QALİLEY

QALİLEY

 

QALİLEY

Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer Kainatın mərkəzidir, Günəş, Ay, planetlər və ulduzlar onun başına dolanır. Əsrlər boyu insanlar Ptolemeyin təlimini yeganə düzgün təlim hesab etmişlər. Bu təlim keşişlərin və rahiblərin dünyanın yaranması haqqında dini təsəvvürlərinə uyğun gəldiyi üçün kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. 
Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında kitab yazdı, amma kilsədən qorxduğu üçün kitabını çox gec, 70 yaşı olandan sonra ortaya çıxardı. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da bildirdi ki, Günəş Yerin ətrafında deyil, Yer Günəşin ətrafında fırlanır. Buna görə cəsur və üsyankar alimi 1600-cü ildə Romada kitabları ilə birlikdə tonqalda yandırdılar. 
Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa başlayanda vəziyyət belə idi. Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çıxarmağı bacaran qəribə adam idi. O, saat kəfkirinin necə yelləndiyini, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə edən mühüm qanunlar kəşf etmişdi. 
Bir dəfə Qaliley öyrəndi ki, Hollandiyada müşahidə borusu ixtira edilib. Alim fikirləşdi: "Belə borunu gecə səmaya yönəltmək olmazmı?” Bu, cəsarətli fikir idi. Axı ruhanilər təlqin edirdilər ki, adamlar "Allahın işlərinə” nəzər salmamalıdırlar
Beləliklə, Qaliley teleskop icad etdi. Ulduzlu gecələrdə onu səmaya tuşlayaraq bir çox maraqlı şeylər öyrəndi. Alim gördü ki, Süd Yolu saysız-hesabsız ulduzlardan ibarətdir. Qaliley Ayda dağlar, kraterlər gördü. Ay Yerin ətrafında dolandığı kimi, Yupiter planetinin ətrafında da dörd peyk dövr edirdi. Deməli, Yer heç də kainatın mərkəzi deyilmiş, Kopernik və Bruno haqlı imişlər!
Gündüz isə o, şüşəni hisə verməklə Günəşə tamaşa edirdi. Burada da hər şey qəribə idi. Günəşin üzərində ləkələr vardı. Zaman keçdikcə onlar Günəş diski boyunca yerini dəyişirdi. Deməli, Yer kimi, Günəş də öz oxu ətrafında fırlanır!

QALİLEY

 


2. Hər hansı yumru əşyadan istifadə etməklə sonuncu abzasda ifadə olunmuş fikri əyani şəkildə nümayiş etdirin.


Qaliley "Ulduz müjdəçisi” adlı kitabında müasirlərini özünün qəribə kəşflərindən xəbərdar etdi. Bundan duyuq düşən keşişlər alimi allahsızlıqda təqsirləndirərək dəhşətli kilsə məhkəməsinə inkvizisiyaya çağırıb hədələdilər. Əslində, Qaliley dindar idi, amma hesab edirdi ki, Allah insana hissiyyatı, nitq bacarığını və zəkanı verdiyinə görə bunlardan ən faydalı şəkildə istifadə olunmalıdır. Qaliley bilirdi ki, həqiqət kilsə kitablarında deyil. O deyirdi ki, əsl həqiqət həmişə gözlərimiz qarşısında olan böyük bir kitabda yazılmışdır. Bu kitab kainatın, təbiətin özüdür. 
Qaliley nə gördüsə, nə düşündüsə, hamısını yeni kitabında yazdı. Lakin kilsə həmin kitabı qadağan etdi. Alimi həbsxanaya saldılar, işgəncə ilə hədələyərək Kopernikin təlimini inkar etməyi tələb etdilər. Qaliley çox fikirləşdi. Nə etsin? Dediklərindən dönməyərək həmvətəni Bruno kimi edam edilsin? Bəs bütün kopernikçilər məhv olsalar, yeni ideyaları insanlara kim çatdıracaq? Həyatını xilas etmək üçün 69 yaşlı Qaliley otuz üç il əvvəl Cordano Brunoya ölüm hökmü oxunan yerdə dizi üstə çökərək ona verilən imtina mətnini təkrar etdi. Deyirlər, məhkəmə qurtarandan sonra alim dodağının altında demişdi: "Onsuz da o (Yer) fırlanır”. Gözləri yaxşı görməyən bu qoca – böyük fizik, astronom, musiqiçi, rəssam və yazıçı bundan sonra düz doqquz il – ölən günə qədər ev dustağı oldu. 
Qalileyin ölümündən 350 il sonra kilsə səhv etdiyini boynuna aldı.
Reyhan Yusifqızı
 

QALİLEY

 








Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 yanvar 2015 13:24
    Maraqlı məqalədir,təşəkkürlər.

    --------------------

  2. 17 yanvar 2015 16:50
    tesekkur Alisoy smile

  3. 20 yanvar 2015 11:10
    Tesekkurler,Alisoy.Cox maraqlidir... lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.