Tariximiz.....

Tariximiz.....

 

II Rusiya-Qacar savaşının gedişində - 1827-ci ilin yazında çar I Nikolay Qafqaz xalqlarına qarşı vəhşiliyi ilə ad çıxartmış Yermolovu Paskeviçlə əvəz etdi. Yermolova nisbətən Azərbaycan türklərinə, o cümlədən Borçalı türklərinə «daha məhəbbətlə» yanaşan Paskeviç, Borçalı bəylərini şirin vədlərlə öz tərəfinə çəkməyə nail olmaq istəyirdi. Bu məqsədlə Tiflisdə Borçalı ağa və bəylərinin övladları üçün məktəb də təsis edildi. Lakin əslində bu uşaqlar rusların əlində girov idilər.1827-ci ildə başlanan hərbi əməliyyatlarda rus qoşunlarının qarşısında duran ilk vəzifə Naxçıvan və İrəvan xanlıqlarını işğal etmək idi.Apreldə general Benkendorfun başçılıq etdiyi rus hərbi dəstələri Dağ Borçalısından - Calaloğlu (indi Stepanavan adlanır) və Hamamlıdan (indi Spitak adlanır) keçərək Üçtərək yolu ilə Üçmüəzzin üzərinə yeridilər. I Rusiya-Qacar savaşından sonra ruslara boyun əyməyərək, Nağı xanın başçılığı ilə İrəvan ətrafında yeni yurd salmış Borçalı türkləri ruslara qarşı döyüşlərdə misilsiz qəhrəmanlıq göstərdilər. Vedi ətrafında yaşayan bəzi bəylərin xəyanət edərək ruslar tərəfinə keçməsindən narahat olan Nağı xanın döyüşə-döyüşə Gümrü - Calaloğlu - Başkeçid yolu ilə Barmaqsıza (indiki Zalqa) keçmək təşəbbüsü heç bir nəticə vermədi. 1827-ci il oktyabr ayının 1-də rus qoşunları qaladakı ermənilərin xəyanəti nəticəsində İrəvanı işğal etdilər. Borçalı türkləri tərəfindən də qəhrəmanlıqla müdafiə olunan bu Azərbaycan şəhərinin mühasirəsi zamanı ruslar ən ağır mərmilərdən istifadə etmişdilər. İrəvan qalasının tutulması ilə rus qoşunlarının Azərbaycanın cənubuna yolu açılmış oldu. Rus qoşunları hərbi sursat cəhətdən pis təmin olunmuş Qacar ordusunu məğlub edərək 1827-ci il oktyabrın 2-də Mərənd və Xoyu, oktyabrın 13-də isə Təbrizi ələ keçirdi. 1828-ci il yanvarın 28-də Urmiya, fevralın 8-də isə Ərdəbil rusların əlinə keçdi. 1828-ci il fevral ayının 10-da Türkmənçay kəndində Rusiya ilə Qacarlar arasında barışıq imzalandı. 16 maddədən ibarət olan sülh müqaviləsinə görə:
- Rusiya öz qoşununu 120 kurur (20 milyon manat gümüş rubl) ödənc müqabilində Cənubi Azərbaycan torpaqlarından çıxardırdı;
- Qacarlar əvvəllər Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqları ilə yanaşı İrəvan, Naxçıvan xanlıqlarının və Ordubad mahalının da Rusiyanın tərkibinə keçməsinə razılıq verirdi;
Türkmənçay barışığı ilə Şimali Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı rəsmən başa çatdı. Müəllifləri Qriboyedov və Paskeviç olan bu barışığın ən zərərli, 15-ci maddəsinə əsasən Qacarların tabeçiliyində olan torpaqlardan Cənubi Qafqaz ərazisinə kütləvi şəkildə ermənilər köçürülməli idi. Ən çox erməni Osmanlı ilə sərhəddə - Şimali Azərbaycanın qərb torpaqlarına - İrəvan, Borçalı və Naxçıvana, habelə Qarabağa köçürülürdü. 1828-1829-cu illərdə Şimali Azərbaycana Qacarların tabeçiliyində olan torpaqlardan 40-50 min, Osmanlıdan isə 90 minədək erməni köçürüldü. Ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan torpalarında yerləşdirilməsi prosesi gücləndikcə onlar yerli əhalini sıxışdırmağa başladılar. 
1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi və onların ərazisində «Erməni vilayəti» yaradıldı.
İndi qarapapaq adı ilə tanınan Borçalı türklərinin bir qismi Qacarların hakimiyyəti altında qalan Azərbaycan torpaqlarına - Urmiyə ətrafına və Sulduza, bəziləri isə Osmanlı tərkibində olan Qars və Ərdahan vilayətlərinə köçməyə məcbur oldular.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.