Rusiyanın Xəzəryanıda hökmranlığı

Rusiyanın Xəzəryanıda hökmranlığı
 

Rusiyanın Xəzəryanı bölgələrdə hökmranlığı. 1722-1724-cü illərdə rus qoşunlarının Dərbənddə, Bakıda və Rəştdə möhkəmlənməsi Cənubi Qafazda və Xəzər dənizi hövzəsində Rusiyanın sabit  mövqe qazanmasına səbəb olur. Rusiya  Dərbənd keçidinə və Xəzərin mühüm limanlarına nəzarəti ələ keçirməklə yanaşı, Osmanlı türklərinin Xəzər sahilinə doğru irəlilməsinin qarşısını almağa nail olur.

 

         İşğal olunmuş Xəzəryanı vilayətləri idarə etmək üçün ilk vaxtlar komendant idarə üsulu yaradılır. Sonralar isə bu bölgələr, Səfəvilər vaxtında  olduğu kimi mahallara bölünür.  Mahalları idarə edən darğaların əsas  işi vergiləri toplamaq olur. Mahallar nahiyələrə bölünür, onları idarə etmək yüzbaşılara, kəndlərin idarəsi isə kətxuda və kovxalara  həvalə  edilir. Əyalətlərdə hərbi-siyasi hakimiyyət rus zabitlərinə tapşırılır.

         I Pyotrun əmri ilə ipəkçiliyi, pambıqçılığı, qoyunçuluğu və bağçılığı inikşaf etdirməyə, Kürün mənsəbində balıqçılığın genişləndirilməsinə və Bakıda neft hasilatını artırmağa yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir. Xüsusən Bakının «ağ neft»inə maraq  göstərən I Pyotr həm də qızıl, gümüş və mis filizi yataqlarını aşkara çıxarmaq üçün  Rusiyadan Azərbaycana mütəxəssislər göndərir. Sankt-Peterburq və Moskvanın ipək manufakturalarının sahibləri  xam ipək almaq üçün öz nümayəndələrini buraya yollayırlar. Lakin Şirvanın ipəkçilik təsərrüfatı müharibə nəticəsində dağılmışdı. Bu qədim gəlirli təsərrüfat sahəsini canlandırmaq məqsədi ilə Rusiya hökuməti bir sıra tədbirlər həyata keçirir.  Cənubi Qafqaz və digər Şərq ölkələri  ilə iqtisadi əlaqələri genişləndirmək istəyən I Pyotr bu müqsədlə  Kürün mənsəbinə yaxın bir yerdə Sankt- Peterburq kimi böyük bir şəhər salmaq fikrinə düşür.

         Osmanlı türklərinin Azərbaycan torpaqlarında getdikcə möhkəmlənməsi, yerli əhalinin osmanlılara rəğbəti  Rusiyanı qorxuya salır. İşğal etdiyi bölgələrdə  öz mövqeyini möhkəmləndirmək istəyən Rusiya hərbi-diplomatik tədbirlərə əl atır; Xəzəryanı vilayətlərə yeni qüvvələr gətirir,  Dərbənd və Bakıya hərbi ləvazimat daşınır. 1726-cı ilin sonunda Azərbaycanın Xəzəryanı bölgələrinin əhalisi Rusiyanın hakimiyyətini qəbul etməyə məcbur olur. Çünki rus işğalçı ordusuna ciddi müqavimət göstərmək üçün lazımi qədər qüvvə olmur. Nəticədə Lənkəran, Astara, Təngərud, Muğan və Şahsevən böləgələri də Rusiyanın işğalı altına düşür.

         İşğal olunmuş Azərbaycan torpaqlarında sərhədləri dəqiqləşdirmək məqsədi ilə 1727-ci il dekabrın 12-də Rusiya və Osmanlı dövlətləri arasında Şamaxı yaxınlığındakı Nabur kəndində müqavilə imzalanır. Müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və Təngəyə yiyələnirlər.  Hacı Davud Təngə qalasını təhvil verməkdən imtina etdiyi üçün Osmanlılar  bunu itaətsizlik kimi qiymətləndirərək onu xanlıqdan uzaqlaşdırırlar. 1728-ci ilin yayında həbs edilən Hacı Davud ailəsi ilə birlikdə Kipr adasına sürgün edilir. Sonradan  Geliboluya köçürülür və burada da vəfat edir. Qazıqumuxlu Surxay xan Şirvan xanı təyin olunur.

         XVIII əsrin birinci rübü başa çatır. Bu dövrdə Azərbaycanı öz ərazisinə qata bilməyən Rusiya onu müəyyən zaman çərçivəsində -1722-1725-ci illərdə öz iqtisadi və siyasi təsir dairəsində saxlaya bilir. Lakin o zaman Rusiyanın o qədər gücü yox idi ki,  Azərbaycanı iqtisadi cəhətdən mənimsəsin və onu əsarətdə saxlasın. Digər tərəfdən, Qərbi Avropa dövlətləri Osmanlı  və Səfəvi dövlətlərini Rusiyaya qarşı yeni hərbi münaqişələrə sövq edir, bununla da  Rusiyanın Cənubi Qafqazdakı mövqelərini sarsıdırdılar.

         Rusiya hökuməti bütün bu amilləri nəzərə alaraq, işğal etdiyi ərazilərə xristianları, xüsusən erməniləri köçürərək özlərinə etnik dayaq yaratmaq planını işə salır. I Pyotr Rumyantsevə tapşırır ki, mümkün qədər çox ermənini Xəzəryanı bölgələrdə məskunlaşdırmaq, lazım gələrsə yerli əhalini qovmaq lazımdır. O, 1724-cü ilin noyabrında verdiyi xüsusi fərmanla bildirirdi ki, əgər ermənilər bəyəndiyi yerlərdə yaşamaq istəyirlərsə, onlara torpaq sahəsi, kəndlərdə sahibsiz qalmış evlərə sahib olmaq ixtiyarı vermək lazımdır. Şirvan bölgəsində ermənilərin məskunlaşdırılması məhz bu dövrə təsadüf edir.

         I Pyotrun bu fərmanından görünür ki, o, yalnız Rusiyanın mənafeyi naminə  ermənilərə belə bir güzəştlər edir və himayədarlıq göstərirmiş. Əslində Xəzərsahili bölgələrdə  ermənilərin məskunlaşmasına razılıq verməsi I Pyotrun gələcəkdə həyata keçirmək istədiyi Şərq siyasətinin tərkib hissəsi idi.

         Rusiya hökumət dairələri erməniləri Azərbaycan torpaqlarına köçürərkən bu bölgədə təkcə xristian dayaq məntəqəsi yaratmaqla kifayətlənmir,  gələcəkdə onlardan Osmanlı dövlətinə qarşı mübarizədə istifadə etməyi də planlarına daxil edir. Elə buna görə də, I Poytrun ölümündən sonra işğal olunmuş Xəzərsahili bölgələri  idarə edən V.V.Dolqorukovun 1727-ci il tarixli sərəncamına əsasən ermənilərə silah paylamaqla, onların törədəcəyi fitnə-fəsadlar üçün ciddi zəmin hazırlanır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.