Əfşarlar dövlətinin dağılması

Əfşarlar  dövlətinin dağılması

Əfşarlar  dövlətinin dağılması. 1743-1744-cü illər­də Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başlayır. Şəkidə mübarizə daha kəskin olur və özünəməxsus səciyyə daşıyır. Burada hakimlik edən  məlik Nəcəf xalqa əzab verməkdə, qəddarlıqda, vergiləri üçqat toplamaqda, topladığının çoxunu mənimsəməkdə  digər hakimləri geridə qoyur. Buna görə də xalqın qəzəbi və narazılığı ciddi və mütəşəkkil hərəkat halına gəlir. Səbri tükənmiş əhali 1741-ci ildə Nadir şaha məlik Nəcəfdən şikayət edir. Bu şikayətin nəticəsi olaraq Nadir şah Şəki əyanlarına özləri üçün vəkil seçmək hüququ verir.

 

Şəkidə böyük nüfuza və hörmətə malik olan yerli feodallardan Hacı Çələbi Qurban oğlu vəkil seçilir. O, bundan sonra məlik Nəcəfin işinə qarışmağa, onun əleyhinə çıxmağa başlayır. Bundan qəzəblənən məlik Nəcəf şahın düşərgəsinə gedərək şikayət edir ki, «Hacı Çələbi şahın tapşırıqlarının yerinə yetirilməsinə mane olur, özü şahın əmrlərini yerinə yetirmir, xalqı da onları icra etməyə qoymur».

Qəzəblənmiş Nadir şah Hacı Çələbini hüzuruna çağırtdıraraq edam olunması barədə hökm verir. Hacı Çələbi ölüm qarşısında özünü mərd və dəyanətli aparır, qorxub-çəkinmədən hamının nifrətini qazanmış məlik Nəcəfin pis əməllərini ifşa edərək şahı inandıra bilir. Hacı Çələbi bu mərdliyinə və qorxmazlığına görə azad edilir və geniş səlahiyyətlər alır. Onun dar ağacı altındakı nitqi Nadir şahı heyrətə gətirmişdi. O, öz əmirlərinə müraciətlə deyiir: «Mənim hüzurumda bir kimsənin həddi yoxdur ki, nəfəs çəkə. Nuxalı Çələbi cürət sahibi imiş ki, boğazında kəndir bu ərzləri mənə elədi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta gələcək. Mənim zənnim xəta olmaz». Doğrudan da Nadir şahın dediyi düz çıxır. Şahın düşərgəsindən qayıdan Hacı Çələbi məlik Nəcəfin fəaliyyəti üzərində nəzarəti daha da artırır. Məlik Nəcəf də yenidən şaha şikayət edir. Nadir şah Hacı Çələbini təkrar hüzuruna çağırır. Bu dəfə bağışlanmayacağını  bilən Hacı Çələbi çağırışa getmir. Lakin Nadir şah Osmanlılarla müharibəyə hazırlaşdığından Hacı Çələbinin bu hərəkətinə əhəmiyyət vermir.

1743-cü ildə Əfşarlar əleyhinə ümumxalq hərəkatı Şirvanda daha da güclənir. Bu vəziyyət Şəki əhalisinin Əfşarların idarə üsuluna qarşı çıxışları üçün əlverişli şərait yaradır. Uzaqgörən Hacı Çələbi başa düşür ki, Nadir şah onu bağışlamayacaq, gec-tez Şəkiyə gələcəkdir. Ona görə də etibarlı adamlarını başına yığıb məlik Nəcəfin iqamətgahına hücuma keçir və onu öldürürlər.  Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar xanədanına  qarşı mübarizənin yeni mərhələsinin başlanğıcı olur. Daxili və xarici vəziyyət Nadir şaha qoşunu parçalayıb bir hissəsini Şəkiyə göndərmək imkanı vermir. Bu zaman Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də narazılıqlar davam edir.

Dövlətin qərb sərhədlərini möhkəmləndirməyə böyük əhəmiyyət verən Nadir şah ölkə daxilində baş verən üsyanları yatırmaqla başını qatmaq istəmir. Çünki sərhəddə dayanan Osmanlı qoşununun hər an müdaxilə etməsi mümkün idi. Bütün bu amillər Hacı Çələbiyə fəaliyyətini bir az da genişləndirmək imkanı verir. O, şahın adamlarını qovaraq, 1743-cü ildə Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan edir. Bununla da Azərbaycanda kiçik feodal dövlətləri olan xanlıqların yaradılmasının əsası qoyulur.

Təbii ki, Nadir şah yaranmış vəziyyətlə barışmaq istəmir və Osmanlı dövləti ilə sərhəddəki sakitlikdən istifadə edərək sərt qışa, soyuğa baxmayaraq Şəki üzərinə yürüş edir. Hacı Çələbi isə «Gələsən-görəsən» qalasına çəkilərək müdafiə mövqeyi tutur.

1744-cü ildə Nadir şahın qoşunu Şəkiyə yaxınlaşır, lakin «Gələsən-görəsən» qalasında ciddi müqavimətə rast gəldiyindən Bərdəyə çəkilməli olur. Şah bir qədər burada qaldıqdan sonra qoşunla Dərbəndə doğru irəliləyir. 1745-ci ilin yazında Nadirin qoşunu Ərəş istiqamətindən hərəkət edərək yenidən «Gələsən-görəsən» qalasına hücum edir. Şəkililər inadla müqavimət göstərərək dağların çətin keçidlərində şah qoşununa qəfil zərbələr endirirlər.

Osmanlı dövləti ilə münasibətlər yenidən gərginləşdiyindən şah qala ətrafında bir dəstə saxlayıb, 1745-ci ilin ortalarında Osmanlılarla hərbi əməliyyat yerinə qayıdır.

Beş ay mühasirədə qalan «Gələsən-görəsən» qalasında1746-cı ildə ərzaq tükənir. Vəziyyətin ağırlaşdığını görən Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə Nadir şaha güzəştə gedərək onun hakimiyyətini tanımağa məcbur olur. Əslində bu Hacı Çələbinin təslim olması yox, xalqı aclıqdan çıxarmaq üçün yeritdiyi siyasət idi. Nadir şahın da öz növbəsində, Şəki və Şirvanda geniş nüfuza malik olan Hacı Çələbidən istifadə etmək  niyyəti olduğundan  vəziyyətlə barışır. Qalanın müdafiəsinin dayandırılması hələ Azərbayc\anın Nadir şaha tabe olması anlamına gəlmirdi. Şirvan və Şəki üsyanlarından sonra Azərbaycan xalqının vəziyyəti dahva da pisləşir. Hər yerdə dağıntı və aclıq hökm sürür.

1747-ci ildə Əfşarlar əleyhinə Şəkidə, Ərdəbil və Təbrizdə yeni üsyanlar baş verir. Lakin bu üsyanlar da nəticəsiz qalır.

Bu dövrün üsyanlarının səciyyəvi cəhəti, onların çoxunun eyni vaxtda başlaması  nəticəsində şah  qoşu­nu­nun parçalanmasına və maddi ehtiyatların tükənmə­sinə səbəb olmasıdır. Üsyanların əksəriy­yətinin kortə­biiliyi onların taleyini əvvəlcədən həll edir, üsyançıların öz məqsədlərinə çatmasını mümkünsüz edirdi. Bununla belə, həmin üsyanların böyük tarixi əhəmiyyəti Azər­baycan və digər ölkələrdə azadlıq hərəkatının geniş­lənməsinə şərait yaratmasıdır. Aramsız müharibələr, iqti­sadi vəziyyətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Əfşarlar sülaləsinin idarə etdiyi  dövlətin süqutunu yaxınlaşdırır. 1747-ci il iyunun 19-da Nadir şah sui-qəsd  nəticəsində öldürülür, onun yaratdığı dövlət süqut edir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 avqust 2013 14:31
    nadiri oxumusdum ama bunu deqiq bilmirem

  2. 29 noyabr 2013 21:08
    tarix kitabindada beledi twk...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.