. 5 aprel 2015 18:31
    BÖYÜK İNSAN ALLAH RƏHMƏT ELƏSİN

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.