Çıraqqala

 

Çıraqqala

17 bürclü qala

Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib. Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.
Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.
Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə o qalalardan fərqlənir.

 

                      Çin səddindən sonra dünyada ikinci böyük sədd

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Uzunluğu 120 km olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Gilgilçay səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib. Bir vaxt Bakı-Rostov şəhərlərarası şosse yolunun genişləndirilməsi ilə bağlı bu nadir abidələrin bir qismi dağıdılıb.

Çıraq-Qala Azərbaycan

 

Çıraqqala - Şabran rayonunun (keçmiş Dəvəçi rayonunun) təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini bu günümüzə qədər yaşatmaqdadır.


Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub.
Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, "Çıraqqala" isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında "Çıraqqaya" adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.
Çıraqqalanın sıldırım qayalara doğru uzanan və dördbucaq formasında tikilən hissəsində 12 bürc varmış. İndi həmin bürclərin ancaq üçü salamat qalıb.
Azərbaycan prezidenti Heydər Əliyevin müvafiq sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi - qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir.

 

Çıraqqala tarixi mənbələrdə

Tarixi mənbələrdə Çıraqqala haqqında müxtəlif versiyalar var. Bu müdafiə istehkamı haqqında məlumat verən ərəb tarixçisi Əl Bəlazuri (IX əsr) "Kitab Fütih Əl-Buldən” ("Ölkələrin Fəthi” kitabı) adlı əsərində yazır ki, Sasani şahı Qubad Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi. Digər ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-cü illər) əvvəl də Kaspisahili müdafiə sədləri olub. Deməli, "Uzun divarlar” adlanan bu sədd eramızdan əvvəllər də mövcud olub. Fransız səyyahı Vilhelm Rubrik (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük”.
Çıraqqalanın tarixinə gəlincə, tarixçilər belə güman edirlər ki, qala böyük ehtimalla, eradan əvvəl IX-VIII əsrlərdə Manna dövründə tikilib. Bu barədə Aşşur və Urartu mənbələrində də məlumat verilir.
Qalanın XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan xəbəri digər qala və məntəqələrə çatdırılarmış. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında "Çıraqqaya” adlanır.

 

Çıraqqala

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 aprel 2012 19:42
    Muellim sizde bizim saytn ciraqsinz.

  2. 21 aprel 2012 20:52
    Teshekkur edirem HERODOT meni saytin meqsedine bir ishiq gorseden istifadeci kimi qiymetlendirdiyiniz ucun !

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.