Ağqoyunlu-Avropa əlaqələri

Ağqoyunlu-Avropa əlaqələri
Osmanlı dövləti Konstantilopolun fəthindən (1453) dərhal sonra Avropada geniş müharibələr başladı. Sultan II Mehmed öz hərbi planlarını həyata keçirmək üçün Qərb dövlətləri arasındkı ixtilaflardan məharətlə istifadə etdi. O, əvvəlcə Türkiyənin qərbdə ən qüdrətli rəqibi olan Venesiya respublikasını bitərəfləşdirdi. 1454-cü ilin aprelin 18-də Türkiyə ilə Venesiya arasında müqavilə bağlandı.Bu müqaviləyə əsasən Venesiya respublikası Türkiyə bazarlarında sərbəst ticarət hüququ qazandı; venesiyalılar Türkiyə ərazisindən keçib müxtəlif şərq ölkələrinə ticarətə gedə bilərdilər. Bunun müqabilində onlar Osmanlı dövləti ərazisindən, o cümlədən, boğazlardan keçərkən apardıqları, yəni evə gətirdikləri, habelə, Türkiyə bazarlarında satdıqları malların dəyərinin 100-ə 2%-i qədər gömrük verməli idilər. Venesiya höküməti İstanbulda konsul da saxlaya bilərdi. Bununla respublika Kiçik Asiyada hələ Bizans imperiyası zamanı malik olduğu ticarət imtiyazlarını bir növ bərpa etdi. Türkiyə ilə həmsərhədd olan Venesiya mülklərinin müvəqqəti olaraq təhlükəsizliyi təmin olundu. Digər tərəfdən həmin müqavilə ilə Venesiya ona qarşı rəqabət aparan İtaliya dövlətlərinə qarşı mövqeyini möhkəmləndirdi.

 



1454-cü il sülhü Osmanlı dövləti üçün də əlverişli idi. XV əsrin ortalarında Türkiyə öz hərbi-dəniz qüvvələrinin qüdrətinə görə Venesiyadan geri qalırdı və buna görə də onunla dəniz vuruşmalarına hələ hazır deyildi. Sultan II Mehmed həm də Egey və Aralıq dənizi hövzəsindəki işğallarında, o cümlədən, İtaliya dövlətlərinə qarşı müharibələrdə Venesiya donanmasından istifadə etmək niyyətində idi. Beləliklə, II Mehmed o zaman Avropada "türk təhlükəsi”nə qarşı mübarizə apara biləcək və antitürkiyə blokunun təşkilatçısı olaraq ən qüdrətli dövlətlərdən birini – Venesiyanı müvəqqəti də olsa bitərəfləşdirə bildi. Qərbdə Osmanlı işğalları üçün əlverişli şərait yarandı.

Venesiya respublikası özünün Şərq ölkələri ilə, o cümlədən Azərbaycanla ticarət mənafeyini güdəcək XV əsrin 60-cı illərinədək nəinki Qərb dövlətlərinin antitürkiyə koalisiyasına qoşulmaq haqqında çağırışlarına cavab vermədi, əksinə, Türkiyə ilə bağladığı 1454-cü il müqaviləsini 1460-cı ildə yenilətdi. Lakin Türkiyənin Venesiya ilə bu müvəqqəti yaxınlaşması heç də II Mehmedin Venesiya respublikasını Asiya-Avropa ticarətində vasitəçilikdən sıxışdırmaq, hətta Venesiya daxil olmaqla bütün İtaliyanı fəth etmək siyasətindən əl çəkməsi demək deyildi.

Beləliklə, Konstantilopolun alınmasından sonra Avropa istiqamətində genişlənməkdə olan Osmanlı işğallarının ilk dövründə Qərb dövlətlərinin Türkiyə əleyhinə hərbi-siyasi ittifaqının təşkilatçısı kimi Venesiya respublikası deyil, Roma papaları çıxış etməyə başladılar. Bu da təsadüfi deyildi. Osmanlıların qərbə doğru irəliləməsi, Balkan yarımadasındakı işğallar Roma papalarının da mənafeyinə toxunurdu. Çünki papalar çoxdan Balkan xalqlarını katolikləşdirmək, bununla da öz dini-siyasi təsir dairələrini şərqə doğru genişləndirmək siyasəti yeridirdilər. Buna görə də katolik kilsədinin başçıları öz "həyəcanlı” çığırışları ilə Avropa dövlətlərini, o cümlədən, Balkan xalqlarını artmaqda olan təhlükəyə qarşıcəbhədə "səlib yürüşü”nə çağırırdılar. Lakin papaların bu siyasətinin arxasında onların Balkan xalqlarını katolikləşdirmək, həmçinin Avropa xalqlarının diqqətini bu zaman katolik kilsəsinə qarşı başlamaqda olan reformasiyahərəkatından yayındırmaq kimi əsl niyyətləri gizlənirdi. Roma papaları Konstantilopolun fəthindən dərhal sonra 1453-cü il sentyabrın 30-da xüsusi fərmanla – bununla bütün Avropa xalqlarını türklərə, yəni "kafirlər”ə qarşı "səlib yürüşü”nə çağırdılar. Papa nümayəndələri osmanlılara qarşı "səlib yürüşü” təbliğatı aparmaq üçün İspaniya, Fransa, Almaniya, Nederland, Macarıstan və b. ölkələrə göndərildilər.

Katolik kilsəsinin başçıları Osmanlı dövlətinə qarşı "səlib yürüşü” təbliğatının müvəffəqiyyətini təmin etmək üçün eyni zamanda İtaliya dövlətləri arasında barışıq yaratmağa çalışırdılar. Məsələn, papa V Nikolayın (1447-1455) vasitəçiliyi ilə Venesiya Respublikası və Milan arasında 30 ilə qədər davam etmiş müharibəni dayandıran sülh müqaviləsi (Lodi, 9 aprel 1454-cü il) bağlandı. Papanın səyləri ilə bu sülhə sonradan Neapol krallığı və Florensiya da qoşuldu. Beləliklə, İtaliya dövlətləri 1455-ci ilin martında 25 il müddətinə "İtaliya sülh, əmin-amanlıq və müqəddəs xristian dininin müdafiəsi naminə ümumitaliya liqası” ittifaqda birləşdilər. Stefano İnfessura bu ittifaqda birləşən dövlətlərin "türklərə qarşı birgə hücuma keçmək qərarına gəldiklərini” göstərir. O.Pirlinq isə 1455-ci il liqasını "dinsizlərə (türklərə) qarşı müdafiə və hücum ittifaqı” adlandırır. Lakin katolik kilsəsi və Roma papalarının məddahları olan hər iki müəllifin fikri obyektiv reallıqdan eyni dərəcədə uzaqdır. Çünki, 1455-ci il sülhü "hücum ittifaqı” deyil, əslində "türk təhlükəsi”nin artması qarşısında təşvişə düşən İtaliya dövlətləri arasında müvəqqəti barışıq müqaviləsi idi. Aralıq dənizində hegemonluq üstündə Venesiya ilə rəqabət aparan Neapol krallığı, Şimali İtaliyadakı işğalları ilə Milanla toqquşan Venesiya respublikası, öz qonşularının, yəni Venesiyanın Şərq ticarətindən əldə etdiyi gəlirə həsəd aparan və Asiya ölkələri ilə ticarətdən sıxışdırılan Genuya ilə Florensiyanın Osmanlı dövlətinə qarşı vahid, möhkəm hərbi ittifaqda, özü də "hücum ittifaqı”nda birləşməsi mümkün deyildi.

Bununla belə, papalar "səlib yürüşü” təbliğatını genişləndirməkdə idilər. Məsələn, 1461-ci ilin martında papa yanında ancaq Osmanlı Dövlətinə qarşı səlib yürüşü təşkil etmək üçün xüsusi kardinallar komitəsi yaradıldı. 1462-ci ilin yayında papa "müqəddəs yürüş” üçün vəsait toplamaq məqsədilə yeni vergilər alınması barədə yeni sərəncamlar verdi. Türkiyəyə qarşı hərbi xərclər üçün pul toplamaqdan ötrü xüsusi kassa yaradıldı. Poma papaları Türkiyəyə qarşı vuruşan ölkələrə silahlı yardım da göstərirdilər.

Lakin papaların bütün bu səyləri XV əsrin 50-ci illərində və 60-cı illərinin əvvəlində Avropada vahid antitürkiyə bloku yaradılması ilə nəticələnmədi. Bunun mühüm bir səbəbi Qərb dövlətləri arasında dərin ixtilaflarla izah edilirsə, digər səbəbi osmanlı işğallarına hamıdan əvvəl məruz qalmış Balkan slavyanları və yunanlar arsında katolik məzhəbinə olan dərin nifrətlə əlaqədar idi. Üçüncü bir tərəfdən XV əsrdə Roma papaları artıq özlərinin küçmiş nüfuzlarını itirmişdilər. Bu zaman onlar nə dini, nə də siyasi təsirlərinə görə Avropanı hərəkətə gətirə biləcək qüvvə deyildilər. Bu da mühüm amil idi ki, Sultan II Mehmed Qərb dövlətləri arasındakı ixtilafları düzgün qiymətləndirir, zərbə hədəflərini sərrast seçirdi. Osmanlı hücumlarına bilavasitə məruz qalmayan Qərb dövlərləri, növbə hələlik onların özlərinə çatmadığı üçün, Balkan yarımadasının işğalını kənardan seyr edirdilər.

II Mehmedin işğalları genişləndikcə Qərb dövlətləri arasında vahid antitürkiyə bloku yaradılması barədə danışıqlarda fəallıq artır, osmanlılara qarşı birgə mübarizə cəbhəsinə yeni-yeni dövlətlər qoşulurdu. Belə ki, XV əsrin 60-cı illərinin əvvəllərində Türkiyənin Balkan yarımadasında və Egey hövzəsində möhkəmlənməsi ilə Osmanlı-Venesiya ziddiyyətləri son həddə çatdı. Venesiyanın Balkanlardakı mülkləri Türkiyənin əlinə keçdi. Osmanlı qoşunları Venesiya respublikasını Moreyanın sahil məntəqələrindən, ümumiyyətlə, Egey hövzəsindən də sıxışdırmaqda idi. Beləliklə, Şərq ticarətində vasitəçilikdən əli çıxan Venesiya respublikası vaxtıilə Aralıq dənizi və Egey ələ keçirdiyi mühüm hərbi-strateji məntəqələri də itirməyə başladı. Bu da 1463-cü il iyulun 28-də 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması ilə nəticələndi.

Venesiya respublikasının türkiyə əleyhinə müharibəyə başlaması ilə Qərblə antitürkiyə blokunun yaradılmasına yönəldilmiş danışıqlarda müəyyən canlanma əmələ gəldi. Bundan sonra Avropada Osmanlı imperiyasına qarşı danışıqların əsas təşkilatçısı Poma papası deyil, Venesiya respublikası oldu. Venesiya senatında müzakirə və təsdiq olunmuş məxfi tapşırıqlarla silahlanmış respublika diplomatları Osmanlı imperiyasına qarşı danışıqlar aparmaq üçün müxtəlif Avropa Və Asiya dövlətlərinə yola sılındılar.

Venesiya Respublikasının Türkiyə əleyhinə ittifaqa girmək çağırışına ilk səs verən Macarıstan oldu. Macarıstan Osmanlıların Serbiyanı (1459) və Bosniyanı (1463) almasından narazı idi və gec-tez Türkiyə təcavüzünə məruz qalacağından ehtiyat edirdi. Buna görə də 1463-cü il sentyabrın 12-də Venesiya ilə Osmanlılara qarşı ittifaq bağladı. Əldə edilmiş razılığa əsasən, müttəfiqlət Türkiyəyə qarşı eyni zamanda hücuma keçmədi, Venesiya Yunanıstanın sahil məntəqələrini, Macarıstan isə Bolqarıstan, Serbiya və Bosniya daxil olmaqla slavyan torpaqlarını zəbt etməli idi.

1463-cü il dekabrın 9-da Türkiyəyə qarşı Venesiya respublikası ilə Papalıq və Burqundiya hersoqluğu arasında da ittifaq bağlandı.

Venesiya respublikası 1463-cü ildə Osmanlı dövlətinə qarşı mübarizə aparan Albaniya xalq azadlıq hərəkatının başçısı İskəndər bəylə (Skanderberq) də əlaqələri genişləndirdi. İki tərəf arasında bağlanmış müqaviləyə görə, respublika ona pul və siahla yardım göstərməli, Venesiya donanması Albaniya sahilərində Türkiyəyə qarşı hərbi əməliyyat aparmalı idi.

Andrsa Kornaro Qaramana göndərildi. O, Qaraman əmirini Türkiyəyə qarşı müharibəyə təhrik etməli, ilk yardım olaraq 6 iri hərbi gəmisi (qaler) göndəriləcəyini bildirməli idi. Həm Venesiya donanmasının köməyi ilə tutulacaq Türkiyə ərazisi Qaraman bəyinə vəd olunurdu, müqabilində Hakimi Venesiyanın razılığı olmadan Osmanlı dövləti ilə heç bir saziş bağlamamalı idi. Bu zaman Osmanlı təcavüzü ərəfəsində olan Qaraman bəyi Venesiya hökumətinin təklifini qəbul etdi. 1464-cü ildə, Qaraman hakimi İbrahim bəyin ölümü ilə əlaqədar olaraq, Venesiya hökuməti yenə də həmin Andrea Kornaronu 400 dukatlıq qiymətli hədiyyələrlə 1463-cü il müqaviləsini yenilətmək üçün Qaraman sarayına – Konyaya yola saldı.

Venesiya senatının 1463-cü il 2 dekabr tarixli qərarına əsasən, Türkiyəyə qarşı danışıqlar aparmaq üçün Nikolay Kanal Fransaya, Marko Don isə Burqundiyaya yola salındı. Venesiya hökuməti 1464-cü il dekabrın 4-də Türkiyəyə qarşı Kiprlə də ittifaq bağlamağı qərara aldı. Marko Kornaro senatın qərarını icra etmək üçün Kiprə göndərildi. Kipr rəsmi olaraq Türkiyəyə qarşı mübarizə aparan dövlətlət sırasına daxil oldu. 1468-ci ildə Kipr kralı II Yakovun venesiyalı Katerino Kornaroya evlənməsi ilə Venesiya respublikası Kiprdə daha da möhkəmləndi.

Avropa və Asiya dövlətlərinin vahid antitürkiyə blokunun yaradılmasında Ağqoyunlu dövləti fəal iştirak edirdi. Ağqoyunlular Qərb ölkələri ilə hələ Azərbaycanda hakiliyyətə gəlməzdən çox əvvəl əlaqə yaratmışdılar. Buna görə də Ağqoyunlu-Türkiyə münasibətləri kimi Ağqoyunlu-Avropa əlaqələri tarixində də iki dövr aydın nəzərə çarpır. Birinci dövr, daha doğrusu ilk diplomatik əlaqələr dövrü ağqoyunluların hələ Azərbaycanda hakimiyyətə gəlməzdən əvvəlqərb dövlətləri ilə saxladıqları diplomatik əlaqələri əhatə edir. İkinci dövrə - Avropa ölkələri ilə geniş diplomatik əlaqələr dövründə isə Uzun Həsənin qaraqoyunlu Cahan şah (1467) və teymuri Əbu Səid (1468) üzərində qələbələrindən sonra Qərblə saxlanılan əlaqələr daxildir. Bu dövrlərin hər birində əlaqə saxlayan tərəflərin hərəsinin öz mənafeyi, öz siyasi xətti vardı.

Avropa ölkələri ilə ilk diplomatik əlaqələr dövrü. Ağqoyunluların xristian ölkələri ilə münasibətləri Trabzon-yunan dövlətləri ilə əlaqələrdən başlanır. Trabzon imperatorları özləri osmanlılara qarşı Qərb ölkələri ilə geniş əlaqə saxladıqları kimi sülalə qohumları olan ağqoyunluların da Avropa ölkələri ilə əlaqələrindən vasitəçilik edirdilər. Trabzon sarayı vasitəsi ilə ağqoyunlularla Qərb ölkələri arasında qohumluq münasibətləri də yaranmışdı.

Konstantinopolun fəthindən sonra, Trabzonun Qərb ölkələri ilə əlaqələri genişləndikdə Ağqoyunlu dövləti də bu münasibətlə cəlb olundu. Bu zaman Türkiyəyə qarşı Avropada qızğın səlib yürüşü təbliğatı aparan Roma papaları III Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) osmanlıların arxasında – Kiçik Asiyada olan türk-islam dövlətlərini də sultana qarşı qaldırmağa çalışır, bunun üçün, birinci növbədə, ağqoyunlularla danışıqlar aparırdılar. Roma papası bu zaman öz elçisi bolonyalı Lüdoviqi Trabzona göndərərək Osmanlı dövlətinin arxasında, Uzun Həsənin başçılığı altında bir antitürk koalisiya yaratmağa çalışırdı.

II Mehmedin Konstantinopolu almasından sonra Avropa ölkələri ilə ticarət münasibətləri məhdudlaşmış gürcü knyazları Ağqoyunlu-Papa-Trabzon ittifaqına qoşuldular.

Trabzon və Ağqoyunlu dövləti ilə Qaraman bəyliyi arasında da müttəfiqlik münasibətləri vardı.Beləliklə, Trabzondan sonra gürcü knyazları, ağqoyunlu Uzun Həsən, qaramanlı İbrahim bəy və İsfəndiyaroğlu İsmayıl bəylə danışıqlar aparan papa elçisi bolonyalı Lüdoviq 1460-cı ildə "Şərq ölkələrini təmsil edən” bir elçi heyətinin başında Romaya yola düşdü. Lakin çox çəkmədən papa II Piyin acizliyini görən Şərq elçiləri Romanı tərk etdilər. II Mehmed isə öz düşmənlərinə qarşı qətiyyətli hərəkət etdi: 1461-ci il oktyabrın 26-da Türkiyəyə qarşı Asiya və Avropa dövlətləri arasındakı diplomatiq əlaqələrdə vasitəçilik edən Trabzon yunan imperiyasının varlığına son qoydu.

Trabzonun Türkiyənin əlinə keçməsi ilə Qara dənizə yeganə çıxış yolundan məhrum olan, həmçinin əski müttəfiqini və Avropa ölkələri ilə əlaqə saxladığı çox əlverişli strateji məntəqəni itirən Ağqoyunlu dövləti Qərb ölkələri ilə, o cümlədən, Roma papaları, Kipr krallığı, Rodos səlibçi dövləti və başqa ölkələrlə əlaqələrini daha da genişləndirdi.

Ağqoyunlu dövləti ilə osmanlıların qərbdəki əsas rəqibi olan Venesiya respublikası arasında daha geniş diplomatik əlaqələr vardı. Bu əlaqələr 16 ilə qədər davam edən Venesiya-Türkiyə müharibəsinin (1463-1479) naşlaması ilə daha müntəzəm xarakter aldı.

1463-cü il dekabrın 2-də Venesiya senatında ağqoyunluları antitürkiyə koalisiyasına cəlb etmək haqqında xüsusi məsələ müzakirə olundu. Senat Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlamağı qərara aldı. Həmin qərara əsasən, Venesiya diplomatı Lazaro Kvirino ağqoyunlularla müqavilə bağlamaq üçün Uzun Həsənin sarayına yola salındı. Bu zaman qaraqoyunlu Cahan şaha qarşı mübarizəni başa çatdırmaq üçün onun müttəfiqi Sultan II Mehmedin başını daim Qərb dövlətləri ilə müharibəyə qarışdırmaq siyasəti yeridən Uzun Həsən, hələ Lazaro Kvirino ağqoyunlu sarayına çatmamış, öz elçilərini İtaliyaya göndərdi. 1464-cü il martın 13-də dörd nəfərdən ibarət Ağqoyunlu səfirliyi Venesiyaya gəldi. Ağqoyunlu dövləti ilə Venesiya arasında Türkiyəyə qarşı ittifaq bağlandı. Əldə olunmuş razılığa əsasən, 1465-ci ilin yazında Venesiya donanması dənizdən, 60 min nəfərlik Uzun Həsən süvariləri isə qurudan İstanbul istiqamətində hücuma keçməli, tərəflər bir-biri ilə razılaşdırmadan Türkiyə ilə sülh bağlamamalı idilər.

Ağqoyunlu elçilərinin vətənə qayıtması münasibəti ilə - 1464-cü il sentyabrın 26-da Venesiya senatının xüsusi yığıncağı oldu. Senat Ağqoyunlu-Venesiya müqaviləsini təsdiq etdi; Uzun Həsənə "məhəbbət nişanısi” olara göndəriləcək hədiyyələr və ağqoyunlu diplomatlarına veriləcək bəxşişlər üçün xəzinədən vəsait ayırdı. Uzun Həsən elçilərinin Suriyaya çatması üçün lazım olan bütün xərcləri Venesiya respublikası öz üzərinə götürdü. Sehətin həmin yığıncağında Venesiya hökumətinin Ağqoyunlu hökmdarına yazdığı məktub da müzakirə olundu. Bu məktubdan aydın olur ki, osmanlılara qarşı müharibədə Venesiya ilə birlikdə Papalıq, Burqundiya hersoqluğu və Macarıstan da ağqoyunlularla vahid cəbhədə çıxış edəcəklər. Venesiya Uzun Həsənin fəth edəcəyibütün osmanlı torpaqlarını ona vəd edir, lakin Kiçik Asiyanın Aralıq dənizi sahili boyunca ərazini, xüsusi ilə buradakı liman şəhərlərini özünə götürürdü ki, bu da antitürkiyə siyasəti yeridən dövlətlərin özlərinin də qəsbkarlıq planları olduğunu aydın göstərir.

Danışıqları müvəffəqiyyətlə başa çatdıran ağqoyunlu diplomatları vətənə qayıtmaq üçün Venesiyadan gəmilərlə Beyruta yola düşdülər. Rolos adasında admiral Pyetro Moçeniqo Venesiyanın Aralıq dənizindəki Hərbi-dəniz qüvvələrini ağqoyunlu diplomatlarına nümayiş etdirdi və bildirdi ki, qarşıdakı müharibədə həmin donanma Uzun Həsənin sərəncamına əsasən hərəkət edəcəkdir.

1465-ci ildə Venesiyaya Həsən Əzən adlı daha bir ağqoyunlu diplomatı gəldi. O, Uzun Həsən və arvadı Dəspinə xatunun – Teodoranın məktublarını Venesiya hökumətinə təqdim etdi. Bu məktublarda Ağqoyunlu dövlətinin tezliklə osmanlılara qarşı müharibəyə qalxacağı bildirilir və Venesiya respublikasına təklif olunurdu ki, özü ilə birlikdə başqa xristian dövlətlərini də Türkiyə əleyhinə qaldırsın.

Venesiya hökuməti 1466-cı il 27 fevral tarili cavab məktubunda öz müttəfiqini qərbdə osmanlılara qarşı hərbi əməliyyatların gedişi ilə tanış edir və Ağqoyunlu hökmdarından xahiş edirdi ki, Kiçik Asiya hakimlərini də antitürkiyə blokuna cəlb etsin. Müttəfiqlər, yəni Ağqoyunlu dövləti ilə Venesiya respublikası hər iki cəbhədə - Avropa və Asiya cəbhələrində hərbi əməliyyatların gedişi barədə Venesiyanın Hələbdəki konsulu vasitəsi ilə əlaqə saxlamalı idilər.

Venesiya hökuməti müvafiq dəyişikliklər etməklə Uzun Həsənin arvadı Dəspinə xatuna – Teodoraya da eyni məzmunda məktub göndərdi.

Ağqoyunlu dövləti Qərb ölkələri ilə əlaqələri genişləndirməkdə idi. XV əsrin 50-60-cı illərində Uzun Həsən Trabzon yunan dövləti, Papalıq və Venesiya respublikası ilə, həmçinin, Kipr, Podos, Macarıstan, Albaniya və b. dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. Nəticədə, XV əsrin 60-cı illərində Osmanlı imperiyasına qarşı müxtəlif Asiya və Avropa dövlətlərindən ibarət bir hərbi-siyasi ittifaq yarandı. Ağqoyunlu dövləti və Venesiya respublikasının başçılıq etdikləri bu ittifaqa Şərqdə - Qaraman bəyliyi, Trabzon yunan dövləti, habelə Osmanlı təcavüzündən ehtiyat edən bəzi xırda Kiçik Asiya bəylikləri, Qərbdə - Papalıq, Macarıstan, Burqundiya hersiqluğu, Albaniya, Kipr krallığı, Rodos daxil idi.

Bundan əlavə, İtaliya dövlətləri də öz aralarında "türk təhlükəsi”nə qarşı, formal da olsa, ittifaq bağlamışdılar.

Lakin hadisələrin sonrakı gedişi göstərirdi ki, bütün bu dövlətlər Osmanlı imperiyasına qarşı vahid cəbhədə çıxış etmədilər. Çünki antitürkiyə blokunun qərbdəki üzvləri arasında darin ixtilaflar vardı. Hətta, Türkiyə ilə müharibə vəziyyətində olmasına baxmayaraq, özünün İtaliyadakı rəqiblərindən ehtiyat edən Venesiya respublikasının özü belə, osmanlılara qarşı tam qüvvəsi ilə çıxış etmirdi. Venesiya respublikası öz düşmənini, əsasən ağqoyunluların əli ilə məğlub etmək siyasəti yeridirdi.

Qərb dövlətləri ilə əldə olunmuş razılığa baxmayaraq, Qoyluhisar toqquşmaları və Uzun Həsənin 1464-cü il Qaraman səfəri istisna edilməklə,XV əsrin 60-cı illərində Ağqoyunlu dövləti ilə Osmanlı imperiyasına qarşı hərbi əməliyyata başlamadı. XV əsrin 50-60-cı illəri paytaxtı Diyarbəkir olan kiçik Ağqoyunlu dövlətinin beynəlxalq vəziyyətinin ən böhranlı dövrü idi. Bu zaman Ağqoyunlu dövləti üçün şərqdən teymurilərlə ittifaqda olan Qaraqoyunlu dövləti, qərbdən isə bütün Kiçik Asiyanı öz hakimiyyəti altına salmağa çalışan Osmanlı imperiyası təhlükə törədirdi. Görkəmli sərkərdə və diplamat olan Uzun Həsən Yaxın və Orta Şərqin ağqoyunlulara qarşı düşmən cəbhədə birləşmiş bu üç böyük dövlətinə qarşı düzgün xarici siyasət xətti müəyyən etdi: XV əsrin 50-60-cı illərində bütün diqqəti qaraqoyunlu Cahanşaha və onun müttəfiqi olan teymuri Əbu Səidə qarşı yönəltdi. Bu çətin mübarizədə o, arxadan – qərbdən təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətləri ilə, xüsusən bu zaman Türkiyə ilə müharibə vəziyyətində olan Venesiya ilə geniş əlaqə saxlayır, diplomatik və hərbi xarakterli vədlərlə Qərb dövlətlərini Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edir, bununla da II Mehmedin başını daim Avropada qarışdırmağa çalışırdı. Hələlik Ağqoyunlu dövlətinin xarici siyasətində əsas məsələ qaraqoyunlulara və teymurilərə qarşı mübarizədə idi. Osmanlı imperiyasını məğlub etmək Ağqoyunlu dövlətinin xarici siyasətinin baş məsələsinə çevrilməmişdi.

XV əsrin 60-cı illərinin sonuna yaxın həm Qərbdə. Həm də Şərqdə Osmanlı imperiyasına qarşı beynəlxalq münasibətlərdə əsaslı dəyişiklik əmələ gəldi. Türkiyə Venesiya ilə müharibədə (1463-1479) üstünlüyü qəti olaraq ələ keçirdi. 1470-ci il iylun 12-də II Mehmed Yunanıstanın şərqində Venesiyaya məxsus mühüm hərbi-strateji məntəqə olan iri Evbeya adasını fəth etdi. Bununla Venesiya Egey hövzəsindən də sıxışdırıldı. Türkiyə ilə müharibənin 1470-ci ilədək olan dövrü Venesiyaya 1.200.000 dukata başa gəlmişdi. Venesiya, artıq osmanlılara qarşı müharibəni təkbaşına davam etdirməyə qadir deyildi. Odur ki, respublika bir tərəfdən Türkiyə ilə sülh danışıqlarına başladı, digər tərəfdən isə osmanlılara qarşı Avropa və Asiya ölkələri ilə diplomatik əlaqələrini genişləndirdi. Bu zaman osmanlı imperiyasının hərbi-siyasi təzyiqini, artıq, daha yaxından hiss edən qərb dövlətləri Türkiyə əleyhinə danışıqlarla əvvəlkinə nisbətən daha fəal iştirak etməyə başladılar. Nəticəd, 1470-ci ildə İtaliya dövlətləri arasında hələ 1454-cü ildə başlanılmış Lodi müqaviləsi bərqərar olundu. 1471-vi ildə Neapol krallığı ilə Venesiya arasında Türkiyəyə qarşı ittifaq bağlandı. 1472-ci il iyunun 18-də Burqunduya hersoqu igid Karl da bu ittifaqa qoşuldu. Həmin ildə Rodosla Venesiya arasında da müqavilə imzalandı. Elə bu zaman II Mehmedə qarşı Papalıq, Venesiya və Neapol krallığından ibarət ayrıca bir hərbi ittifaq da meydana gəldi.

Beləliklə, Osmanlı imperiyasının sürətlə Qərbə doğru irəliləməsi XV əsrin 70-ci illərinə doğru qərb dövlətlərinin ümumi təhlükəyə qarşı yenidən qruplaşmasına səbəb oldu. Avropada antitürkiyə koalisiyasına qoşulan dövlətlərin sayı artmaqda idi.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, XV əsrin II yarısında müxtəlif Asiya və Avropa dövlətlərinin antitürk koalisiyada birləşməsinə dair elmi ədəbiyyatda bir sıra fikirlər mövcuddur. Məsələn, görkəmli şərqşünas İ.P.Petruşevski XV əsrin 70-ci illərində Roma papası IV Sikst (1471-1484) tərəfindən osmanlılara qarşı Venesiya, Papalıq, Neapol, Macarıstan, Ağqoyunlu dövləti, Kipr və Qaramandan ibarət qüvvətli liqa yaradıldığını qeyd edir. Professor C.İbrahimov isə, əksinə, osmanlılara qarşı ittifaq yaratmaq planının, ümumiyyətlə, baş tutmadığını yazır. O, bu fikri əsaslandırmaq üçün "türk təhlükəsi”nə qarşı mübarizə aparan dövlətlər arasında kəskin ziddiyyətlər olduğunu göstərir., lakin təəssüf ki, bu ziddiyyətləri konkretləşdirmir.

Əlbəttə, XV əsrin II yarısında Osmanlı imperiyasına qarşı Asiya və Avropa dövlətlərinin vahid hərbi-siyasi koalisiyasının yaranması tarixi faktdır. Özü də bu fakt konkret sənədlərlə sübut olunur. Yuxarıda bu məsələdən geniş bəhs etdiyimizdən biz bir daha həmin məsələ üzərinə qayıtmağa ehtiyac duymuruq. Lakin, antitürkiyə koalisiyası, İ.P.Petruşevskinin israrının əksinə olaraq, "qüvvətli liqa”da deyildi. Bunu hə şeydən əvvəl, hadisələrin sonrakı gedişi, daha doğrusu, real tarix sübut edit. Çünkü, Ağqoyunlu dövləti əldə olunmuş razılığa əsasən, 1472-ci ildə Türkiyəyə qarşı müharibəyə qalxdıqda onun qərbdəki müttəfiqləri, hətta osmanlılarla müharibə vəziyyətində olan Venesiya respublikasının özü belə, Uzun Həsən qoşunları ilə eyni zamanda hərbi əməliyyata başlamadılar. Bunun başlıca səbəbi antitürkiyə blokunun qərbdəki üzvləri arasında olan dərin mənafe ziddiyyətləri idi.

Bəzi faktlara müraciət edək. Əvvəla, Osmanlı imperiyasının real təhlükə törətdiyi İtaliya haqqında. Bəhs etdiyimiz dövrdə İtaliya vahid, mərkəzləşmiş dövlət halında birləşməmişdi. Dərin siyasi pərakəndəlik dövrü keçirirdi. İnkişaf etmiş İtaliya şəhər-respublikalarının iqtisadiyyatı daxili bazara deyil, xarici ticarətə, xüsusən, Şərq ticarətinə əsaslanırdı.Şərq bazarları üstündə rəqabət isə İtaliyada daxili münasibətlərə də fəal təsir göstərir, pərakəndəliyi daha da dərinləşdirir, hətta, ayrı-ayrı İtaliya dövlətləri arasında müharibələrə gətirib çıxarırdı. Bu baxımdan Venesiya, Genuya, Florensiya və Piza şəhər-dövlətləri arasında kəskin ziddiyyətlər vardı. Venesiya respublikası özünün yuxarıda göstərilən ticarət rəqiblərini şərq ticarətindən sıxışdırdığı üçün onlar Osmanlı imperiyasının Venesiya üçün törətdiyi təhlükəni sevinclə qarşılayırdılar. Genuya, Florensiya və b.şəhər-dövlətlər yaranmış vəziyyətdən istifadə edib Venesiyanı Şərq ticarətindən sıxışdırmağa və özlərinin keçmiş üstünlüklərini bərpa etməyə çalışırdılar. Məsələn, Genuya özünün Şərq ticarətində əsas rəqibi olan Venesiyanı zəiflətmək üçün hələ Konstantinopolun alınmasında II Mehmedə yaxından kömək etmiş, osmanlı sultanı isə elə şəhəri fəth etdiyi gündəcə - 1453-cü il mayın 29-da Genuya hökumətinə bildirmişdi ki, genuyalıların sərbəst ticarəti və əmlaklarının toxunulmazlığı təmin olunacaqdır. 1460-cı ildə Florensiya və Piza da Türkiyə ilə müqavilə bağlayaraq bu ölkənin ərazisində bir sıra ticarət imtiyazları, həmçinin İstanbulda konsul saxlamaq hüququ əldə etdilər. 1461-ci ildə Venesiya-Türkiyə mühasibətləri kəskinləşdikdə İstanbuldakı Florensiya konsulu bundan istifadə etdi; venesiyalılar şəhərdən qovuldular, onlar məxsus ticarət məhəlləsində Florensiya tacirləri yerləşdirildi. 1463-cü ildə osmanlıların Bosniyanı fəth etməsi nəticəsində Venesiyanın Adriatik sahilindəki mülkləri işğal olunmaq təhlükəsi qarşısında qaldığı üçün Florensiya bu hadisəni sevinclə qarşıladı. Florensiya və Genuya 1463-1479-cu illər Venesiya-Türkiyə mühasibəsində Venesiyanın məğlubiyyətinə nail olmaq üçün Osmanlı dövləti ilə fəal əməkdaşlıq edirdilər. Venesiyanın Çimali İtaliyada genişlənməsindən narazı qalmış Milan hersiqluğu da 1463-1479-cu illər Venesiya-Türkiyə mühasibəsindən istifadə edərək Venesiyanı Şimali İtaliyadan tamamilə sıxışdırıb çıxarmağa çalışırdı. Osmanlı imperiyasına qarşı eyni ittifaqa daxil olmalarına baxmayaraq, Venesiya ilə Neapol krallığı arasındakı münasibətlər də gərgin idi. Bu iki dövlət Aralıq dənizi hövzəsi və Balkan yarımadasında, xüsusilə, Albaniyada möhkəmlənmək üstündə rəqabət aparırdılar.

Antitürkiyə blokunun Avropadakı üzvlərindən biri, özü də II Mehmedin hərbi müvəffəqiyyətləri yolunda ən ciddi maniələrindən biri olan Macarıstan krallığına gəldikdə, bu dövlət Matyaş Hunyadinin (1458-1490) zamanında, xüsusi ilə fəallaşmışdı. Matyaş Nunyadi Sultan II Mehmedin Serbiya və Bosniya torpaqlarını işğal etməsindən narazı idi. O, həmin əraziləri özü zəbt edib Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışırdı. Bu isə Neapol krallığı və Venesiyanın müvafiq siyasətinə zidd idi.

Öz növbəsində Roma papaları da katolikliyi yaymaq pərdəsi altında, Balkan yarımadasında möhkəmlənməyə çalışırdılar. Bu baxımdan Papalıqla Venesiya, Neapol və Macarıstan arasında da mənafe ziddiyyətləri vardı.

Osmanlı imperiyasının hərbi müvəffəqiyyətləri Polşanı da təşvişə salmışdı. 1475-ci ildə Krım xanlığının osmanlılardan asılı dövlətə çevrilməsi və Türkiyənin Qara dənizdə möhkəmlənməsi nəticəsində Polşanın Qara dəniz vasitəsi ilə şərq ölkələri ilə ticarət əlaqələrinə ağır zərbə dəydi. Buna görə də Polşa Türkiyə əleyhinə danışıqlarda iştirak etsə də, Osmanlı imperiyası kimi qüdrətli dövlətlə üz-üzə gəlməkdənsə, Baltik ticarətini genişləndirməyi, Ukrayna və Belarusiya torpaqları hesabına Şərqə doğru genişlənməyi daha üstün tutdu.

Roma papaları Almaniyanı da Türkiyəyə qarşı "səlib müharibəsi”nə qaldırmağa cəhd göstərdilər. Lakin bu zaman bir-birinin ərazisi hesabına genişlənmək üstündə knyazların didişdiyi Almaniyada imperator hakimiyyəti zəifləmişdi.

Mənbələrdə XV əsrin II yarısında Burqundiya hrsoqluğunun da osmanlılara qarşı müxtəlif dövrlərdə, o cümlədən, ağqoyunlularla danışıqlar aparması haqqında məlumat vardır.

Ağqoyunlu-Avropa əlaqələri
 

Ağqoyunlu-Avropa əlaqələri
 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.