Azərbaycan xanlıqları
Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.
İdarəçilik. Vergilər. Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.
İdarəetmə sistemində xandan sonra ikinci şəxs vəzir hesab olunurdu. Onun səlahiyyətləri kifayət qədər geniş idi. Vəzirdən başqa sarayda maliyyə işlərinə baxan sərkərəli, xanın şəxsi təsərrüfatını idarə edən eşikağası, sandıx ağası adlanan xəzinədar və anbar ağası vəzifələri də vardı. Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti vəzifə üçün toplanan vergi hesabına ödənilirdi.
Xanlıqlarda vergilərin toplanması, mükəlləfiyyətlərin yerinə yetirilməsi işi naib, yasovul və kətxudalara həvalə olunurdu. Şəhər əhalisi də kənd əhalisi ilə birlikdə mükəlləfiyyət daşıyırdı. Bu mükəlləfiyyətlərə hər bir evdən toplanan tüstü pulu, həyətyanı və şəhərətrafındakı bağlardan alınan bayrampulu və s. daxil idi. Karvansara və dükan sahibləri öz gəlirlərindən beşdə birini xəzinəyə verməli idilər. Tacirlərdən toplanan vergi daha çox idi. Bu vergilərdən ən böyüyü rəhdari adlanan gömrük rüsumu idi. Rəhdari həm şəhərə mal gətirib satanlardan, həm də aparanlardan alınırdı. Rəhdarinin miqdarı malın keyfiyyətinə görə müəyyən olunurdu. Bu vergi demək olar ki, Azərbaycanın hər yerində tətbiq olunur və ticarətin inkişafına mane olurdu.
Ticarət. Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.
Xanlıqlardan Quba xanlığının Rusiya ilə ticarət əlaqələri daha yaxşı idi. Bu məqsədlə 1782-ci ildə onlar arasında ticarət sazişi də bağlanmışdı. Fətəli xan 1782-ci il 26 avqust tarixli fərmanında yazırdı: «Mənim hakimiyyətim altında olan bütün yerlərə-Dərbənd, Bakı, Salyan və s. Rusiya ticarət gəmilərinin yan aldığı hər bir yerə xəbər verilsin ki, oradakı xanlar, sahibkarlar və mənim tabeliyimdə olan başqa adamlar Rusiya təbəələrinin işinə əsla qarışmasınlar».
Ticarətin inkişafına rəhdari ilə yanaşı xanlıqlar arasında gedən ara müharibələri də ciddi şəkildə mane olurdu. XVIII əsrin ikinci yarısında Azərbaycanın özünəməxsus pul sistemi formalaşmağa başlayır. Bu dövrdə əsas pul abbası hesab olunurdu. Yerli pul vahidləri ilə yanaşı rus rublundan, Hollandiya çervonundan və hind rupisindən da istifadə edilirdi.
Şəhərlər, səntkarlıq. Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.
Ali hakimiyyətin xanlara məxsus olduğu Azərbaycan şəhərlərinin idarəsi üçün xüsusi şəxslər təyin olunmurdu. Bu, onunla əlaqədar idi ki, Azərbaycan şəhərlərinin idarəsi daha sadə idi. Digər tərəfdən hər xanlıqda əsasən bir şəhər vardı və xan özü də bu şəhərdə yaşadığından şəhərin idarəsi üçün xüsusi aparat yaratmağa ehtiyac olmurdu.
Quba şəhəri və ətrafındakı karxanalarda əl dəzgahlarından istifadə olunmaqla «Çiçi», Urmiyada isə «Əfşar» xalçaları toxunur, xarici bazarlara çıxarılırdı. Şamaxı ipək istehsalı sahəsində əvvəlki şöhrətini bərpa etməyə başlamışdı. Burada istehsalın əsasını ipək parça toxunması təşkil edirdi. Şəki də ipək istehsalı mərkəzi kimi məşhur idi. Burada ipək istehsalı ilə yanaşı, parça toxunması, mis məmulatlar hazırlanması, şəbəkə düzəldilməsi də yaxşı inkişaf etmişdi. Təbriz, Ərdəbil, Marağa və Urmiya şəhərlərində də ipək parçalar toxunurdu. Azərbaycan şəhərlərində sənətkarlığın fərqli xüsusiyyəti sənətkarların əsasən sexlərdə və ev şəraitində də fəaliyyət göstərməsi idi.
Lahıc kəndi metalişləmə sahəsində böyük şöhrət qazanmışdı. Lahıc sənətkarlarının hazırladıqları xəncər, qılınc, çaxmaqlı silahlara tələbat da böyük idi. Azərbaycan şəhərlərində metal məmulatları satılan dükanlarda qızıl və gümüşdən hazırlanmış əşyalar daha çox alındığından bu sahəyə xüsusi diqqət yetirilirdi.
Gəncə, Şamaxı və Cavad maldarlıq bölgələri kimi tanınmış, onların yaxınlığında dəri emalı geniş yayılmışdı. Bu şəhərlərdəki emalatxanalarda satış üçün yəhər, başmaq, ayaqqabı istehsal olunurdu. Bakıda boyaqçılıq, Təbrizdə və Ərdəbildə yun və ipək parçalar, zərgərlik məmulatları istehsalı yaxşı inkişaf etmişdi.
Kənd təsərrüfatı. Xanlıqların iqtisadi həyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Çünki əhalinin çoxu kəndlərdə yaşayır, əkinçilik, maldarlıq, bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu.
XVIII əsrin ikinci yarısında bölgələrin ayrı-ayrı sahələr üzrə ixtisaslaşması prosesi sürətlənir. Quba, Qarabağ, Şamaxı, Gəncə və Şəki xanlıqlarında dənli bitkilər, Lənkəran xanlığı və Şamaxının Bərgüşad mahalında çəltik, Dərbənd, Quba və Bakı xanlıqlarında qızılboya, zəfəran yetişdirilirdi. Şəki, Şirvan və Gəncə ipəkçilik mərkəzləri kimi məşhurlaşırdı. Kənd təsərrüfatının mühüm sahəsi olan maldarlıq Quba, Dərbənd, Ərdəbil, Şamaxı, Qarabağ, Salyan və Cavadda yaxşı inkişaf etmişdi.
Şərti torpaq mülkiyyəti forması olan tiyul müəyyən xidmətlərə görə verilir və xan tərəfindən xüsusi sənədlə təsdiq olunurdu. Tiyul tədricən nəsli səciyyə daşıyır və mülkə çevrilmə prosesi getdikcə genişlənirdi. Bu, bir tərəfdən sosial-iqtisadi inkişafda, digər tərəfdən isə tiyuldarın ictimai-siyasi həyatda mühüm rol oynaması ilə əlaqədar idi. Tiyul torpaq sahibliyi haqqında Fətəli xan Qubalının 1774-cü il dekabr tarixli fərmanında belə deyilirdi: «Yüksək fərman verildi... Biz Sədan, Qusçu, Çıraq, Ügah və Çılqan kəndlilərini...buduqlu məlik Hacı bəyə mükafat verdik ki, bunlar onun ixtiyarında olub ona xidmət etsinlər və onda birdən, yarıdan, xırda vergilərdən nə düşürsə hamısını məlik Hacı bəyə versinlər. Kimsənin o kəndlərin işinə qarışmağa ixtiyarı olmasın və kimsə ona toxunmasın. Adı çəkilən kəndlərin rəiyyəti və sakinləri o hörmətli Hacı bəyi özlərinin tiyuldarı bilsinlər və onun sözündən və məsləhətindən çıxmasınlar. Əmin etdik ki, adı çəkilən kəndləri kimsə sıxışdırmasın və onlara mane olmasın».
Qarabağ, Şəki və digər xanlıqlarda da belə fərmanlar verilirdi. Naxçıvan xanlığında tiyul digər xanlıqlara nisbətən az inkişaf etmişdi.
Sosial-silki quruluş. Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi. XIX əsrin əvvəllərinə aid bir mənbədə xanlıq dövründə bəylərin hüquqları haqqında deyilir ki, bəylər həmişə xanlıqda və xan sarayında yüksək vəzifə tuturmuşlar. Onlar digər azad silklər kimi torpaq ala bilər və boş vaxtlarında hər hansı ödənişsiz ticarət, əkinçilik və digər peşələrlə məşğul ola bilərdilər. Xanlar bəy ailələrinin güclənməsini istəmirdilər. Onlar bunun qarşısını almaq üçün mülklərin idarə edilməsinə varislərdən ən kiçiyini təsdiq edirdilər. Belə bir vəziyyət bütün xanlıqlara aid deyildi. Bəzi xanlıqlarda bəylərin mövqeyi o qədər də güclü deyildi. Gəncə xanlığında bəylər xanın xeyrinə mükəlləfiyyət daşıyırdı. Bakı xanlığında isə bəylər kasıblaşaraq bəzən aşağı silkə qarışırdı. Qazax, Şəmşəddil və Borçalıda bəy hüququna malik olan və kəndləri idarə edənlər ağa adlanırdılar.
Köçmə təsərrüfatla məşğul tayfaların-elatların başçıları- elbəyilər də feodal zümrəsinə daxil idilər. Elbəyilər xan qarşısında hərbi mükəlləfiyyət daşıyırdılar. Azərbaycan sosial zümrəsində maaflar adlanan imtiyazlı təbəqə özünəməxsus yer tuturdu. Maaf rütbəsi xanlar tərəfindən verilirdi. Onlar xanlıqda asayiş qoruyucusu idilər, həm də qoşunun əsasını təşkil edirdilər. Maaflar vergilərdən azad idilər. Maaflıq irsən-atadan oğula keçirdi. Kəndlilər hüquqi və mülki vəziyyətlərinə görə rəiyyət, rəncbər, elat və s. bölünürdülər. Rəiyyətlər divan, mülk və vəqf torpaqlarında yaşayırdılar. Onların bir qismi isə kənd icmasının ayırdığı torpaqları əkib-becərirdi.
Təsərrüfatı-torpağı olmayan kəndlilər rəncbər adlanırdılar. Onlar ali zümrə nümayəndələrinə məxsus mülklərdə çalışır və əldə edilən məhsulun çox az bir hissəsini alırdılar. Qarabağ, Şamaxı və başqa xanlıqlarda maldarlıqla məşğul olub yarıköçmə həyat sürən əhali elat adlanırdı. Elat bəyin sürüsünü otarır, qoyununu qırxır, başqa mükəlləfiyyətlər yerinə yetirir, peşkəş şəklində vergi verirdi.
Rəylərin sayı:.