[/b]
"Tarix müəllim deyil, nəzarətçidir, o heç nə
öyrətmir, ancaq dərsi
bilmədiyimizə görə bizi cəzalandırır”.
V. O. Klyuçevski
Azərbaycanın zəngin milli dövlətçilik
tarixinin ən mühüm mərhələlərindən biri
də xanlıqlar dövrüdür. Xanlıqların dövlət atributlarını müəyyənləşdirən
simvollar (rəmzlər) arasında taxt, tac,
möhür, qılınc, pul vahidi, bayraq, döyüş
bayrağı, bunçuk və tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar
mühüm yer tutur. Hər bir bayraq həm də, mənsub olduğu dövlətin coğrafi məkanı,
təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün, dünyagörüşünün miqyası haqqında məlumat məcmuəsidir. Müasir Azərbaycan
tarixşünaslığında milli dövlətçilik və onun atributları ilə bağlı bir sıra
dəyərli tədqiqat əsərləri nəşr olunsa da, hələ də bu sahədə öz həllini gözləyən
bəzi məsələlər vardır. Sovet hakimiyyəti
illərində Azərbaycan xanlıqlarının bayraqlarına düşməncəsinə münasibət bəslənilməsi
nəticəsində onlar itib-batmış, yaxud muzeylərin məxfi fondlarında
gizlədilmişdir. Məhz bu səbəbdən, P.Gözəlovun "Azərbaycan xanlıqlarının
bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində, Bakı,
2010) adlı monoqrafiyasında qeyd edildiyi kimi, təəssüf ki, Qarabağ, Naxçıvan,
Şamaxı, Dərbənd, Quba və digər Azərbaycan
xanlıqlarının dövlət bayraqlarının axtarışı lazımi səviyyədə aparılmadığından
indiyədək tapılmamışdır. Bu gün
Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının bayrağı kimi respublika ictimaiyyətinə təqdim olunan bayraq, bir çox mənbələrdə qeyd edildiyi
kimi, 1807-ci I ildə Rusiya
imperatoru I Aleksandr tərəfindən
Qarabağ xanı Mehdiqulu xana hədiyyə
edilən bayraqdır. Bu bayrağın
Qarabağ torpaqlarında görünməsi,
onun Qarabağ xanlığının tarixi ilə nə dərəcədə bağlı olub-olmaması məsələlərinə bir daha nəzər salaq. 1804-1813- cü illərdə baş vermiş Rusiya-İran müharibəsinin gedişində, 14 may
1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci
maddəsində oxuyuruq:
" İmperator
əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun
varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini
üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun
yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq
və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır”. Müqavilədə, həmçinin, xanlığın idarəsinin
irsi, böyüklüyə görə nəsildən-nəslə keçməsi
və bunun çar tərəfindən təsdiq edilməsi də nəzərdə tutulurdu. Qarabağ
xanı İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik və
vəliəhdlik adını böyük oğlu Məhəmmədhəsən ağaya vermişdir. Lakin Məhəmmədhəsən
ağa, hələ İbrahimxəlil xanın sağlığında, 1806-cı ıl fevralın 24-də vəfat
etmişdir. Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusunun zabiti, mayor Lisaneviç tərəfindən
qətlə yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin
etmək problemi çıxdı. Xanın digər oğlanları arasında ən böyüyü Mehdiqulu ağa
idi və çar hökuməti 10 sentyabr 1806-ci ildə varislik və vəliəhdlik
sənədini xanlıq möhürü ilə birlikdə ona
verdi. Bəzi mənbələrdə qeyd olunur ki, guya xanın böyük oğlu Cəfərqulu ağanın
onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı,
bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəfinə çəkmək üçün
ona Qarabağın idarə olunması haqqında fərman təqdim etmişdir. Sonralar Mehdiqulu xan İrana qaçdıqdan sonra
Rusiya hökuməti tərəfindən oğlu Kərim Cavanşirlə birlikdə Simbirskə sürgün edilən
Cəfərqulu aga 1827- ci ildə I Nikolaya yazdığı məktubunda bildirirdi ki, İbrahimxəlil xan qətlə yetirildikdən
sonra vəliəhdin oğlu olduğu üçün, xan taxtı ona çatmalıymış, lakin rus
komandanlığı yanlış addım ataraq
Mehdiqulu xanı hakimiyyətə gətirmişdir.
Əslində isə Cəfərqulu ağa İbrahimxəlil xanın deyil, öznün də qeyd etdiyi kimi, vəliəhd Məhəmmədhəsən xanın oğludur və Məhəmmədhəsən
xan hələ İbrahimxəlil xanın sağlığında vəfat etdiyinə görə, Kürəkçay müqaviləsinə əsasən xanlıq ona deyil, Mehdiqulu
xana çatmalı idi. Kürəkçay müqaviləsində qeyd olunan bayraq çar Rusiyası
tərəfindən 1807-ci ildə Mehdiqulu
xana təqdim edildi.
Bayraq (ölçüləri 115 x 100 sm) zamanın
təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər
iki üzündəki təsvirlər eynidir. Hər
iki tərəfdə Rusiya imperiyasının gerbi
təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və
caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və
başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük
tac qızılı rəngdədir. Tacların üstü
göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı
haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ,
qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi- Müqəddəs Müzəffər Georginin
əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta
tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar
salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında
olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.
I
Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu

Moskva çarının 1693-cü ilə aid bayrağı x ana 1807-ci
ildə verlmiş bayraq (bərpa
olunmuş variantda Rusiya imperiyası tərəfindən bayraq əta edilməsi təkcə Qarabağ xanlığı ilə məhdudlaşmamışdır.

Aşağıdakı təsvirlərdə Naxçıvan xanlığnın
işğalından əvvəlki və sonrakı dövrlərdə
Kəngərli süvarilərinə aid bayraq nümunələri verilmişdir. Təsvirlərdən göründüyü kimi, Naxçıvan Kəngərlilərinin batalyonunun 1827
–ci ilə aid bayrağı istisna olmaqla, digər
bütün bayraqlarda əsas elementlər, demək
olar ki, eynidir. Əslində bu, Rusiya
imperiyasının əsarət altına aldığı xalqların dövlətçilik ənənələrini məhv etmək, onları
öz bayrağı altına toplamaq cəhdindən başqa bir
şey deyildir. Çox təəssüf ki, bəzi alimlərimiz I Aleksandr
tərəfindən Mehdiqulu xana verilmiş bayrağı köləlik simvolu kimi qiymətləndirmək
əvəzinə, bu bayraqla
tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcüd
olmuş bəzi dövlətlərin
bayraqları arasında "varislik əlaqələri” axtarışına çıxmışlar. Qaynaqların verdiyi məlumata görə, Qarabağ xanlığının öz bayrağı olmuşdur.
Qarabağ xanlığının bizə məlum olan dövlət atributlarına, tarixi mənbələrə
diqqətlə nəzər saldıqda, zənnimcə
, Qarabağ xanlığının bayrağı hər birimizin
gözü qarşısında canlanacaqdır.
İlk növbədə "Pənahabad” adlanan gümüş pulun təsvirinə nəzər salaq: Qarabağ xanlığında
Pənahabad adlanan pul.
Mirzə Adıgözəl bəy "Qarabağnamə” əsərində yazırdı: "mərhum
Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”.
Düşünürəm ki, bu bir cümlə
Qarabağ xanlığının bayrağının mahiyyətini dərk etmək üçün açar rolunu oynayır.
Burada "dövlət günəşi” ifadəsi bayrağın üzərindəki doğan günəş
təsvirinin ifadəsidir. Heraldikada
"əbədi, daimi, sonsuz həyat” rəmzi
kimi, günəş geniş istifadə edilən əsas fiqurlardan biridir, adətən,
doğan və ya batan günəş təsvirlərindən istifadə edilir.
Bir qayda olaraq günəş qızılı rəngdə verilir, şüalarının
sayı müxtəlif sayda olsa da, 16-dan çox olmur. Azərbaycan Respublikasının Dövlət
Gerbi üzərindəki qızılı rəngli 8
düymə də günəş şüaları kimi qəbul olunur.
Bu gün günəş təsvirini Nepal, Argentina, Qazaxstan, Makedoniya
Respublikası, Uruqvay, Malayziya,
Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin yuxarıda
xatırladılan cümləsindəki
"şövkət” ifadəsi "əzəmət, qüdrət, güc” şir rəsmini ifadə edir.
Dünya heraldikasında şir təsvirləri qoruyucu funksiyasını, dövlətin hərbi
gücünü də əks etdirir. Bayrağın hərbi əhəmiyyətini xüsusi
vurğulayan tədqiqatçılar onun döyüş meydanında oynadığı mühüm rolu da
qeyd edirlər. Türk dünyasının
təkraredilməz abidəsi olan
"Kitabi-Dədə Qorqud" dastanında düşmən hücumunun qarşısını ala
bilən Salur Qazanın qardaşının "Kafərin tuğilə sancağı (yəni bayrağı)
qılıncladı"ğı və "yerə
saldı"ğı göstərilir. Bu isə
düşmənin məğlub edilməsi demək idi. Ölkəmizin müxtəlif guşələrində,
xüsusilə, Bakı şəhərində daha tez-tez rastlaşdığımız qoruyucu sayılan şir
heykəlləri qədimdə daha çox sarayların və evlərin giriş qapılarında qoyulurdu.
Bu heykəllər giriş və dəhlizin sağında, solunda sıra ilə düzülürdü. Hətta qədim
şumerlər pəncərənin üstündə də şir başları qoyurdular ki, pis ruhlar guya
oradan evə girməsinlər. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda
Səfəvilər dövlətinin, İrəvan xanlığının, Nadir şah Əfşarın
imperiyasının dövlət rəmzlərində də
günəş və sir təsvirlərinin
əsas yer
tutduğunun şahidi oluruq.
Səfəvilər dövlətinin gerbi
II Şah İsmayılın dövründə
Səfəvilər dövlətinin bayrağı.
İrəvan xanlığının bayrağı
Nadir şah Əfşarın qəbul
etdiyi bayraq.

Mürzə
Adıgözəl bəyin ifadəsində diqqəti cəlb edən məqamlardan biri də
"riyasət üfüqündən” sözləridir. Çox şübhəsiz ki, "riyasət” ifadəsi
bayrağın mərkəzində dövlətin qoruyucusu kimi mövqe tutan şir təsvirinə
bir işarədir. Pənahabad adlanan pulun üzərindəki günəşin tutduğu mövqeyə bir
daha diqqət yetirildikdə, Azərbaycan
tarixçisinin geniş təfəkkür sahibi olduğu bir daha meydana çıxır.
Bu
gümüş pulun üzərində qızılı rəngli
düymələr də əks olunmuşdur. Pulun üzərində günəş təsviri verildiyinə görə
həmin düymələr günəşin təcəssümü ola bilməz. Yenə də köməyimizə
Mirzə Adıgözəl bəy çatır. Görkəmli tarixçinin ifadəsini bir daha
xatırlayaq: ”mərhum Pənah
xan Cavanşirin dövlət günəşi və şövkət
bayrağı riyasət üfüqündən baş vurub
Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”. "Qarabağ
vilayətinin bütün sahəsini” –zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər. Bu düymələr Qarabağ xanlığını
təşkil edən mahalların sayını
göstərir. Tarixi mənbələr sübut edir ki,
heraldika tarixində həmin dövrə aid ayrı-ayrı dövlətlərin ərazi vahidlərinin
sayını həmin dövlətlərin
bayraqlarında əks etdirən elementlərin əks
olunması faktları heç də az olmamışdır.
Pulun kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir. Qeyd olunanlar əsasında gözlərimiz önündə
Qarabağ xanlığının bayrağını canlandırsaq, bu bayraqla Səfəvilər dövlətinin
bayrağı arasında varislik əlaqəsini görmək
mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının bayrağında
şir təsvirinin istiqaməti fərqlidir və bu bayrağa düymə təsvirləri əlavə
olunmuşdur. Səfəvilər dövlətinin 235 illik dövlətçilik ənənələrini, 1736-cı ildə
Muğan qurultayında şah seçilən Nadir tərəfindən Səfəviləri
müdafiə etdiklərinə görə Qarabağın
Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoğlu, baharlı tayfalarının ciddi cəzalandırılmasını, onların arasında
Qarabağ xanlığının banisi Pənahəli xanın da olduğunu nəzərə alsaq, hər
iki dövlətin bayraqları arasındakı oxşarlığın heç də təsadüfi olmadığı qənaətinə
gəlmək mümkündür.
İnanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı
tarixi Azərbaycan bayraqları arasında öz layiqli yerini tutacaqdır.
[b]


Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
Rəylərin sayı:.